• Putin niyə Qərb tarixçilərindən narazıdır?

    Putin niyə Qərb tarixçilərindən narazıdır?

    Mübaliğəsiz, hətta birmənalı demək olar ki, II dünya müharibəsindəki qələbənin 75 illiyi yaxınlaşdıqca siyasi müstəvidə müharibə mövzusu daha çox yer tutur.

    Rubrika.Az musavat.com-a istinadən bildirir ki, maraqlı məqamlardan biri də budur ki, onu tarixçilərdən və yaxud da siyasi tarix üzrə mütəxəssislərdən daha çox fəaliyyətdə olan siyasətçilər və diplomatlar çək-çevir edirlər.

    Məhz bu minvalla Rusiya prezidenti polşalı diplomatları sual qarşısında qoydu və polyaklar hələ də düşünürlər ki, Rusiya tərəfinə necə cavab versinlər. Onlar on illərdir, konkret tarixi faktları yox, o vaxtki sovet rəhbərlərinin gizli niyyət və planlarını şərh edirlər.

    Bu baxımdan Rusiya prezidentinin ən sonuncu mətbuat konfransı xüsusilə diqqət çəkdi. Onu həm də ötən əsrin siyasi tarixinin bir təftişi adlandırmaq olardı.

    Dərhal demək olar ki, Rusiya prezidenti bu məsələdə təkcə müharibədə həlledici rol oynamış dövlətlərdən birinin başçısı kimi yox, həm də bir rus adamı və Rusiya vətəndaşı, eləcə də müharibənin bütün ağırlığını və qələbə sevincini, qürurunu bilavasitə taleyində yaşamış bir sovet adamı kimi çıxış edirdi.

    İnanın, Rusiya dövlətinin başçısının ötən əsrin böyük hadisələrinə, o cümlədən də faşizm üzərində qələbəyə münasibətinin bütün nüanslarını müəyyən etmək çox çətimdir.

    Ona görə də qərara gəldik ki, problemi bir neçə tərəfdən təhlil edək ki, onun bütün cəhətlərini çözə bilək.

    Elə bu səbəbdən əvvəlcə böyük yazıçı Aleksandr Soljenitsını yada salacağıq və bunun səbəbini bir az sonra izah edəcəyik. Dərhal qeyd edək ki, bizə bu böyük rus yazıçısının da siyasi baxışlarını xarakterizə və təsnif etmək olduqca çətindir. Kim olub o? Dissident – demokrat, yoxsa...

    Nə yaxşı ki, burada köməyimizə akademik D.S.Lixaçevin böyük rus şairi A.S.Puşkin haqqında dediyi sözlər gəlir. Lixaçev Puşkini azadlığın və imperiyanın nəğməkarı adlandırırdı...

    Yəqin eyni sözləri Soljenitsın haqqında da demək mümkündür: əlbəttə, o, cinayətkar bolşevik rejimini sevmirdi və onu əsərlərində daim ifşa edirdi. Amma bununla belə, Soljenitsın daha çox fövqəl-dövlətçi, böyük Rusiyanın patriotu və pərəstişkarı idi.

    İndi ən əsas məsələlərdən biri haqqında. Niyə biz Aleksandr İsayeviçi xatırladıq? Rusiya prezidenti onu özünün dostu adlandırır və sağlığında ona tez-tez baş çəkir, Rusiya və onun dünyadakı rolu və yeri haqqında söhbətlər edirdi və biz də vaxtilə bu verilişləri böyük həvəslə seyr edərdik, ona görə ki, birinci, əsas rus siyasətçisini, özü də çox ziddiyyətli bir adam olan Putini başa düşmək istəyirdik. Bu adam sovet dövlətinə simpatiyasını heç vaxt gizlətməyib, əks təqdirdə, sovet himnini bərpa etməzdi.

    Bununla belə, V.Putin sovet dövlətinin qurucusunu – V.Lenini qətiyyən sevmir və bunu da qəti gizlətmir. Güman ki, keçmiş sovet çekistinin Leninə dərin nifrətinin kökündə Allaha inanan adamın ateistə və ateizmə nifrəti dayanır.

    Amma bu məsələdə V.Lenin qurduğu dövlətə münasibət də az rol oynamır. “Lenin rus dövlətçiliyinin bünövrəsinə mina qoyub” – bəlkə də bir neçə dəfə bu sözləri Putinin dilindən eşitmişik.

    Hiss olunur ki, sovet qurucularından o, özünə daha yaxın “dövlət adamı” saydığı İ.Stalini hesab edir, ona simpatiyasını gizlətmir, amma bu haqda ucadan danışa da bilmir. Çünki Stalinin adı ilə həm də milyonların repressiyası bağlıdır ki, bunlardan biri də Soljenitsın olmuşdu...

