Dövlətin iqtisadi sahədə etdiyi güzəştlərin – TAM SİYAHISI
![]()
Koronavirus pandemiyasının iqtisadi zərərlərini kompensasiya etmək üçün hökumətin Tədbirlər Planı hazırladığı məlumdur.
Rubrika.Az Yenisabah.az-a istinadən xəbər verir ki, Tədbirlər Planı Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilib. Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur.
Vergi güzəştləri və tətilləri ilə bağlı təkliflər paketi koronavirus pandemiyasının milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi məqsədilə yaradılmış İşçi Qrup çərçivəsində dövlət qurumları, sahibkarların ictimai təşkilatları, o cümlədən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) xətti ilə ayrı-ayrı sektorlar üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə geniş müzakirə olunub.
Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub.
Hansı sahələrə vergi güzəştləri tətbiq olunacaq?
Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir.
Belə fəaliyyət sahələrinə aşağıdakı istiqamətlər aiddir:
-Yerləşmə vasitələri hesab edilən mehmanxana (otel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;
-Turoperator və turagent fəaliyyəti;
-İctimai iaşə fəaliyyəti;
-Avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;
-Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;
-Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
-İdman-sağlamlıq obyektlərinin fəaliyyəti;
-Hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti;
-Koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti Nazirlər Kabineti tərəfindən tam və ya qismən məhdudlaşdırılmış digər fəaliyyət sahələri.
Sahibkarlar üçün nəzərdə tutulan vergi güzəştləri
Bundan başqa, müxtəlif vergi rejimlərində çalışan vergi ödəyiciləri üçün də vergi güzəştləri nəzərdə tutulur.
Gəlir vergisi rejimində fəaliyyət göstərən ödəyicilərinə əldə edilən mənfəətin 75 faizi miqdarında, sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə isə 50 faiz güzəşt təklif edilir.
Hazırda ictimai iaşə sektoru üzrə vergi dərəcəsi 8 faizdir. Təklif edilir ki, bu, 4 faizə endirilsin.
Sərnişindaşımaya gəlincə, hazırda bu sahədə taksilər istisna olmaqla hər oturacağa görə1,8 AZN vergi tutulur. İndi isə bu məbləğin 2 dəfə azadılması təklif edilir.0,9 AZN
Taksilər də güzəştlərdən kənarda saxlanılçayıb. Əgər hazırda bu sahədə hər nəqliyyat vasitəsi üçün 9 AZN vergi tutulurdusa, təklif olunur bu çəbləğ 4,5 AZN-ə endirilsin.
Koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlər də verilə bilər. Bu güzəştlər vergi ödəyicilərinin vergi və inzibati yükünün azaldılmasını nəzərdə tutur:
- fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi;
- 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması;
- mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddətinin cari ilin 1 sentyabr tarixinədək uzadılması;
- ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanması 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması;
- ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququnun 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılması;
Tədbirlər Planında koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün də güzəştlər nəzərdə tutulur. Mikro sahibkarlara:
-Sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi (verginin dərəcəsi 2 faizdən 1 faizə salınır);
-2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur;
-Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilməməsi və ödənilmiş vergilərin növbəti dövrlərin ödəmələrinə aid edilməsi.
Bütün sahibkarlara aid güzəştlər isə aşağıdakılardır:
-Epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması;
-Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi.
Vergi güzəştləri idxal sahəsini də əhatə edir. Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində zəruri olan tibbi avadanlıqlar və tibbi aksesuarlar, habelə əhalinin ərzaq ehtiyaclarının təmin edilməsi bağlı bəzi ərzaq növlərinin, o cümlədən uşaqlar üçün qida məhsullarının müddətli olaraq ƏDV-dən azad olunması nəzərdə tutulur.
Sosial sığorta yükü azaldılır
Ölkə başçısının apardığı sosial islahatlar çərçivəsində minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin sentyabr ayından etibarən 250 manat məbləğində müəyyən edilib. Bu sosial xarakterli mühüm dəyişiklik qeyri-muzdlu gəlirlər üzrə minimum aylıq əməkhaqqının müəyyən faizi üzrə hesablanan məcburi dövlət sosial sığorta haqları məbləğinin də artımına səbəb olub. Bunu nəzərə alaraq, sosial sığorta yükünün azaldılması məqsədilə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi təklif edilib. Söhbət aşağıdakı təkliflərdən gedir:
- Məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsi ;
- Məcburi dövlət sosial sığorta haqqının 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiqi.
Birinci güzəşt o deməkdir ki, məsələn, Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 125 manat sosial sığorta haqqı ödəyirlərsə, dəyişiklikdən sonra onlar 62,5 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 50 faiz azalma deməkdir.
İkinci güzəştə gəlincə, tutaq ki, Bakı şəhərində digər fəaliyyətlə (tikinti və ticarətdən başqa) məşğul olan şəxslər hazırda 62,5 manat sosial sığorta haqqı ödəyirlərsə, dəyişiklikdən sonra onlar 37,5 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 40 faiz azalma deməkdir.
Tədbirlər Planında sabit qəbz və fərqlənmə nişanı ilə çalışanların sosial sığorta yükü azaldılması nəzərdə tutulur. Təkliflərdə sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması, habelə məcburi dövlət sosial sığorta üzrə inzibatçılığın və sosial sığorta ödənişləri üzrə prosedurların sadələşdirilməsi məqsədilə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirmələri nəzərdə tutulur.
Yəni, məsələn, Bakı şəhərində fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 30 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 92.5 manat təşkil edir. Dəyişiklikdən sonra bərbər 30 manat vergi, 15 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 45 manata enəcək. Bu, bütövlükdə 47,5 faiz azalma deməkdir.
Yaxud Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 18 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 80.5 manat təşkil edir. Dəyişiklikdən sonra bu şəxslər 9 manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 39 manata enəcək. Bu, bütövlükdə 51,5 faiz azalma deməkdir.
Rubrika.Az
Facebook-da paylaş









