Azərbaycan vətəndaşı Moskvada silah alverində ittiham olunur

Moskva polisi odlu silahın qanunsuz dövriyyəsində şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb.
Rubrika.Az Virtualaz.org-a istinadla bildirir ki, bu barədə “Moskva” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, noyabrın 11-də hüquq-mühafizə orqanlarının əməkdaşları Semenovskaya sahilində dörd Azərbaycan vətəndaşı olan avtomobili dayandırıblar.
“Avtomobildə axtarışlar aparılıb. Axtarışlar zamanı avtomobilin oturacağının altında Makarov tapançasına bənzər iki silah, 20-yə yaxın güllə tapılıb. 1985-ci il təvəllüdlü sürücü Dağıstan sakininin adına qeydiyyata alınmış "Audi A6" markalı avtomobilinin sənədlərini təqdim edib. Şəxsi axtarış zamanı sürücünün şalvarının kəmərində daha bir silah aşkarlanıb”, - deyə polisdən bildirilib.
Axtarışlar zamanı qanunsuz silah-sursat ələ keçirilib. Polis əməkdaşları tapança və sursatlarını xüsusi istintaqa göndəriblər.
Azərbaycanlıya silah alverinə görə cinayət işi açılıb. Faktla bağlı istintaq davam edir.
Rubrika.Az
Facebook-da paylaş











