MSK niyə İqbal Ağazadəyə tərəf çıxdı - Elbəyi Həsənlinin yazısı

35 saylı Xətai 3-cü seçki dairəsinin nəticələrinin ləğv olunmasına mən etiraz edirəm. Niyə? Ona görə ki, İqbal Ağazadə Xətai rayonuna heç bir dəxli olmayan Abbasov Rauf adlı birisini Qusardan gətirib, namizəd olaraq qeydə aldırdı. Ümid Partiyasının funksioneri, özününsə səlahiyyətli nümayəndəsi həmin şəxsin rəsmi təmsilçisi oldu. Bununla da kifayətlənmədi, Abbasov soyadlı başqa birisini də deputatlığa namizəd elədi... Yəni, ikiqat fırıldağa əl atdı. MSK bu fırıldağı araşdırmalı idi. Onlar isə İqbal Ağazadənin məğlubiyyəti ilə sona çatmış seçkinin nəticəsini ləğv etdilər. Yəni, fırıldağa əl atana bəraət qazandırdılar...
MSK Rauf Arifoğlunun qələbəsini elan edəndə yazmışdım ki, İqbal Ağazadəyə siyasətlə məşğul olmaq qadağan edilməlidir. Ən azı 6 ay müddətinə. Ona rəsmən bildirilməlidir ki, bir də belə fırıldağa əl atsan siyasətdən birdəfəlik getməli olacaq...
Məndən olsa, seçkilərin nəticəsi ümumiyyətlə ləğv olunmalıdır. Müxalifətin də iştirakı ilə adam kimi seçki keçirilməlidir. İqbal Ağazadə kimi fırıldaqçılara isə Azərbaycan siyasətində heç bir halda yer olmamalıdır...
Əminəm ki, bu tip avanturist siyasətçilərdən Azərbaycana xeyir gəlməz....
Bəli, Arifoğlu ortaya İmamoğlu nümunəsi qoyacaq. Heç kəsin buna şübhəsi olmasın. Ancaq İqbal Ağazadə bu fırıldağına görə bütün siyasi fəaliyyəti boyu tənə ilə qarşılaşacaq. Doğrudur, ona bu gün tənə edən azdır. Ancaq şərtlər dəyişən kimi bu fakt dönə-dönə siyasi gündəmə gələcək...
Mən ölü, siz diri. Bir müddət sonra Qusardan gətirilmiş saxta “Rauf Abbasov” danışacaq, o biri Abbasov da dilini dinc qoymayacaq. Atalar nahaq yerə deməyib ki, oğurluqla, ... 40 gün gedir. Bu, zamana bağlı məsələdir. Üstü açılacaq. Bax onda indi yaxa cıranların çoxu başını soxmağa kol axtaracaq....
Elbəyi Həsənli
Facebook-da paylaş













