Əli Hüseynli: "Azərbaycanda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya yenidən formalaşdırılır" - VİDEO

"Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya hakimiyyətin üç qolunun nümayəndələrindən ibarətdir. Bunlar icra hakimiyyəti, məhkəmə və parlamentdir. Parlamenti qurumda beş nəfər təmsil edir. İndi Azərbaycanda Korrupsiyaya qarşı mubarizə üzrə Komissiya yenidən formalaşdırılır".
Rubrika.Az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) "Jurnalist araşdırması" verilişinin qonağı olarkən, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib. Birinci vitse-spiker bildirib ki, indiki siyasi konfiqurasiyanı nəzərə alıb, Komissiyada həm də, digər siyasi partiyaların təmsilçiliyi əhəmiyyətli olardı: "Cəmiyyətimiz də, hüquq-mühafizə orqanları da, parlamentin korrupsiyaya qarşı mübarizəyə verdiyi dəstəyi müşahidə edirlər”. Ə.Hüseynli onu da bildirib ki, korrupsiyaya qarşı mübarizədə hakimiyyət dönməz və qətiyyətli mövqedən çıxış edir.
Qeyd edək ki, Komissiyanın tərkibi, beş nəfər Azərbaycan Prezidenti tərəfindən təyin olunmuş şəxslərdən, beş nəfər Milli Məclis tərəfindən təyin olunmuş şəxslərdən, beş nəfər isə Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş şəxslərdən formalaşır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılıb və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.
Rubrika.Az
Facebook-da paylaş
















