Banklara 563 min manat ziyan vuran kibercinayətkarlar kimdir? – Məhkəmə
![]()
Kibercinayətkarlıq yolu ilə Azərbaycanda 3 banka külli miqdarda ziyan vurduğları üçün həbs edilən Rusiya və Ukrayna vətəndaşları 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Rubrika.Az-ın “Yeni Sabah”a istinadən məlumatına görə, Cinayət məcəlləsinin 177.4, 193.3.2, 193-1.3.1, 271.3, 272.3, 320.1 və 320.2-ci maddələri ilə məhkum olunan Serb Andrey Borisoviç və Lunin Pavel Sergeyeviçin məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, hər iki şəxs 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Rəsmi məlumata görə, 2018-ci ilin mayında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətləri birgə yaydığı məlumata əsasən, bank məlumatlarının və əməliyyatlarının elektronlaşdığı müasir dövrdə informasiya texnologiyalarından mütəşəkkil istifadə edilməklə banklarda olan vəsaitlərin ələ keçirilməsi meyllərinin də artması müşahidə olunur. 2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub.
Qeyd olunan məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç müəyyən edilərək saxlanılıb, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulmuş, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb. Lunin Pavel Sergeyeviç və Serb Andrey Borisoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 271-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 320 ( sənədləri saxtalaşdırma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Zərərçəkmiş tərəflər "Ekspressbank"a 81 min manat , "Azərtürkbank"a 341 min manat, "Azəriqazbank"a isə 141 min manat zərər dəyib.
Rubrika.Az
Facebook-da paylaş














