Həbs olunan Mahir Quliyevə “ilin başçısı” mükafatı verən QHT rəhbəri danışdı

Səbuhi Abbasov: “Biz heç kimin fəaliyyətini qiymətləndirmirik....”
Biləsuvar icra başçısı Mahir Quliyevin həbsindən sonra cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də ona “ilin başçısı” mükafatını verən QHT sədri oldu. QHT sədri, internet-media eksperti Səbuhi Abbasovun M.Quliyevə mükafat-plaket verən yerdə çəkilən şəkilləri və bununla bağlı informasiyalar internet resurslarında yayılmağa başladı.
S.Abbasov Musavat.com-a açıqlamasında bu mükafatın verilməsi və ətrafındakı detallar barədə danışdı.
Müsahibimiz bildirdi ki, sözügedən sorğu 10 ildən çoxdur, rəhbərlik etdiyi QHT-nin nəzdində fəaliyyət göstərən Sorğu mərkəzi tərəfindən edilir. Onun sözlərinə görə, bu, tək deyil, təxminən 4-5 istiqamət üzrə bu sorğu həyata keçirilir: “Təşkilatımızın könüllüləri tərəfindən reallaşan sorğuda əsasən gənclər aktiv iştirak edir. Bu günə qədər 4 rektor, 5 icra başçısı, 4 səfir və s. müvafiq istiqamətlər üzrə sorğu qalibləri olublar. Bunu tək biz yox, hər il ölkədə təxminən 50-dən çox təşkilat, sayt edir. Konkret Biləsuvara gəldikdə isə sorğu 4 il öncə, 2016-cı ildə keçirilib. O vaxt oradakı gənclər çox aktiv, eyni zamanda dinamik idilər. Az qala redaksiyaya zəng edib hər səsin davasını döyürdülər. Yaxşı yadımdadır, elə həmin dönəmlərdə Biləsuvar gənclərinin aktivliyi naticəsində rayon Gənclər İdman Nazirliyinin də keçirdiyi sorğunun qalib oldu və “Gənclər Paytaxtı” mükafatını almışdı”.
S.Abbasov bildirdi ki, bu, adi, yüzlərlə təşkilat tərəfindən aparılan sorğular kimidir və sırf ictimai nəzarət funksiyanın inkişafını stimullaşdırmağa hesablanıb.
Onun sözlərinə görə, bu sorğunun üstündən 4 il keçib və bu illər ərzində Mahir Quliyevlə bağlı rəhbərlik etdiyim saytda kifayət qədər pozitiv və neqativ yazılar da dərc edilib, şikayətlər işıqlandırılıb: “Bu hala ancaq təəssüflənir, digər rayon rəhbərlərinin ibrət, dərs götürmələrini arzu edirəm”.
Əməkdaşımızın “4 il əvvəl Mahir Quliyev gerçəkdən də nümunəvi icra başçısı olubmu” sualına cavabda isə S.Abbasov bildirdi ki, onlar əslində heç kimin fəaliyyətini qiymətləndirmirlər, sorğunun nəticələrini təqdim edirlər: “Bəlkə 4 il əvvəl situasiya indikindən daha yaxşı olub. Əslində bu bizim yox, aidiyyatı qurumların işidir. Biz sadəcə texniki olaraq sorğunu təşkil edir, qalibə mükafatı təqdim edirik. Mahir Quliyevi deyə bilmərəm, amma 4 il əvvəl oranın Gənclər və İdman idarəsi möhtəşəm işlər gördülər, yüzlərlə fəal, könüllü gənc rayon işinə cəlb edilmişdi. 2016-dan bəri sıx əlaqəm yoxdu, bəlkə də, o gənclər yenə də fəaldırlar”.
Müsahibimiz eyni zamanda bundan sonra müvafiq sorğuları davam etdirib-etdirməyəcəkləri ilə bağlı sualı da cavabladı. Dedi ki, bu sorğunu mərkəzin rəhbəri, gənc könüllümüz Malik Qafarov edir: “O da davam etdirəcək. Bu günə qədər belə yanaşmalar çox olub. Bizim əsas məqsədimiz region gənclərinin region idarəçiliyinə olan maraqlarını artırmaqdır, buna da hər sorğuda nail oluruq. Sorğu gedən dönəmdə təşkilatın saytının gündəlik İP-si 50 mini keçir. İnanmaq çətindir, ancaq həqiqətdir”.![]()
Rubrika.Az
Facebook-da paylaş














