• ABŞ-dakı azərbaycanlı vəkil immiqrasiya qadağalarından danışdı- MÜSAHİBƏ- VİDEO

    ABŞ-dakı azərbaycanlı vəkil immiqrasiya qadağalarından danışdı- MÜSAHİBƏ- VİDEO


    ABŞ-da koronavirusun geniş yayılması səbəbindən bir sıra qərarlar qəbul edilib. Bu da immiqrantlar və ştatlara miqrasiya etmək niyyətində olan vətəndaşlara bilavasitə təsir göstərə bilər. Təbii ki, bu qərarlar ölkədə yaşayan həmvətənlərimizdən də yan keçmir. Uzun illərdir ABŞ-da yaşayan immiqrasiya üzrə vəkil Vüqar Cəfərov "Report"un xüsusi müxbirinin bununla bağlı suallarını cavablandırıb.

    - Əvvəlcə özünüz haqqında qısa məlumat verərdiniz...

    - Mən 2003-cü ildən ABŞ-da yaşayıram. 2006-cı ildə hüquq fakültəsini bitirdikdən sonra sığorta və maliyyə şirkətlərinə, eləcə də hüquq firmalarına məsləhət verən hüquq məsləhətxanasında işləmişəm. 2010-cu ildə isə öz firmamı qurmuşam. Hazırda ofisimiz Boston şəhərində yerləşir. Xüsusilə azərbaycanlıların yaşadığı bölgələrdə həmvətənlərimizə dəstək olmağa çalışırıq. Firmamızın əsas fəaliyyət sahəsi immiqrasiya dediyimiz federal hüquqdur. Biz bu gün dünyanın hər yerindən gələn insanlara yardım göstəririk. 130-dan çox ölkədən gələn və fəaliyyətimizdən yararlanan vətəndaşlar var. Əslində lisenziyamızı Nyu-York şəhərindən almışıq. Ancaq əyalət hüququnu icra etdiyimizdən istənilən ştatda fəaliyyətimizi davam etdirə bilirik. Bostonda da xeyli sayda azərbaycanlılar var, onlara yaxından dəstək oluruq.

    - ABŞ hökuməti koronavirus pandemiyasına görə hansı qərarlar alıb?

    - Son günlərdə hökumət xüsusilə virusun ölkədə yayılmasından sonra yeni qərarlar qəbul edib və almaqda da davam edir. Hər gün ABŞ Dövlət Departamentinin səhifəsində yeni qərarların dərc edilməsinin şahidi oluruq. Məhkəmələr, miqrasiya ofisləri, dövlət idarələri ay sonunadək bağlanıb. Hətta bu müddətin yenidən uzadılması mümkündür. Bildiyiniz kimi, ABŞ qanunvericiliyində edam cəzaları var. Bu qərar da edam olunan şəxslərin ailə yaxınlarının qatılmasıyla icra olunduğundan təxirə salınıb. Amerika yerli idaretmənin daha dominant olduğu bir ölkədir və federal hökumətlərin aldığı xüsusi əhəmiyyətli qərarlar var. Hər ştatda valiliyin və bələdiyyələrin aldığı fərqli karantin qaydaları da daxil olmaqla, insanların həyatına birbaşa təsir göstərəcək xüsusi qərarlar qəbul olunub.

    ABŞ-dakı azərbaycanlı vəkil immiqrasiya qadağalarından danışdı- MÜSAHİBƏ- VİDEO

    Mən xüsusilə bu günlərdə qəbul edilən və azərbaycanlıları da maraqlandıran əsas məsələlərə toxunmağa çalışacağam. Hökumət koronavirus pandemiyası nəticəsində ölkə vətəndaşları üçün iş yerlərinin qorunmasına zərurət yarandığını əsas gətirərək miqrant axınını müvəqqəti dayandırdığını açıqlayıb. Yəni aprelin 23-dən etibarən 60 gün ərzində ölkəyə miqrantların girişinə qadağa qoyulub. Bu qərarın əhatə dairəsi daha da genişləndirilə bilər. Sadəcə, immiqrantlar deyil, nonimmiqrant dediyimiz şəxslərə də qərar şamil oluna bilər.

