Həbs edilən bankirdən şok açıqlama: "Dolların məzənnəsini mən müəyyən edirdim" - TƏFƏRRÜAT

Milyonların taleyi araşdırılan məhkəmə iclasında Mahmud Məmmədovun adı çəkilir. O, "Günaybank"ın rəhbəridir.
Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Emin Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında məlum olub ki, zərərçəkmişlərdən iki nəfər şikayətini geri götürüb.
Onlardan biri İlkin Nuriyevdir. Emin Zeynalova valyuta alış-satışı üçün 750 min dollar verən və sonra da aldadılan Nuriyev şikayətini geri götürüb. İlkin Nuriyev bildirib ki, ona dəymiş zərər ödənilib.
Məhkəmə prosesində iştirak edən zərərçəkmişlərdən Fərid Məmmədov da şikayətçi olmadığını deyib. Emin Zeynalova 1 milyon dollar verdiyini bildirən Fərid Məmmədov pulunu geri almasa da hazırda şikayətçi olmadığını söyləyib. Qeyd edib ki, razılaşmaya əsasən Emin Zeynalovla aralarındakı pul məsələsini azadlığa çıxdıqdan sonra həll edəcəklər.
Qeyd edək ki, Fərid Məmmədov Emin Zeynalovun bacısının həyat yoldaşı olub. Prosesin davamında təqsirləndirilən Emin Zeynalov ifadə verib. Emin Zeynalov əvvəlcə deyib ki, istintaqdakı ifadəsi qismən doğrudur. Onun sözlərinə görə, istintaqda psixoloji basqıya məruz qalıb. Buna görə də doğru ifadə verə bilməyib.
Onun ifadəsi zamanı xeyli ilginc məqamlar üzə çıxıb. Ən diqqət çəkən məqam isə budur ki, Emin Zeynalovun həbs edilənə qədər ölkədə valyuta bazarına nəzarət etdiyini deməsi olub.
Belə ki, onun müəyyən etdiyi məzənnə ilə dollar və digər xarici valyutalar satışa çıxarılırmış. Emin Zeynalov bildirib ki, uzun illər bank sektorunda çalışıb və geniş əlaqələrə malik olub. Onun sözlərinə görə son 4 ildə isə əsasən valyuta alışı və satışı ilə məşğul olub. Bu fəaliyyəti də "Günaybank"da işlədiyi dövrə təsadüf edir.
Zərərçəkmişlərdən bir neçəsini tanıdığını deyən Emin Zeynalov bildirib ki, onların heç birini aldatmaq, etibarlarından sui-istifadə etmək niyyəti olmayıb: "Əvvəlcə məndən 3 nəfər şikayət etmişdi. İş məhkəməyə gələn ərəfədə isə zərərçəkmişlərin sayı 19 nəfər oldu. Zərərçəkmişlərlə aramızda kommersiya fəaliyyəti olub. Hamısına aldığım məbləğlərə görə qazanc vermişəm. Hamısı da bilir ki, onları aldatmamışam. Əgər belə bir niyyətim olsaydı, əlimdə çox rahat imkanlar olanda bundan istifadə edərdim. Hətta onlara qazanc verməzdim, aldığım məbləği geri qaytarıb deyərdim ki, ziyan etmişəm".
Emin Zeynalov bildirib ki, valyuta bazarında məzənnə sabit olmadığı üçün qazanc da stabil olmayıb. Amma pul aldığı şəxslərə həmişə qazanc verib. Bildirib ki, bəzən qazancı öz cibindən verib ki, pul verən şəxslər narazı qalmasın.
"Forex" bazarında 10 milyon dollar itirməsi ilə bağlı istintaqın gəldiyi qənaətlə razılaşmayan Emin Zeynalov söyləyib ki, bu, yalandır.
"Mən "Forex" bazarında heç vaxt uduzmamışam. Qazancım daha çox olub. Amma istintaq yazıb ki, guya mən 10 milyon dolları uduzmuşam" - deyə Emin Zeynalov bildirib.
Emin Zeynalov əlavə edib ki, onun özünün də bir neçə valyuta dəyişmə məntəqələri olub. Həmin məntəqələr bankların müxtəlif filiallarında imiş.
"Bankların valyuta dəyişmə məntəqələrinin bir neçəsini mən işlədirdim. Kassada olan şəxslər rəsmi olaraq bankın işçiləri olsa da mənim işçilərim idi. Mənim müştərilərimdən gələn qazanc mənim idi. Bankın müştərilərindən gələn qazanc isə bankın" - deyən Emin Zeynalov bu fəaliyyətinlərində qanunsuzluğun olduğunu da etiraf edib.
