“Erməni soyqırımı” layihəsi bloklandı - Türkiyəyə təhlükə sovuşdumu?

Ekspertlər situasiyanı şərh edirlər
Rubrika.Az musavat.com-a istinadla bildirir ki, ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Osmanlı İmperiyasında illər öncə olduğu qəbul edilən qondarma “erməni soyqırımı”nı bloklayıb. Qrem senatorun bütün palata tərəfindən qəbul olunan qətnaməni blok edə bilmək hüququndan istifadə edib. “Biz Türkiyə dövlət başçısı və ABŞ rəhbəri ilə görüşüb, Suriyada qarşılaşdığımız problemlərlə bağlı müzakirələr apardıq. Ümid edirəm ki, Türkiyə və Ermənistan problemlərinin birgə həlli mümkündür”, - deyə senator bildirib.
Trampın həmfikri kimi tanınan Qrem senatorlara müraciətlə deyib ki, tarixi yenidən yazmaq lazım deyil. Qremə artıq dəstək gəlib.
“Senator Lindsi Qrem hərəkətləri ilə tarixi faktları müdafiə edir və dünya tarixini həqiqətən bilən, anlayan və erməni təbliğatının və onun dezinformasiya maşınının qurbanı olmayan ABŞ qanunvericilərinin və senatorlarının da olduğunu nümayiş etdirir”. Bunu amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys ABŞ Konqresində senator Lindsi Qrem tərəfindən “erməni soyqırımı”nın tanınmasına dair qətnamənin bloklanmasını şərh edərkən deyib.
“Cənubi Karolina ştatından olan senator Lindsi Qrem həmişə ABŞ-Türkiyə ittifaqını dəstəkləyib. Güclü, fəal liderliyi və ardıcıllığı onu hər zaman müstəsna senator edib”, - P.Teys bildirib. Ekspert vurğulayıb ki, “erməni soyqırımı”nın tanınmasına qarşı çıxan L.Qremin hərəkətləri çox yüksək qiymətləndirilir. Qeyd edək ki, ötən həftə daha bir senator - Devid Perdyü uydurma soyqırım sənədinə veto qoyaraq həmkarı Qremi dəstəkləyib.
Bəs Türkiyə üçün “soyqırım” təhlükəsinin sovuşduğunu söyləmək olarmı?
Hüquqşünas Əlövsət Allahverdiyev Türkiyə üçün təhlükələrin hər zaman qaldığını qeyd etdi: “Senator Bob Menendezin erməni soyqırımını tanımaq barədə qətnamənin qəbul edilməsini xahiş etməsi bütün türk dünyasını narahat edən məsələlərdən biridir. Demək olar ki, bu, senator Menendez tərəfindən 2006-cı ildən bəri davam edir. O, Senatın qətnamə qəbul etməsinin qarşısını aldıqdan sonra da danışdı və Senat yığıncağında ”erməni soyqırımı"nı tanımayanların üzə çıxarılmasını davam etdirəcəyini elan etdi. Davamınca respublikaçı senator Lindsey Gremin sənədə veto qoyması (veto - müasir dövlətlərdə hər hansı hakimiyyət orqanlarının qərarını dayandıran və ya onun qüvvəyə minməsinə yol verməyən hüquqi aktdır) bir qədər bizi sevindirir. Amma bununla nəyəsə nail olmaq olarmı? ABŞ qanunvericiliyinə əsasən Senatda hər hansı qanun layihəsinin qəbulu üçün 100 senatordan üçdə ikisinin səsi lazımdır. Hər hansı senatorun qanun layihəsinə və ya qətnaməyə veto qoymaq hüququ var. Amma bu, o demək deyil ki, qoyulmuş veto qətnamənin qəbulunu əngəlləyəcək. Təbii ki, bir və ya iki senatorun veto qoyması məsələnin qarşısını ala bilməz. Lakin bu tam siyasi bir məsələdir, qətnamənin qəbul olunmaması ancaq siyasi səbəblərdən ola bilər. Təbii ki, sonralar Türkiyə üçün təhlükəli yol açacağı şübhəsizdir".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Senator Nümayəndələr Palatasından gələn qətnaməni bloklayırsa, bu, o deməkdir ki, təsdiqini tapmır. Senator bloklayır ki, ümumi səsverməyə də çıxarılmasın. Senatorun belə bir hüququ var. Bu əslində bizim və Türkiyənin işinə yarayır. Təsəvvür edin ki, Senatda respublikaçılar deyil, demokratlar çoxluq təşkil etsəydilər, vəziyyət Türkiyənin əleyhinə yönələ bilərdi. Amerikanın yaxın tarixinə baxdıqda görərik ki, orada prezidentlər respublikaçılar olduqda, yaxud Konqresdə onlar çoxluq təşkil etdikdə, prezident və Konqres daha çox siyasi maraqlardan çıxış edirlər. Məsələn, Türkiyə və Azərbaycanla əməkdaşlığa önəm verirlər. Düzdür, onların içərisində də erməni lobbisinin təsirinə düşənlər var. Təsəvvür edin ki, ”erməni soyqırımı" qətnaməsinin qəbulu son olaraq, Nümayəndələr Palatasında səhv etmirəmsə, 405 səs toplamışdı. Bu deməkdir ki, respublikaçılarda onlara qoşulmuşdular. Respublikaçıların bir qismi Donald Trampla sıx əlaqədədirlər. Təsadüfi deyil ki, Tramp Ərdoğanla görüşdə 5 respublikaçı senator da dəvət etmişdi və onlardan biri də Qrem idi. Həmin görüş günü Qrem qondarma soyqırım qətnaməsini blokladı. Əvvəllər də belə hallar olub. Respublikaçılar Türkiyəni çox cəzalandırmaq istəmirlər. Mənim düşüncəmə görə, nə vaxtsa Senat qondarma soyqırımı qəbul edə, hətta prezident imza da ata bilər. Amma bu, heç nəyi dəyişməyəcək. Çünki Avropada “erməni soyqırımı”nı tanıyan dövlətlər azmı? Nə qazanıblar ki? Türkiyə öz yolu ilə gedir. Bu cür qətnamələrin Türkiyə üçün heç bir təsir gücü yoxdur".
Rubrika.Az
Facebook-da paylaş