    ABŞ-ın miqrasiya ilə bağlı qərarı pasportunda Birləşmiş Ştatların vizası olan, dünyanın istənilən ölkəsində yaşayan vətəndaşlara şamil olunmur. Bu qərar daha çox "Green Card"la ABŞ-da yaşamaq izni əldə etmiş ailələrin fərdlərinə təsir edir və edəcək. Eyni zamanda "Green Card" lotereyasını ötən il qazanan və sentyabrın sonunadək ölkəyə girməyə çalışan insanların vəziyyəti qeyri-müəyyəndir. Bildiyiniz kimi, "Green Card" ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsidir. “Green Card” aldıqdan sonra qanuni şəkildə ABŞ-da yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimdə girib-çıxmaq hüququ əldə edirsiniz. “Green Card” sahibi ABŞ vətəndaşı ilə eyni hüquqlara malikdir. Ancaq yeni qərarlar bəzi istisnalar olmaqla, ABŞ-a "Green Card"la gələn əcnəbi vətəndaşlara da təsir göstərir. Bu qadağalar daimi yaşayış verməyən vizalara şamil olunmur. Bunlar tələbə vizası, turist vizası (B1, B2), biznes vizası (E-1, E-2) və sairdir.

    ABŞ-dakı azərbaycanlı vəkil immiqrasiya qadağalarından danışdı- MÜSAHİBƏ- VİDEO

    - Bəs ABŞ hökumətinin pandemiya ilə əlaqədər yardımlarından həmvətənlərimiz hansı şərtlərlə yararlana bilər?

    - ABŞ vətəndaşları ilə yanaşı, ölkədə çalışanlar və son iki ildə, yəni 2018 və ya 2019-cu ildə vergi ödəyən bütün həmvətənlərimiz yardımlardan yararlana bilərlər. Ödənişlər avtomatik olaraq hesaba köşürülür. Ailədə valideynlərə 1 200, uşaqlara isə 500 dollar olaraq birdəfəlik yardım paketi verilir. Bununla yanaşı, ABŞ-da yaşayan kiçik və böyük biznesləri olan xeyli sayda həmvətənimiz var. Onlara da hökümət tərəfindən xüsusi dəstək paketləri təqdim olunub. Belə ki, onların iki ay yarım müddətində xərclərini ödəyirlər. Bunun üçün də müraciət etmək lazımdır. Birinci dəstək paketi bitti, son günlərdə ikinci və ciddi dəstək paketi ayrıldı. Sadəcə, həmvətənlərimiz mütəmadi olaraq qəbul edilən qərarlarla bağlı məlumat almalı və lazımi sənədləri vaxtında göndərməlidirlər.

    - Məlum olduğu kimi, "Green Card" lotereyasının açıqlanması müddəti uzadılıb. Bununla bağlı nə yenilik ola bilər?

    - "Green Card" lotereyasının nəticələri mayın 5-də açıqlanmalıydı. Ancaq hökumət pandemiya səbəbindən iyunun 6-na təxirə saldı. Təbii ki, nəticələr açıqlandıqdan sonra digər mərhələnin necə olacağı lotereyanı qazanmağa ümid edən hər kəsi düşündürür. Növbəti mərhələdə lotereya qalibləri oktyabrın 1-nə qədər vizalarını alıb ABŞ gələ biləcəklər. Burada kifayət qədər zamanlarının olduğunu düşünürəm.

    Ötən il lotereyanı qazanıb pasportunda “Green Card” vizası olanların isə narahatlığına əsas yoxdur. Onlar sərhədlər açıldıqdan sonra ABŞ-a gələ biləcəklər. Fikrimcə, lotereyanı qazanıb hələ də viza ala bilməyən şəxslər problemlə üzləşə bilərlər. Çünki hazırkı qərarla 60 gündən sonra ölkəyə giriş müddəti təkrar uzadıldığı təqdirdə, yəqin onlar bu şanslarını itirəcəklər. Ancaq yenə də hökumətin bu mövzuda alternativləri dəyərləndirib həmin şəxslərə əlavə vaxt verəcəyinə ümid edək.





    Rubrika.Az


    Facebook-da paylaş