MSK Dağlıq Qarabağdakı erməniləri seçkiyə çağırdı

Seçkiyə üç gün qaldı; AVCİYA: “Mövcud qanunvericilik, seçki ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, sabitlik, ədalətli və şəffaf seçkilərin keçirilməsinə imkan verir”
9 fevral növbədənkənar parlament seçkilərinə 3 gün qaldı. Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası keçirməsi üçün isə son gün sabahdır. Seçki Məcəlləsinin tələbinə görə, təbliğat-təşviat kampaniyası səsverməyə 24 saat qalanda dayandırılmalıdır. Bu isə o deməkdir ki, deputatlığa namizədlərin təbliğat-təşviqatı fevralın 8-də səhər saat 8-də başa çatacaq. 8 fevral sükut günüdür.
Səsvermə 5573 məntəqədə aparılacaq və ümumilikdə 125 dairəni əhatə edəcək. Ölkə üzrə səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-dək davam edəcək.
Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.
Ən son açıqlanan rəqəmlərə görə, seçkiləri müşahidə etmək üçün 65 min 766 yerli və 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
1000 məntəqədə veb-kamera quraşdırılıb. Rublika.Az Musavat.com-a istinadən bildirir ki, Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə artıq neçənci seçkilərdir ki, veb-kamera praktikasından istifadə olunur: “İstənilən şəxs MSK-nın rəsmi saytına daxil olmaqla səsvermə günü 1000 məntəqədə səsvermənin gedişini izləyə bilər. Dünyanın hansı yerində olmasından asılı olmayaraq, istənilən şəxs Azərbaycanda keçiriləcək seçkiləri izləmək imkanına malikdir. Bu, demokratik ölkələrin seçki praktikasında da qəbul olunmuş haldır. Azərbaycanda seçkilərin şəffaf və azad keçirilməsi üçün bütün şərait yaradılıb”.![]()
Fevralın 5-də MSK Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edib. Bununla bağlı yayılan bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistanın işğalı nəticəsində Azərbaycan vətəndaşları olan Dağlıq Qarabağ bölgəsinin erməni icması digər konstitusion hüquqları ilə yanaşı, seçki hüquqlarından da məhrum olub. Ermənistan bu ərazilərdə dəfələrlə saxta seçki şousu yaratmağa cəhd göstərib. Azərbaycan ərazilərində seçkilərin keçirilməsinin əsasını Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsi təşkil etdiyi üçün bu “seçkilər” qeyri-legitimdir və beynəlxalq ictimaiyyət tərəfindən tanınmır: “Ermənistanın hərbi təcavüzü nəticəsində ölkə ərazisindəki 125 seçki dairəsindən 7-nin ərazisi tamamilə, 3 seçki dairəsi ərazisinin isə bir hissəsi işğal altındadır. Bununla yanaşı, digər 4 seçki dairəsi ərazisində də məcburi köçkün məntəqələri mövcuddur. Doğma torpaqlarından zorla didərgin salınmış məcburi köçkün vətəndaşlarımızın Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-na təyin edilmiş seçkilərdə öz konstitusion hüquqlarından istifadə edə bilmələri üçün 523 seçki məntəqəsi yaradılıb və respublika ərazisində fəaliyyət göstərən digər seçki məntəqələri kimi bu məntəqələr də seçki gününə tam hazır vəziyyətə gətirilib. Məcburi köçkün vətəndaşlarımızın respublikanın bütün regionlarına səpələnməsi onların səsverməsinin təşkilini nə qədər çətinləşdirsə də, böyük zəhmət və gərgin iş sayəsində bu qəbildən olan vətəndaşlarımızın da səsvermə hüquqlarının tam təmin edilməsi üçün geniş şərait və hərtərəfli imkan yaradılıb. İndiyə qədər ölkəmizdə keçirilən seçki və referendumlarda Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin salınan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin olunduğunu və milli mənsubiyyətinə görə vətəndaşlar arasında heç bir fərq qoyulmadığını diqqətə çatdıraraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bəyan edir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni əsilli Azərbaycan vətəndaşları da digər vətəndaşlarımız kimi bu seçkilərdə öz səsvermə hüquqlarından azad və sərbəst şəkildə istifadə edə bilər və bunun üçün Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq bütün addımların atılmasına hazırdır”.
“Azərbaycanda parlament seçkiləri demokratik şəraitdə keçiriləcək və ölkənin daha da inkişafına önəmli təkan verəcək”. Bunu isə secki-2020.az saytına Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Nejdət Ünüvar deyib.
Hər bir seçkinin ölkənin güclənməsi baxımından olduqca vacib olduğunu vurğulayan Nejdət Ünüvar deyib: “Azərbaycanda keçirilən hər seçki ölkəni həm iqtisadi, həm sosial, həm də siyası baxımdan daha da gücləndirir. Bundan əlavə, hər seçki yenilənmə deməkdir, xalqdan yenidən dəstək almaqdır. Əminəm ki, bu seçkilər Azərbaycanda aparılan islahatlara ciddi töhfə verəcək”.
