Arvadı haqda xoşgəlməz söz danışana 19 bıçaq vurub - 20 il cəza ala bilər

Həyat yoldaşı haqqında xoşagəlməz söz danışan şəxsi bıçaqlayan Amil hakim qarşısına çıxarılıb. Ona elan edilmiş ittiham sübuta yetirilərsə, 20 ilədək həbs cəzası ala bilər.
Musavat.com-a istinad edən Rubrika.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən Amil Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmənin ilkin baxış iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda yazılır ki, Amil Əliyev tanışı olan İkram Əliyevə 19 bıçaq zərbəsi vurub.
Amil Əliyev buna səbəb kimi İkram Əliyevin onun xanımı haqda xoşagəlməz söz danışmasını göstərib. O iddia edib ki, İkram Əliyev ayrı-ayrı şəxslərin yanında onun xanımı haqda danışıb. Odlu silah və iki bıçaqla silahlanan Amil İkram Əliyevlə görüşə gedib.
İkram Əliyevdən söz-söhbətin səbəbini soruşub. Amma İkram Əliyev bunu inkar edib və Amilə məsləhət görüb ki, bu söhbəti dəqiqləşdirsin və kimlərin yaydığını müəyyənləşdirsin. İkram Əliyev bu sözləri dedikdən sonra oradan uzaqlaşmaq istəyib. Arxasını Amil Əliyevə çevirən zaman arxadan zərbələr alıb.
Amil Əliyev əvvəlcə bıçaqla İkramın kürək və boyun nahiyyəsinə zərbələr endirib. İkram müqavimət göstərən zaman bıçaq Amilin əlindən yerə düşüb. Amil digər bıçağı da çıxararaq zərbələr endirməyə davam edib. 19 bıçaq zərbəsi alan İkram Əliyev ətrafda olanlar tərəfindən yaxınlıqdakı klinikaya çatdırılıb.
Onun həyatını xilas etmək mümkün olub.
Amil Əliyevə qarşı Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29.120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah saxlamaq) maddələri ilə ittiham irəli sürülüb.
Elan olunmuş ittihamla Amin Əliyev özünü qismən təqsirli bilib.
Məhkəmə araşdırması davam etdirilir.
Rubrika.Az
Facebook-da paylaş












