Qara maskalı oğlanın kölgəsi...
![]()
Bütün dünyanın düşdüyü bu çətin, bir o qədər də dözülməz şəraitdə insanı yaşadan, onu ayaqda saxlayan şeylərdən biri və bəlkə də birincisi psixoloji amildir. Yəqin ki, çoxlarınız bu fikrimlə razılaşarsınız. Yəni, bu ağır günlərdə insan psixologiyasının sevindirici, şad, ürəkaçan xəbərlərə ehtiyacı var.
Bu heç də o demək deyil ki, yalandan pozitiv informasiya yaymaq lazımdır. Söhbət yalnız koronavirus xəbərlərindən getmir. İctimaiyyətə həqiqətləri çatdırmaq hər zaman ən doğru yoldur. Doğru yol demişkən, bu yoldan azanları yaddan çıxartmamaq, onları ifşa etmək hər kəsin borcudur.
Təəssüf ki, pozitiv, ruhlandıran xəbərlər eşitmək hər zaman mümkün olmur. Dünən İsmayıllıdan gələn xəbər kimi...
DTX və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, İsmayıllı rayon icra nümayəndəsi Məhərrəm Əhmədov icazə kağızı satdığına və vətəndaşlara ayrılan ərzaqları mənimsədiyinə görə həbs olunub. Bu yerdə “Kərəmi ağlamaq tutur”. İcazə kağızı satmağını hardasa başa düşmək olar (ki bu da bağışlanası və ya üstü ört-basdır ediləsi fakt deyil). İnsandır, tamahına güc gələ bilməyib, nəfsinin qulu olub və ilaxır... AMMA
Aztəminatlı ailələrə ayrılan ərzaq paylarını mənimsəmək – bu alçaq hərəkətdir. Əlində səlahiyyəti var deyə ondan sui-istifadə edib yetim-yesirin haqqına girmək həm bu dünyada, həm də o dünyada cəzasız qalmaz. İndiki halda icra nümayəndəsi qanun qarşısında layiqli cəzasını alacaq. Bundan şübəm yoxdur. Sadəcə o və onun kimi insanların dırnaqarası fəaliyyəti nəticəsində bu gün minlərlə vətəndaşımız ağır şəraitdə yaşayır. Belə məmurlara görə xalqın dövlətə inamı sarsılır. Bu özbaşına məmurlar niyə başa düşmək istəmir ki, qanunsuz pul yığmaq, var-dövlət sahibi olmaq üçün etdikləri bir gün əlbət açığa çıxacaq.
“Kor olan qardaşlar”ı görmək bu qədər çətindir? Son bir neçə ayda 3 İcra başçısının həbs olunması demək ki, belələrinə yetəri qədər qorxulu gəlmir. Əks təqdirdə çirkin əməllərinə davam etməzdilər. Amma islahatlar davam edəcək və bir gün belə parazitlərin, xalqın qanını son damlasına kimi soranların kökü kəsiləcək. Təki o gün gələnə qədər Məhərrəm kimilərin çirkin əməlləri bax beləcə ifşa olunsun, layiqli cəzalarını alsınlar. El dili ilə desək, qara maskalı oğlanın kölgəsi belələrinin üstündən əskik olmasın. Belələri onsuz da başa düşmür ki, milyonlarla pulu yığmaq, yetim-yesirin haqqını yeyib qarın buraxmaqdansa, vicdanla yaşamaq, doğru yoldan azmamaqla bu dünyada yaxşı ad qoyub getmək əsl insani keyfiyyətlərdir. Onsuz da heç kim bu dünyadan özü ilə nəsə apara bilmir.
Vəzifədəsən deyə “burda mənəm Bağdadda kor xəlifə” deyib xalqın üstünə düşmək, çətin vəziyyətdə qalanların ərzaq payına göz tikmək vicdansızlığın son həddini yaşamaqdır. Ataların gözəl bir məsəli var – Məscidin qapısı açıqdır, bəs itin abrına nə gəlib?...
Mətləb Qurbanov
Facebook-da paylaş







