• Azərbaycan Prezidenti İlham Əliyev: "Torpaqlarımızın Ermənistana verilməsini unutmaq və bağışlamaq olmaz"

    Azərbaycan Prezidenti İlham Əliyev: "Torpaqlarımızın Ermənistana verilməsini unutmaq və bağışlamaq olmaz"

    Tərtər Olimpiya İdman Kompleksinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitqi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təbliğatın bir çox mühüm istiqamətlərini əhatə edib. RUBRİKA.AZ Musavat.com- a istinadən həmin çıxışın əsas tezislərini təqdim edir.

    ***

    Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında Ermənistanı terror dövləti adlandıraraq deyib:

    - Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər;

    - İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb;

    - Sərsəng su anbarının inşası Azərbaycan Respublikası tərəfindən, respublika büdcəsi tərəfindən həyata keçirilib. İndi isə mənfur qonşular bizim suyumuzu kəsiblər. Bu, ekoloji terrordur;

    - Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır;

    Ermənistanda hakimiyyətin faşist mahiyyəti dəyişməz olaraq qalır

    - Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır;

    - Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar;

    - Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir.


    Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların mövqeyi Azərbaycanın mövqeyini gücləndirir

    - Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir;

    - Azərbaycanın səyləri nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər;

    - Azərbaycanın bir çox ölkələrlə ikitərəfli formatda imzaladığı strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir.

    Ermənistanın dinc əhalini bombalaması faşizmin təzahürüdür

    - Siyasi və hüquqi baxımdan Azərbaycanın mövqeyi mükəmməl, Ermənistanın mövqeyi isə qüsurludur;

    - Azərbaycan iqtisadi, hərbi sahədə Ermənistandan qat-qat güclüdür;

    - Ermənistanın Tərtər şəhərini, Ağdamın kəndlərini bombalaması faşizmin təzahürüdür;

    - Azərbaycan Ordusunun gücünün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur;

    2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər

    - Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir;

    - Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıbdır, ictimaiyyətə təqdim edibdir;

    - Onların generalları oğru, onların dırnaqarası “qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur;

    - 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər.

    Avropa Şurasının riyakar mahiyyəti heç kim üçün sirr deyil

    - Dağlıq Qarabağda xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər şoudur, təlxəklər tamaşasıdır;

    - Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb.

    - Dağlıq Qarabağdakı “seçki” şousu ilə bağlı Avropa Şurasının susmasının səbəbi odur ki, AŞPA Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir;

    - Avropa Şurası saxta seçkilərlə bağlı səsini çıxartmadığı təqdirdə bu təşkilatda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!

    - Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər kağız parçasından artıq deyil;

    - Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür;

    - Qoy, bir bəyanat versinlər ki, indi dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində;

    - Avropa Şurasının riyakar mahiyyəti heç kim üçün sirr deyil;

    - Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar.

    Ermənistandakı cinayətkar rejim bütün milli azlıqları əzib

    - Ermənistandakı cinayətkar rejim bütün milli azlıqları əzibdir. Orada bir dənə də olsun milli azlıq yoxdur;

    - Azərbaycanın qədim torpaqlarında bir dənə də olsun azərbaycanlı qalmayıb;

    - Bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıbdır, azərbaycanlıların tarixi irsi silinibdir;

    - Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir;

    - Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub.

    Torpaqlarımızın Ermənistana verilməsini unutmaq və bağışlamaq olmaz

    - İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır;

    - XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrgöstərir ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir;

    - Ermənilər Azərbaycan torpaqlarına, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər;

    - 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb;

    - İrəvan qədim Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın;

    - Bunu unutmaq və bağışlamaq da olmaz. Guya bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox!

    - Azərbaycanın qədim diyarı Zəngəzur da Ermənistana verildi və bununla da böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi;

    - Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimizin Ermənistana verilməsi düzgün addım olub?

    İdmanla bağlı tədbirlərin əsas məqsədi insanların sağlamlığını təmin etməkdir

    - Azərbaycanın bölgələrində idman qurğularının tikintisi geniş vüsət alıb. Azərbaycan bu parametr üzrə dünya miqyasında qabaqcıl yerlərdədir.

    - Bölgələrdə tikilmiş Olimpiya komplekslərinin sayı artıq 46-ya çatıb, 5 rayonda Olimpiya İdman komplekslərinin tikintisi davam edir;

    - Azərbaycanın idman infrastrukturu istənilən beynəlxalq yarışın keçirilməsi üçün imkan yaradır;

    - Həm Avropa Oyunları, həm IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi idman potensialımızı gücləndirdi, Azərbaycanı dünyada müasir ölkə kimi təqdim etdi;

    - Azərbaycana gələn hər bir qonaq öz gözü ilə ölkəmizin inkişafını, xalqımızın rahat yaşamasını, ölkəmizdə hökm sürən sabitliyi görür;

    - Bu gün müasir və müstəqil Azərbaycan dövləti ən yüksək zirvədədir;

    - Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır;

    - Bizim idmanla bağlı tədbirlərimizin əsas məqsədi insanların sağlamlığını təmin etməkdir;

    - Bu və digər tədbirlər nəticəsində Azərbaycanda insanların ömrünün uzunluğu artıb. Azərbaycan xalqı indi daha sağlamdır.

    RUBRİKA.AZ


    Facebook-da paylaş