    Axıra qədər doğrucul olsaq, əslində müasir rus dövləti də məhz İosif Stalinin “yetirməsi” idi. Çoxunun “xalqları atası” adlandırdığı İosif Vissarionoviç müttəfiq respublikaların və federasiya subyektlərinin sərhədlərini az qala, öz əlilə çəkmişdi və bu səbəbdən politoloqlar daim deyir ki, yoldaş Koba Rusiyaya təkcə nüvə silahı və raketlər vermədi, o cümlədən də optimal imperiya xəritəsi verdi ki, onun köməyi ilə rusiyalı dövlət xadimləri bu ölkəni hələ uzun müddət idarə edə biləcəklər.
    Amma məsələ bunda da deyil. Bir daha deyək ki, son mətbuat konfransında V.Putin 70-dən çox suala cavab verdi. Amma diqqətimizi daha çox başqa məqamlar cəlb etdi.

    Putin II dünya müharibəsi haqda danışdı və təkcə adi tarixçilərin deyil, hətta beynəlxalq təşkilatların, xüsusən də Avropa strukturlarının tarixi necə təhrif etməsindən, az qala, SSRİ ilə faşist Almaniyasını belə bir tutmalarından bəhs etdi.

    Əlbəttə, dünya tarixi qəliz bir məsələdir. Üstəlik, o, həm də çox siyasiləşmiş bir sahədir. Ona görə də dünya müharibələri, xüsusən də II dünya müharibəsinin yozumu ilə bağlı çox mübahisəli məqamlar var.

    Təbii ki, “Molotov-Ribbentrop paktı” ilə bağlı yeni yozum vermək fikrimiz yoxdur, amma bir məsələ aydındır: Stalin və faşist rejimlərini xeyli oxşarlıqlar birləşdirirdi. Stalin rejiminin cinayətlərinin aşkar edilməsi göstərdi ki, sovet düşərgələrində heç də az adam həlak olmamışdı, əksinə, daha çox adam məhv edilmişdi və sovet sinfi tiraniya modeli qəddarlıqda heç də faşist tiraniyasından geri qalmırdı. Xatırladaq ki, faktların faş olmasında Soljenitsının əsərləri heç də az rol oynamamış və bəlkə də ən əsas bədii mənbələrdən biri olmuşdu.

    Amma Rusiya prezidenti bir tərəfdən ölkəsinin şəxsiyyətə pərəstişi və represiyyyaları pislədiyini deyir, digər tərəfdən də gileylənir ki, Avropa tarixçiləri Sovet İttifaqı ilə faşist Almaniyası arasında bərabərlik işarəsi qoymaqla tarixi çox ciddi şəkildə təhrif edirlər.

    Əslində isə faşistlər yalnız bir xalqa – yəhudilərə qarşı kütləvi cəzalar tətbiq etmişdi, SSRİ-də isə bu, bir neçə xalqa qarşı baş vermişdi: bütöv xalqlar bir yerdən digərinə sürgün edilmiş, yeni ərazilərdə soyuqdan və aclıqdan qırılmışdılar. SSRİ yeganə dövlət idi ki, onun ərazisinda uşaq və yeniyetmələr üçün də düşərgələr salınmışdı. Odur ki, faşist Almaniyası ilə paralellər heç də təsadüfi deyil. Üstəlik, faşist Almaniyası ilə bağlı etiraflar, tövbələr və s. var. Amma bunu SSRİ haqqında demək olmur, üstəlik, onun siyasi varisi olan Rusiya əski ittifaq respublikalarına münasibətdə hələ də imperialist siyasəti davam etdirir və bu bir daha göstərir ki, dəyişən coğrafi miqyaslardı, siyasi şüur və qonşu dövlətlərə münasibət elə həmin münasibətdir.

    Biz dediyimiz mətbuat konfransını seyr edərkən həm də İrəvanda faşist Njdeyə qoyulmuş heykəli xatırladıq. Azərbaycan prezidenti bu məsələni MDB-nin Aşqabad sammitində qaldırmışdı və biz düşünürdük ki, V.Putin elə orada məsələyə münasibət bildirəcək, amma olmadı. Üstəlik, Rusiyanın iki mühüm naziri son bir-iki ayda Ermənistanda səfərdə oldu, amma necə oldusa, orada – İrəvanın mərkəzində Q.Njdeyə qoyulmuş altı metrlik heykəli “görmədilər”.

    Düşünürük ki, belə “daltonizm” son nəticədə təkcə ayrı-ayrı dövlət adamlarına qarşı deyil, bötüvlükdə müəyyən ölkələrə qarşı şübhələrə qapılmağa əsas verir.

    Biz çox mühüm məsələlərə münasibətdə tərəddüd edəndə və yaxud da onlara selektiv yanaşanda, digərlərini əssasız olaraq regional və qlobal məsələlərə baxışda ikili standartlara görə ittiham edəndə unutmamalıyıq ki, gec-tez özümüzə qarşı əsl iki standartları görəcəyik, çünki əxlaqi relyativizm cavab reaksiyası kimi yalnız özünü yaradır –prinsip haradasa pozuldusa, bu, zəncirvari proses kimi davam edəcək...

    Rubrika.Az


    Facebook-da paylaş