Ərdoğan-Zelenski görüşündə kritik Azərbaycan mövzusu - Bakının əlindəki rıçaq güclənir

Ukraynanın Cənub Qaz Dəhlizinə qoşulması reallaşa bilər; Türkiyə liderinin Ukrayna səfərində ölkəmizlə bağlı mühüm gəlişmə; Bakı-Ankara-Kiyev xətti möhkəmlənir...
Türkiyə prezidenti Rəcəb Əyyub Ərdoğanın Ukraynaya rəsmi səfəri, gözlənildiyi kimi, uğurlu olub. Kiyevdə o, iki ölkənin nümayəndə heyətləri ilə birgə ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb. Səfər çərçivəsində bir sıra önəmli anlaşmalar imzalanıb. Onların arasında hərbi-texniki sahədə əməkdaşlığı gücləndirməyə yönəlik razılaşma da var.
Qeyd edək ki, bu, iki prezident arasında artıq ikinci rəsmi təmasdır. İlk görüş Zelenskinin Türkiyəyə keçənilki dövlət səfərı zamanı reallaşmışdı. Türkiyə liderinin Kiyev səfəri isə təkcə bu iki tərəfdaş ölkə üçün yox, Azərbaycan üçün də mühüm məqamlarla yadda qalıb. Ən azından, bir neçə aspekt üzrə.
*****
Bunlardan biri, NATO üzvü Türkiyənin bir daha postsovet ölkəsi kimi Ukraynanın ərazi bütövlüyünü qeyd-şərtsiz müdafiə eləməsi, Krımın Rusiya tərəfindən ilhaqını rədd eləməsidir. Rəsmi Ankaranın bu “net” mövqeyi sözsüz ki, postsovet məkanındakı digər münaqişələr (Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya) üçün də eyni dərəcədə keçərli və prinsipial anlamdadır. Özü də bu, yalnızca quru bəyanata söykənən mövqe deyil. Türkiyə, Azərbaycan, Gürcüstan və Ukrayna arasında son illər hərbi sfera da daxil, bütün sahələr üzrə güclənən əlaqələr söyləməyə əsas verir ki, dörd paytaxt ərazi bütövlüyü məsələsində real rıçaqlara əsaslana ortaq və cilalanmış yanaşmaya sahibdir və bunu mötəbər tribunalardan ardıcıl şəkildə müdafiə eləmək əzmindədir. Buna ortaq güc nümayişi də demək olar.
“Yeni Müsavat” xatırladır ki, Vladimir Zelenski ötən ilin dekabrında Bakıya səfəri zamanı Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə elədiyini, ölkəmizin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünün Ukrayna tərəfindən dəstəkləndiyini bildirmişdi. “Ukrayna ilə Azərbaycan beynəlxalq miqyasda tanınan sərhədlər daxilində ərazi bütövlüyü və suverenliyi bərpa etmək məsələsində bir-birini dəstəkləyir”. Bunu Zelenski Bakıda bəyan eləmişdi. Ukrayna dövlət başçısının bu prinsipial mövqeyi isə İrəvanda güclü qıcıq doğurmuşdu.
*****
Ərdoğanın Kiyev səfəri zamanı isə məlum oldu ki, Ukrayna, üstəlik, Rusiyadan energetik asılılığını azaltmaq üçün Azərbaycan qazını almaq barədə ciddi şəkildə düşünür. Bununla bağlı iki lider bu il işə düşəcək Trans-Anatolu Qaz Kəmərinə (TAP - Cənub Qaz Dəhlizinin axırıncı seqmenti) Ukraynanın qoşulmaq imkanlarını müzakirə eləməsi diqqət çəkir. Prezident Zelenski bu haqda danışarkən deyib ki, Ərdoğanla bu mövzu ətrafında da söhbət aparıblar.
Yeri gəlmişkən, hələ Bakı səfəri zamanı Zelenski enerji sahəsində Azərbaycanla Ukraynanın müştərək maraqları olduğunu söyləmişdi. Sitat: “Cənub Qaz Dəhlizi layihəsi Ukrayna tərəfindən xüsusi izlənilir. Ukrayna Cənub Qaz Dəhlizini dəstəkləyir. Biz bu layihənin genişləndirilərək Avropa istehlakçılarına çatdırılmasına öz töhfəmizi müzakirə etdik. Xüsusilə də hesab edirəm ki, bizim - həm Ukraynanın, həm Azərbaycanın misilsiz nəqliyyat potensialı var. Biz Cənub Qaz Dəhlizini genişləndirmək imkanlarını araşdırmaqla bağlı razılığa gəlmişik. Bu, Avropa istehlakçılarına qaz tədarükünü şaxələndirmək baxımından əhəmiyyətlidir. Ölkələrimizin nadir tranzit potensialından faydalanmalıdır və bunun üçün infrastrukturu inkişaf etdirməliyik”.
Bakı ziyarəti zamanı o da bəlli olmuşdu ki, V.Zelenski Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı fəaliyyətini genişləndirməsində maraqlıdır. Dövlət Neft Şirkətinin Ukraynada 60 yanacaqdoldurma məntəqəsi və 4 neft bazası fəaliyyəti göstərir. SOCAR Ukraynada lider mövqelərdədir. Ukrayna prezidenti Dövlət Neft Şirkətinə Ukraynadakı mövqelərini daha da gücləndirməyi təklif eləmişdi...
*****
Artıq məlumdur ki, Kiyevdə, Ərdoğan-Zelenski görüşündə Azərbaycan qazının Ukraynaya nəqli məsələsi bir daha gündəmə gəlib. Başqa sözlə, Ukraynanın Türkiyə üzərindən Azərbaycan təbii qazını alması reallaşa bilər. Qaz isə müasir dövrümüzdə təkcə energetik yox, həm də siyasi amildir.
Başqa sözlə, Gürcüstanın ardınca Ukrayna da Azərbaycan və Türkiyə hesabına öz milli təhlükəsizliyini möhkəmlədə biləcək. Eyni zamanda Ankara və Bakının postsovet məkanında rolu və təsiri artmış olacaq, regionda daha güclü və müstəqil söz sahibinə çevriləcəklər. İqtisadçı mütəxəssislərə görə, o halda Cənub Qaz Dəhlizinin ötürücülük gücünü artırmağa tələbat yaranacaq ki, bu da yekunda Türkmənistanın da transmilli qaz kəmərinə qoşulmasını zəruri edə bilər...
Rubrika.az
Facebook-da paylaş








