• Ümid Partiyasından olan müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərlə bağlı saxta qərar ləğv olundu

    Ümid Partiyasından olan müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərlə bağlı saxta qərar ləğv olundu

    MSK İqbal Ağazadənin növbəti saxtakarlığını ifşa etdi

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, Mərkəzi Seçki Komissiyasının qərarı ilə 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, İqbal Ağazadənin sədri olduğu Ümid Partiyasından həmin seçki dairəsi üzrə məşvərətçi səs hüquqlu üzvlərinin təsdiq edilməsi və müşahidəçilərinin qeydə alınması barədə 16 yanvar 2020-ci il tarixli qərarlar ləğv edilib. Qərarla həmin şəxslərə verilmiş müvafiq lövhəciklər etibarsız hesab edilib. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həmin şəxslərin təsdiq edilməsi və qeydə alınması vəzifəsi dairə seçki komissiyasına həvalə edilib.

    Qərarda deyilir ki, 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının sədri Q.S.Qaratov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 2020-ci il fevralın 5-də yazılı müraciət edərək, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə Ümid Partiyasının həmin seçki dairəsi üzrə məşvərətçi səs hüquqlu üzvlərinin təsdiq edilməsi və müşahidəçilərinin qeydə alınması barədə dairə seçki komissiyasının 16 yanvar 2020-ci il tarixli qərarlarının Seçki Məcəlləsinin tələblərinə uyğun qəbul edilmədiyini bildirib, bununla bağlı qanuna uyğun tədbirlərin görülməsini xahiş edib.

    Müraciətə əlavə edilmiş dairə seçki komissiyasının 16 yanvar 2020-ci il tarixli qərarlarından müəyyən edilir ki, Ümid Partiyası tərəfindən məşvərətçi səs hüquqlu üzvlər və müşahidəçilər təyin edilib, onların təsdiq edilməsi və qeydə alınması üçün sənədlər komissiyaya təqdim edilib, komissiya Ümid Partiyasının müraciətlərini təmin edərək həmin şəxsləri məşvərətçi səs hüquqlu üzv və müşahidəçi kimi müvafiq olaraq təsdiq etmiş və qeydə alıb.

    Dairə seçki komissiyası tərəfindən həmin qərarların qəbul edilməsi zamanı Seçki Məcəlləsinin 36.6-cı və 148.6-cı maddələrinin tələblərinə düzgün əməl edilməyib. Göstərilənlərlə əlaqədar olaraq, dairə seçki komissiyasının Ümid Partiyasının məşvərətçi səs hüquqlu üzvlərinin təsdiq edilməsi və müşahidəçilərinin qeydə alınması barədə 16 yanvar 2020-ci il tarixli qərarları ləğv edilməli, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq məşvərətçi səs hüquqlu üzvlərin təsdiq edilməsi və müşahidəçilərin qeydə alınması vəzifəsi dairə seçki komissiyasına həvalə edilməlidir.

    Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 13-cü, 25.2.1-ci, 25.2.22-ci, 28.2-ci, 36.6-cı və 148.6-cı maddələrinə əsasən qərara alıb ki, 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının Ümid Partiyasının həmin seçki dairəsi üzrə məşvərətçi səs hüquqlu üzvlərinin təsdiq edilməsi və müşahidəçilərinin qeydə alınması barədə 16 yanvar 2020-ci il tarixli qərarları ləğv edilsin, həmin şəxslərə verilmiş müvafiq lövhəciklər etibarsız hesab edilsin, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həmin şəxslərin təsdiq edilməsi və qeydə alınması vəzifəsi dairə seçki komissiyasına həvalə edilsin. Qərar dərc edildiyi gündən qüvvəyə minib.

    Seçki texnoloqu Ruslan İbrahimbəyli qərarı şərh edərkən bildirdi, bu İqbal Ağazadənin seçki kampaniyası dövründə ortaya çıxan növbəti saxtakarlığıdır: “Bu qərardan belə aydın olur ki, Seçki Məcəlləsinin 36.6-cı və 148.6-cı maddələrin tələbləri onun tərəfindən kobud şəkildə qəsdən və bilərəkdən pozulub. Məşvərətçi səs hüquqlu komissiya üzvü və müşahidəçilərin sayı məcəllədə göstərildiyindən artıq olub. Məcəllə də göstərilir ki, hər bir namizəd və ya siyasi partiyanın hər məntəqəyə bir müşahidəçi və bir məşvərətçi səs hüquqlu komissiya üzvü təyin etmək hüququ var. Dairə Seçki Komissiyasının keçmiş sədri İmran Hüseynəliyev qanunları ciddi şəkildə pozmuş və Ümid partiyasının sədri, deputatlığa namizəd İqbal Ağazadə ilə əlbir şəkildə hərəkət etmişlər. Məqsəd məntəqədə İqbal Ağazadənin müşahidəçilərinin və məşvərətçi səs hüquqlü komissiya üzvlərinin sayının artıq olması və bu yolla seçkiyə müdaxilə edilməsi olub. Bu da İqbal Ağazadənin seçki kampaniyası dövründə növbəti saxtakarlığının ortaya çıxmasıdır. DSK-nın yeni sədri Qarat Qaratovun qanunlara riayyət edərək hazırladığı təqdimat və MSK-nın bu müraciətə düzgün yanaşması nəticəsində həmin saxtakarlıq və seçkilərə müdaxilə cəhdinin qarşısı alınıb, qanunsuz müşahidəçi və məşvərətçilərin məntəqələrdə iştirakı yasaqlanıb”.

    Rubrika.Az


    Facebook-da paylaş