• Həkim yoldaşı tərəfindən bıçaqlanan baş həkim: "İşdən çıxaracağım üçün vurdu" - TƏFƏRRÜAT

    Həkim yoldaşı tərəfindən bıçaqlanan baş həkim: "İşdən çıxaracağım üçün vurdu" - TƏFƏRRÜAT

    Sumqayıtda baş həkimi bıçaqlayan həkim hakim qarşısına çıxarılıb. Məhkəmədə bıçaqlanan baş həkim ifadə verib.

    Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddən ittiham edilən Pərviz İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hadisənin necə və hansı səbəbdən baş verməsinin yeni təfərrüatları məlum olub.

    Xatırladaq ki, hadisə ötən ilin avqust ayında baş verib. Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Sum Modern Dental Clinic”də həkim işləyən Pərviz İbrahimov klinikanın baş həkimi Şahin Baxşəliyevi bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan baş həkim xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

    Törətdiyi əmələ görə Pərviz İbrahimova qarşı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

    Sonuncu məhkəmə iclasında zərərçəkmiş şəxs qismində başa həkim Şahin Baxşəliyev ifadə verib.

    Baş həkim hazırda şikayət və tələbinin olmadığını, Pərviz İbrahimovu bağışladığını bildirib.

    Hadisənin hansı səbəbdən baş verməsi haqda danışan baş həkim deyib ki, əvvəlcə Pərviz həkim qeydiyyatda olan xanımla mübahisə edib və söyüş söyüb. Bundan sonra da söz-söhbət böyüyüb: "Qeydiyyatda yeni işə götürdüyüm İranə adlı xanımla Pərviz həkim mübahisə edib. Deyilənə görə, Pərviz həkim İranəyə müştəri ilə mülayim danışmadığını əsas gətirərək irad bildirib. Bu zamanlar onlar arasında mübahisə baş verib və Pərviz həkim onu təhqir edib. Hətta Pərviz həkim İranəni işə götürəni- məni də söyüb. Sonra İranə xanımın yoldaşı gəlib, onların mübahisəsi böyüyüb. Mən Pərvizi yanıma çağırdım. Artıq məsələ böyümüşdü. Mən ona iradımı bildirim və işdən çıxaracağımı dedim".

    Şahin Baxşəliyev deyib ki, bıçaqlanmasının səbəbi də məhz bu olub: "Mən onu işdən çıxaracağımı dediyim üçün məni vurdu. Yoxsa başqa məqsədi yox idi. Onu sakit, normal və problemsiz insan kimi tanımışam".

    Baş həkim son sözündə Pərviz İbrahimovun bağışlanmasını məhkəmədən də xahiş edib.

    Məhkəmə iclasında şahid qismində İranə də ifadə verib.

    O, hadisə günü və ondan əvvəl baş verənləri məhkəməyə danışıb. Deyib ki, işə yeni başladığı üçün Pərviz həkimi cəmi iki dəfə görüb. Elə ikinci görüşdə aralarında problem yaşanıb: "Mən qeydiyyat şöbəsində idim. Müştərilərdən biri yaxınlaşıb ödəniş etdi. Pulun qalığını qaytara bilmədim. Müştəriyə dedim ki, xırda pul yoxdu. Müştəri ilə aramızda mübahisə olmadı. Bir az keçəndən sonra Pərviz həkim gəldi. Mənə dedi ki, müştəri ilə niyə kobud danışırsan? Mən də müştəriyə heç bir artıq söz demədiyimi bildirdim. Məni təhqir elədi. Hər kəsin yanında şərəf və ləyaqətimi alçatdı. Mənə çox kobud söyüşlər, təhqirlər ünvanladı. Mən də yoldaşıma zəng elədim. Baş həkimin bıçaqlandığı gün baş verənlərdən isə tam xəbərim yoxdur".

    Məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Pərviz İbrahimov aralarında yaranmış mübahisə zamanı Şahin Baxşəliyevi öldürməyə cəhd edib. İttihamda göstərilir ki, Pərviz İbrahimov bu məqsədlə baş həkimə 9 bıçaq zərbəsi vurub.

    Qeyd edək ki, elan olunmuş ittihamla Pərviz İbrahimov özünü qismən təqsirli bilib. Deyib ki, əməlindən peşmandır, amma baş həkimə 9 bıçaq zərbəsi vurmayıb.

    O söyləyib ki, Şahin Baxşəliyevə cəmi 3 bıçaq zərbəsi vurub: "Birini ayağından, birini böyründən, birini də çiynindən vurdum. Axırıncıda da bıçaq onun çiynində qaldı. Mən artıq özümü itirmişdim. Buna görə də oradan qaçdım. 9 zərbə necə dəyibsə, bilmirəm".

    Sərbəst ifadə verən Pərviz İbrahimov hadisənin hansı səbəbdən baş verməsi haqda ətraflı danışıb.

    P.İbrahimov deyib ki, hər şey klinikanın qeydiyyat şöbəsində işləyən İranə adlı xanımla aralarındakı mübahisədən başlayıb.

    "İranə klinikaya yeni işə düzəlmişdi. Mən onu ilk dəfə idi orada görürdüm. Həmin gün bildim ki, işə yeni başlayıb. Müştəriyə kobud cavab verdiyi üçün xanımla mübahisəmiz oldu. Ona dedim ki, belə danışmaq olmaz. Mənə dedi ki, sən kimsən? Dedim ki, danışığına fikir ver, həkimlə danışırsan. Bu mübahisə baş həkimə də çatdı.

    Baş həkimin yanına getdim. Səbəbini izah elədim. Amma mənə inanmadı. Dedi ki, İranənin qardaşını, yoldaşını çağıracaq. Dedim ki, söhbəti böyütməyin mənası yoxdur. Qarşılığında məni təhqir eləməyə başladı. Mübahisə elədik. Mən də cəzalandırmaq üçün onu vurdum. Onu öldürmək niyyətim yox idi. Məqsədim onu cəzalandırmaq idi".

    Pərviz İbrahimov da baş həkimi vurmasına səbəb kimi söyüşü göstərib. Deyib ki, baş həkim həmin vaxt onun ailə üzvlərini, həyat yoldaşını təhqir edib.

    Məhkəmə araşdırması davam etdirilir.

    Rubrika.Az


    Facebook-da paylaş