MSK sədri Məzahir Pənahov fevralın 5-də Milli Məclisə seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Türk Şurasının nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) Seçki Qərargahı isə Milli Məclisə seçkilərin uzunmüddətli müşahidəsinə dair aralıq hesabat (6 dekabr 2019 - 4 fevral 2020-ci il) təqdim edib. AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, hesabat icmal ümumi məlumat, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, AVCİYA tərəfindən aparılan KİV-in monitorinqinin nəticələri, AVCİYA-nın seçkilər və referendumlarda iştirakı haqqında məlumat adlı bölümlərdən ibarətdir.
Onun sözlərinə görə, hesabatın icmal hissəsində Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, yəni 1991-ci ilin 18 oktyabrından bu günə kimi Milli Məclisə 1995, 2000, 2005, 2010, 2015-ci illərdə keçirilən seçkilər haqqında qısa məlumat verilib: “Bu hissədə həmçinin Qərb ölkələri qurumlarının seçkilərlə bağlı tövsiyələri barədə də məlumatlar öz əksini tapıb. Məlumatda qeyd olunur ki, ”Avropa Parlamentinin nümayəndə heyəti 2013-cü ildə 7, ATƏT/DTIHB 2008-ci ildə 27, 2010-cu ildə 17, 2013-cü ildə 20, 2015-ci ilin avqustunda əsasən əvvəlkilərin təkrarı olan 40, Avropa Şurası Parlament Assambleyası isə 2008-ci ilin yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatla bağlı 4 tövsiyə irəli sürüb. Bunların təhlili aparılaraq məlum olub ki, bu tövsiyələrin bir çoxu 2003-2008-ci illərdə Avropa Şurasının Venesiya Komissiyasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı tövsiyələrinə istinad edilərək hazırlanıb və yeni tövsiyələrin əksəriyyəti əvvəlki tövsiyələrin təkrarından ibarətdir. Azərbaycan Respublikasının Milli Məclisi AŞ Venesiya Komissiyası və bir sıra yerli və beynəlxalq təşkilatlar tərəfindən verilən tövsiyələri də nəzərə almaqla, 2 iyun 2008-ci il tarixində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 145-ci maddəsinə ümumilikdə 91 əlavə və dəyişiklik edib. Ümumiyyətlə, 2003-2015-ci illərdə Seçki Məcəlləsinin 200-dək müxtəlif maddəsinə əlavə, dəyişiklik və ya düzəliş edilib, yaxud bütünlüklə maddə məcəllədən çıxarılıb".
M.Zülfüqarlı vurğulayıb ki, AVCİYA seçkiöncəsi maarifçilik məqsədilə Şamaxı, Şirvan, Gəncə, Mingəçevir, Quba, Sumqayıt və Bakı şəhərlərində regional seminarlar təşkil edib: “Bakı, Gəncə, Sumqayıt Mingəçevir, Şirvan şəhərlərində regional ofislərin işini bərpa edib. Müşahidəçilər üçün Yaddaş Kitabçası və Beynəlxalq təşkilatların ”Rəy və Tövsiyələri. Müqayisəli Təhlil" adlı iki kitab nəşr edib. Bundan əlavə assosiasiya seçkilərlə bağlı KİV-in iki dövrü (I dövr (6 dekabr 2019-cu il - 16 yanvar 2020-ci il) və II dövr (17-31 yanvar 2020-ci il)) əhatə edən monitorinqini təşkil edib. AVCİYA hesab edir ki, mövcud qanunvericilik, seçki ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, sabitlik ədalətli və şəffaf seçkilərin keçirilməsinə imkan verir. AVCİYA Seçki Qərargahı fəaliyyət proqramına uyğun fəaliyyətini davam etdirir".
Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə bildirib ki, ölkə ictimaiyyəti ilə yanaşı, beynəlxalq təşkilatların da seçkilərə böyük marağı müşahidə olunur.
O, fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkiləri izləmək üçün qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayının çox olmasını müsbət hal kimi qiymətləndirib: “Seçkiöncəki proses öz qaydasında gedir. Görünən mənzərə odur ki, seçkidə namizədlərin qeydə alınmasında hər hansı qanun pozuntusu olmayıb. Hazırda namizədlər təbliğat-təşviqat kampaniyalarını aparırlar”.
Y.Məmmədli namizədlərin təşviqat kampaniyalarını əsasən sosial şəbəkələr üzərindən qurduqlarına diqqət çəkərək bildirib: “Hazırda namizədlərin daha çox sosial şəbəkələrdə təbliğat-təşviqat kampaniyalarını apardığının şahidi oluruq. Lakin hesab edirəm ki, ənənəvi media bu məsələdə daha effektivdir”.
Rublika.Az
Facebook-da paylaş













