“Biz icma olaraq həftə sonu karantin qaydalarına tam əməl etmişik” - Tural Gəncəliyev

“Bildiyimiz kimi, COVİD-19 virusunun yayılmasının qarşısını almaq məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Karantin günlərində geniş şəkildə dezinfeksiya işlərinin şahidi olduq”.
Rubrika.Az bildirir ki, bu fikirləri deputat, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev Musavat.com-a açıqlamasında bildirdi. Millət vəkili qeyd etdi ki, həyata keçirilən tədbirlərdə başlıca məqsəd əhalinin sağlamlığı qorumaq və virusa yoluxma sayını minimuma endirməkdir: “Biz cəmiyyət olaraq bacardıqca bu pandemiyadan az itkilərlə çıxmalıyıq. Hesab edirəm ki, vətəndaşlarımız bunu anlayışla qarşılamalıdırlar”.
Konkret İcmanın və onun rəhbərliyinin fəaliyyətinə gəldikdə isə, T.Gəncəliyev bunları bildirdi: “Biz icma olaraq həftə sonu karantin qaydalarına tam əməl etmişik. İlk iş günündən etibarən bütün əməkdaşlarımız işə çıxıb. Sosial izoliyasiya şərtlərinə əməl olunmaqla fəaliyyət planımızı müzakirə etmişik. Həmçinin icra edilməkdə olan və gələcəkdə icrası nəzərdə tutulan layihələrlə bağlı əməkdaşlarımızla fikir mübadilələri aparmışıq”. İcma rəhbəri qeyd etdi ki, Milli Məclisin deputatı olaraq həm seçicilərilə iş, həm də icma rəhbəri kimi icma üzvlərinin qayğıları ilə maraqlanmaq bizim gündəlik fəaliyyətimizin tərkib hissəsidir: “Demək olar ki, həftənin birinci və ikinci günü Dağlıq Qarabağdan olan çox saylı insanı qəbul edib, qayğıları ilə maraqlanıb, yaranmış problemlərlə bağlı müvafiq instansiyalara müraciətlər etmişik və hazırda da bunu etməkdəyik”.
Rubrika.Az
Facebook-da paylaş














