Fəaliyyətinə icazə verilən repetitorlar işini necə quracaq – ekspertdən açıqlama

“Repetitorun “icaze.e-gov.az” portalında qeydiyyatı yoxdursa, karantin dövründə fəaliyyət göstərə bilməz”
Bu gündən etibarən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlər aradan qaldırılıb. Fəaliyyətinə icazə verilən sahələrdən biri də fərdi tədris və repetitor xidmətləridir. Suallar yaranır ki, bəs bu məsələyə hansı qurum nəzarət edəcək? Repetitorlar işini necə quracaq?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb.
O deyib ki, burada 2 vacib məqam var: “Birincisi, repetitor xidmətini göstərən şəxsin dərs keçdiyi yerə getməsi və ya evində xidmətin göstərilməsi. İkincisi, sagirdlərin repetitor xidməti almaq üçün müəllimin - repetitorun yanına getməsi. Nazirlər Kabinetinin qərarında deyilir ki, məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Deməli, repetitor xidmətini göstərən şəxsin əvvəl dərs keçdiyi yerə getməsi və evində repetitor kimi fəaliyyət göstərməsi üçün “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir. Şagirdlərin repetitor xidməti almaq üçün müəllimin yanına getməsi üçün isə gün ərzində 8103-ə 2 rəqəmini yazaraq yalnız bir dəfə 3 saatlıq gedə bilər. Müəllim gün ərzində istədiyi qədər repetitor kimi fəaliyyətini davam etdirə bilər, bir şərtlə ki, “icaze.e-gov.az” portalında qeydiyyatda olsun, amma şagird gün ərzində bu xidmətdən yalnız 1 dəfə, ondan da 3 saat ərzində istifadə edə bilər”.
Ekspert qeyd edib ki, qeyd olunan qaydalara nəzarət mexanizmi müəyyən edilməyib: “Belə ki, repetitor müəllimin qrupda maksimum 10 nəfərlik saya və gigiyenik qaydalara əməl etməsi, eyni zamanda şagirdlərin gün ərzində bir neçə repetitorun yanına getməsini tənzimləyən qaydalar müəyyən edilməyib. Doğrudur, yollarda post-patrul əməkdaşları növbə çəkir, amma onlar yalnız hərəkətdə olan şəxslərə nəzarət edə bilirlər. Repetitorların mənzillərdə fəaliyyətinə isə nəzarət etmək mexanizmi mümkün deyil.
Qısası, repetitorun “icaze.e-gov.az” portalında qeydiyyatı yoxdursa, karantin dövründə fəaliyyət göstərə bilməz”.//musavat.com
Rubrika.Az
Facebook-da paylaş