Bildirib ki, həmin ərəfədə valyuta əməliyyatlarına 500 dollara qədər limit qoyulsa da onlar buna məhəl qoymayaraq fəaliyyətlərini davam etdiriblər. Emin Zeynalov ifadəsində deyib ki, hətta bankların bir neçəsi xarici valyutanı ondan alıb-satırmış. Zeynalov bildirib ki, ölkədə ən ucuz qiymətə dollar və digər xarici valyuta satan şəxs olub.
"Valyuta bazarında hamı məni tanıyırdı. Böyük əməliyyatları mən aparırdım. Elə gün olurdu ki, "Günaybank"a bir əməliyyatla 450 min dollar xeyir vermişəm. Hər gün səhər heç kim əməliyyata başlamırdı. Məzənnəni mən müəyyən edirdim. Bundan sonra xarici valyuta satışa çıxarılırdı" - deyə Emin Zeynalov bildirib.
Emin Zeynalov məhkəmədən zərərin qalan hissəsini ödəmək üçün də vaxt istəyib. Deyib ki, həbs edilməmişdən əvvəl valyuta dəyişmə məntəqələrinə verdiyi pullar var. Onları alaraq zərəri ödəyəcək: "Bundan başqa həmin şəxslər mənə kömək edəcəklərini də deyiblər. Sizdən mənə vaxt verməyinizi istəyirəm".
İttihamda yazılır ki, Emin Zeynalov "GünayBank"da sədr müavini olan zaman müxtəlif şəxslərdən külli miqdarda pul alıb. Həmin şəxslərə vəd edib ki, bankdan kənar valyuta dəyişməklə qısa zamanda qazanc əldə edəcək, onlara da qazanc verəcək.
Bu məqsədlə Emin Zeynalov Rəşad Qəribovdan 200 min dollar, bacısının əri Fərid Məmmədov 1 milyon dollar, Tamerlan Şeyxzamanovdan 100 min dollar, M.Məmmədəliyevdən 2,5 milyon dollar, Əmrah İldırımzadədən 300 min dollar, Rövşən Əlizadədən 200 min dollar, Eldar Abbasovdan 600 min dollar, Rüfət Kərimovdan 1.4 milyon dollar, İlkin Nuriyevdən 750 min dollar, Orxan Vəliyevdən 4 milyon dollar, Vazeh Xələfovdan 20 min dollar, Elnur Talıbovdan 45 min dollar, Elgün Bağırovdan 1 milyon 850 min dollar, Türkiyə vətəndaşı Zivari Sərdar Mustafa oğlundan 4.5 milyon dollar, Araz Süleymanovdan 1.5 milyon dollar, Rahim Məmmədovdan 500 min dollar, Sahib Səfərovdan 3.5 milyon dollar, Tural Bağırovdan 1 milyon 460 min dollar, Heydər Süleymanovdan 134 min dollar alıb. Ümumi zərər 30 milyon yaxındır.
İş yoldaşı Xalidə Məmmədovanın isə evini satdığını və yeni ev almaq istədiyini bilib. Ona tanışları vasitəsi ilə sərfəli ev alacağını vəd edərək 143 min 700 dollar nağd pulunu ələ keçirib. Törətdiyi əmələ görə ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Emin Zeynalov elan olunmuş ittihamla özünü təqsirli bilməyib.
Emin Zeynalov "Kapital Bank"ın (adı "BUSBank" olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z. Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.
Qeyd edilir ki, E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurların yaxınları da var. Məhkəmə proseslərində təqsirləndirilən tərəf bildirir ki, bütün bu baş verənlər "Günaybank" rəhbəri Mahmud Məmmədovun sifarişləridir. Təqsirləndirilən tərəf Mahmud Məmmədovun həm ibtidai istintaqa, həm də məhəkəmə istintaqına təsir etdiyini bildirir.
Onu da qeyd edək ki, ötən proseslərdə şahidlərdən Turxan Əliyev ifadə vermişdi. O, Emin Zeynalovun işçisi olduğunu demişdi. Bildirmişdi ki, bu hadisələrdən sonra iki mənzili və iki evi əlindən alınıb. O, təzyiqlərdən sonra mənzillərini Mahmud Məmmədovun mühafizəçisinin adına keçirib. Maşınlarını da onların göndərdiyi alverçiyə verib.
Rubrika.Az
Facebook-da paylaş









