Əkbər Hacıyevdən QALAN PROBLEMLƏR

“Azəriqaz”ın yeni rəhbəri onları aradan qaldırmaq üçün imkanlardan bəhrələnəcəkmi?
Rubrika.Az musavat.com-a istinadla bildirir ki, bugünlərdə SOCAR prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Digər sərəncamla onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib. R.Abdullayevin digər əmri ilə Ə.Hacıyev Qaz İxrac İdarəsinin rəisi təyin olunub.
Əksəriyyət bu təyinatların Ə.Hacıyevin “Azəriqaz”a rəhbərliyi dövründə yaranan böyük narazılıqlarla bağlı olduğu qənaətindədir. Belə ki, Azərbaycanda istehlakçılara verilən təbii qazın keyfiyyətsizliyi, təzyiqin aşağı olması, xüsusilə qış aylarında saatlarla fasilələrin yaranması uzun illərdir əhalini narahat edir. İnsanların qaz təchizatı sahəsində yaşadığı problemlər ölkə rəhbərliyinin diqqətinə çatdırılıb. Bu, prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından aydın olur. Həmin çıxışda prezident “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətini tənqid edib.
Prezident bildirib ki, qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər aparılır: “Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. Eyni zamanda ”Azəriqaz" tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır".
Prezidentin dilə gətirdiyi problemlər vətəndaşlar tərəfindən sosial şəbəkələrdə geniş müzakirə olunurdu. “Azəriqaz” “Qaz təchizatı haqqında” Qanunun, Nazirlər Kabinetinin 80 saylı qərarının bir neçə maddəsini pozurdu.
2017-ci ildə SOCAR vitse-prezidenti Rəhman Qurbanovun təsdiq etdiyi “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair Metodiki tövsiyələr”ə abonentə cərimə tətbiq olunarkən dəymiş ziyanın 90 gün ərzində sərf olunan qaz həcmində hesablanması nəzərdə tutulsa da, Ə.Hacıyev tərəfindən hazırlanan qaydalarda bu, 180 günlə əvəz olunmuşdu. Bundan əlavə, qazpaylayıcı ilə abonent arasında bağlanmış müqavilənin 2.1.1. bəndinə zidd olaraq (istehlakçını nominal təzyiqdən aşağı olmamaqla keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək) qaz abonentlərə (xüsusən də qış aylarında) fasilələrlə, aşağı təzyiqlərlə verilir. Qaz kəsilir, veriləndə isə 15-20 dəqiqə sistemə yüksək təzyiqlə hava vurulur. Nəticədə, qaz sayğacları sürətlə fırlanaraq faktiki olaraq hava üçün pul yazır. “Azəriqaz” rəsmiləri hava vurulmasının vətəndaşların təhlükəsizliyi üçün həyata keçirildiyini bildirsələr də, müstəqil mütəxəssislər hesab edirlər ki, məqsəd yalnız bu deyil.
“Azəriqaz” sistemində narahatlıq doğuran başqa bir məsələ qaz itkisinin yüksək həcmdə olmasıdır. Belə ki, rəsmi mənbələrin hesabatlarında qaz təchizatında böyük miqdarda qaz itkisinin olduğu qeyd olunur. 2016-cı ildə audit şirkəti “Ernst & Young” və ölkənin Hesablama Palatası “Azəriqaz”da yoxlama apararkən bir çox qüsurlarla yanaşı, istehlakçıların qazla təminatı zamanı böyük qaz itkilərinin də olduğunu qeyd etmiş və itkilərin aradan qaldırılması üçün həmin qurumlar tərəfindən təklif və göstəriş də verilmişdi. Rəsmi məlumata görə, qaz itkiləri əsas etibarı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaranır. “Azəriqaz” rəhbərliyi bu ərazilərdə qaz təchizatı sisteminin böyük hissəsinin 1960-1980-ci illərdə qurulduğunu bildirir. Son illərdə bu şəbəkələrin yenilənməsi üçün irihəcmli vəsaitlər ayrılsa da, qaz təchizatında fasilələrin yaranması, yaxud təzyiqin aşağı olması halları indi də davam edir.
Mütəxəssislər qaz təchizatında itkilərin çox olmasının bir neçə mühüm səbəbini deyirlər. Bura qaz uçotu işinin düzgün qurulmaması, bir çox iri müəssisələrə qeydiyyatsız qazın ötürülməsi, sayğacların xarab olması (əhali üçün quraşdırılan əksər G-4 markalı qaz sayğacının istismar müddəti 5 ildir. Faktiki isə əhalinin istifadəsində olan sayğacların 70 faizdən çoxu 6 ildən yuxarıdır ki, quraşdırılıb. Köhnəlmiş sayğaclar sistemə tam təmizlənməmiş qazın vurulması nəticəsində sıradan çıxır, yaxud hesablamada yanlışlıqlar meydana gəlir.
2017-ci ildə Ə.Hacıyev əhalidə ciddi narazılıq yaradan daha bir addım atıb: Bakıda və rayonlarda əhaliyə qanunsuz və böyük həcmdə cərimələr tətbiq olunub. İstismar müddəti 5 il olan sayğaclara 6 ildən sonra müdaxilə adı altında cərimələr yazılırdı. Abunəçilər kütləvi şəkildə məhkəmələrə müraciət edərək cərimələrin ləğvinə nail olduqdan sonra bu proses dayandırıldı.
Prezidentin tənqidindən sonra məlum oldu ki, Hesablama Palatası bu il “Azəriqaz”da yoxlama aparmağı planlaşdırır.
Qeyd edək ki, son 2-3 gündə müşahidə olunan kəskin hava şəraiti yenidən bir sıra ərazilərdə qaz təchizatında problemlərlə müşayiət olundu. Sosial şəbəkələrdə qazın təzyiqinin aşağı olması, yaxud tamamilə kəsilməsinə dair narazılıqlar dilə gətirildi, müzakirələr açıldı. Düzdür, bu il əvvəlki illərə nisbətən belə narazılıqlar bir qədər azalıb, lakin Bakıətrafı qəsəbələrdə, Sumqayıt tərəflərdə yaşayan vətəndaşlar həmin ərazilərdə problemlərin aradan qalxmadığını bildirirlər.
Beləliklə, “Azəriqaz”ın yeni rəhbərinin üzərinə böyük məsuliyyət düşür: Ə.Hacıyevin dövründə yığılmış çoxsaylı problemləri, əhalinin narazılığına səbəb olan halları aradan qaldırmaq, şəbəkənin işindən dolayı narazılıqları önləmək. Yeni təyin oluna sədrin “Azəriqaz” sisteminə bələd biri olması bu sahədə daha səmərəli addımların atılmasına imkan yaradır. Yetər ki, bu imkanlardan bəhrələnməyə həvəs olsun...
RUBRİKA.AZ
Facebook-da paylaş





