“Sizin vaxtında və doğru qərarlarınız xalqımızı ağır itkilərdən qorudu”
![]()
Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlət başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlar Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Rubrika.Az Prezidentin saytına istinadla dövlət başçısına ünvanlanan məktubların bir qismini təqdim edir:
Füzuli rayonunun 4-cü Zobucuq qəsəbəsinin sakini, şəhid ailəsinin üzvü Səadət Hüseynova yazır: “Möhtərəm cənab Prezident, koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri Azərbaycan vətəndaşı, eyni zamanda, bir mədəniyyət işçisi olaraq məni ürəkdən sevindirir. Sizi daim xalqın yanında görmək bizi fərəhləndirir. Bu təhlükəli virusun respublikamızda yayılmaması üçün gördüyünüz işlər olduqca təqdirəlayiqdir. Siz karantin rejimi dövründə mədəniyyət işçilərinə diqqət və qayğınızı əsirgəmədiniz. Karantin müddətində əməkhaqlarımız saxlanılmaqla növbədənkənar məzuniyyətə buraxılmağımız buna ən gözəl nümunədir. Füzuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi bütün sahələrdə olduğu kimi, pandemiyanın qarşısının alınması üçün verdiyiniz qərar və göstərişləri də dəstəkləyir, bu mübarizədə daim Sizin yanınızdadır.
Möhtərəm cənab Prezident, şəhid ailəsinin üzvü olaraq bu çətin günlərdə xalqımıza, o cümlədən biz mədəniyyət işçilərinə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm”.
Ağsu rayonunun Bənəcik kəndindən tələbə Qurban Babazadə: “Möhtərəm cənab Prezident, Planetimizi cənginə alan koronavirus pandemiyası nəticəsində bu gün dünya iqtisadiyyatı dərin böhran və çətinliklə üzləşib. Lakin Sizin verdiyiniz göstərişlər nəticəsində ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını almaq mümkün oldu.
Cənab Prezident, Sizin uğurlu siyasətinizin bariz nümunəsidir ki, Azərbaycanda sabitlik hökm sürür, yoluxma halları getdikcə azalır. Bu günlərdə Sizin və Mehriban xanımın xalqımıza böyük qayğınızın və dəstəyinizin şahidi olduq. Allah Sizi qorusun! Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzu edirik”.
Bakı şəhərinin Xətai rayonunda yaşayan şagird Murad İbadovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, mən 6-cı sinifdə oxuyuram. Hər gün onlayn şəkildə dərslərimə davam edirəm.
Cənab Prezident, bütün dünyada tüğyan edən pandemiyaya baxmayaraq, Sizin uzaqgörən siyasətiniz, verdiyiniz qərarlar sayəsində ölkəmizdə bu xəstəlik geniş yayılmadı. Sizin sayənizdə ölkəmiz normal həyata qayıdır.
Cənab Prezident, gördüyünüz işlər biz məktəblilərə çox böyük köməkdir və daha işıqlı gələcəyə ümid verir. Buna görə Sizə təşəkkürümü bildirirəm”.
Qubadlı rayonundan məcburi köçkünlər Dilarə Aydınova və Cavid Almuradov: “Möhtərəm cənab Prezident, məcburi köçkünlər Sizə duaçıdırlar. Həm sosial problemlərimizin həllinə, həm də pandemiya dövründə az itki verdiyimizə görə Sizə təşəkkür edirik.
Biz, Qubadlıdan olan məcburi köçkünlər Sizi və ailə üzvlərinizi özümüzə ən yaxın insanlar bilib həmişə dəstəkləmişik. Sizin yolunuzla ona görə gedirik ki, bu yolda inkişaf, tərəqqi var.
Sizin pandemiya ilə əlaqədar xalqa müraciətləriniz bizim üçün müstəsna rol oynadı. Dəyərli tövsiyələr, həmrəyliyə çağırış bizim bu xəstəliklə layiqli mübarizə aparmağımıza zəmin yaratdı. Sizə bir daha təşəkkür edirik, cənab Prezident”.
Quba rayonunun sakinləri Xəzər Lalayev, Hacı Şabanov, Tərlan Abdürrəhmanov və Qəmbər Vəliyev yazırlar: “Hörmətli cənab Prezident, koronavirusla mübarizədə ölkəmiz üçün en doğru qərarları verdiniz. Sizin vaxtında və doğru qərarlarınız xalqımızı ağır itkilərdən qorudu. Uca Rəbbimizin köməyi, Sizin müdrik qərarlarınız, həkimlərimizin fədakarlığı sayəsində koronavirus təhlükəsi ölkəmizdən geri çəkilir. Biz hər zaman Sizin yanınızdayıq, necə ki, Siz hər zaman Azərbaycan xalqının yanındasınız. Əminik ki, bundan sonrakı fəaliyyətiniz, gələcək addımlarınız da xalqımızın rifahını yüksəltməyə xidmət edəcək. Biz Sizinlə fəxr edirik, cənab Prezident”.
Siyəzən rayonunun Həmyə kəndindən Nəzrin İskəndərova: “Cənab Prezident, Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşı olmaqdan, doğma Azərbaycanımızda yaşamaqdan qürur duyuram.
Azərbaycan xalqının sağlamlığı və ölkəmizin təhlükəsizliyi üçün gördüyünüz tədbirlər, vətəndaşlarımızın rifahı naminə aparılan işlər təqdirəlayiqdir. Xüsusi karantin rejiminin tətbiqi, kütləvi və ictimai yerlərdə bir müddət qadağaların və məhdudiyyətlərin olması öz səmərəsini verdi. Bu tədbirlər koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında həlledici oldu. İnanıram ki, həmin qadağa və məhdudiyyətlər tədricən aradan qaldırıldıqdan sonra da vətəndaşlarımız virus təhlükəsinə qarşı ayıq-sayıq olacaq, həssas davranacaqlar. Çünki hamımız başa düşürük ki, bu, koronavirusa qarşı mübarizədə uğurumuzun əsas şərtidir. Cənab Prezident, bu çətin mübarizə dönəmində gördüyünüz çoxsaylı təqdirəlayiq işlərə görə Sizə minnətdarlığımı bildirirəm”.
Rubrika.Az
Facebook-da paylaş










