BDU-nun “media fəlsəfəsi”- şəxsi inciklik və qisasçılıq...
![]()
Biz hər kəsin mövqeyini yayımlamağa hazırıq-hər halda fikir azadlığını mühazirə olaraq oxumuruq, iş prinsipi olaraq tətbiq edirik
26 iyun tarixində saytımızda “BDU-da karantin qaydaları pozulur” başlıqlı məqalə yayımlanıb. Yazıda iyunun 21-də BDU-da Mətbuat xidmətinin rəhbəri Günel Orucəliyevanın ad günü mərasiminin keçirilməsi və karantin qaydalarının pozulması barədə məlumat verilir. Həmçinin məlumatda BDU-nun iki məsul şəxsinin- prorektor Əliş müəllimin və Jurnalistika fakultəsinin dekanı Vüqar Əliyevin də təkzibedici fikirlərinə yer ayrılıb. Lakin nədənsə bu təkziblərdən razı düşməyən Vüqar Əliyev, Günel Orucəliyeva və Ramin Rzayev daha lirik, poetik, dramatik bir təkzib vermək fikrinə düşüblər. Media fəlsəfəsinin incəliklərini özündə ehtiva edən və jurnalistika fakultəsinin müəllimlərinin hansınınsa mühazirəsindən köçürülmüş təkzib açığı çox xoşumuza gəldi. Baxmayaraq ki, BDU-nun hörmətli ziyalıları bizi öz “təkzibiyyə”lərində “ünsür” adlandırırlar, amma media mənsubları üçün bir çox vacib məqamları xatırlatdıqları üçün oxumağa dəyərdi. Amma, başa düşmədik ki, nəyə görə bu “təkzibiyyə” məktubunu elə bizim saytımıza ünvanlamayıblar? Əgər fikirləşiblərsə ki,biz onların mövqeyini işıqlandırmayacağıq, onda uzun-uzadı bəhs etdikləri media fəlsəfəsini özləri təkzib ediblər. Biz hər kəsin mövqeyini yayımlamağa hazırıq - hər halda fikir azadlığını mühazirə olaraq oxumuruq, iş prinsipi olaraq tətbiq edirik.
Daha sonra dəyərli ziyalılar iddia edir ki, media fəlsəfəsi “şəxsi incikliyi və prinsiplərinin qurbanına çevrilmiş şəxslərin əlində qisas alətinə çevrilməməlidir”. Razıyıq, amma bizim üçün sıradan olan bir xəbərdə hansı inciklik və qisas ola bilər? Əslində kimin incik düşdüyü və qisas hissi ilə yaşadığı “təkzibiyyə”dən aydın olur.
İnanırıq ki, Jurnalistika fakultəsinin məsul şəxsləri öz yazdıqlarından tədris prosesində istifadə etməyəcəklər. Yoxsa gələcəkdə şəxsi inciklik prinsiplərinin qurbanı olan qisasçı bir jurnalist nəsli yetişə bilər!
P.S. BDU-nun rəsmi saytında göstərilir ki, Orucəliyeva Sevinc İsgəndər qızı 22 iyun 1983-cü ildə Bakıda (?) şəhərində anadan olub. Elə-belə yazdıq, Sevinc xanımı ürəkdən təbrik edirik !
Nicat Mahmudov
Rubrika.Az
Facebook-da paylaş














