• AZƏRBAYCAN POLİSİ BAYRAMINIZ MÜBARƏK!

    AZƏRBAYCAN POLİSİ BAYRAMINIZ MÜBARƏK!

    Mehriban Əliyeva: «Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığı qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq!»

    102 illik tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Son zamanlar baş verən müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradılıb, ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı uğurlu mübarizəyə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradılıb.

    Pandemiya ilə mübarizə dönəmində Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə həyata keçirir. Biz bunları istər yol patrul xidmətinin əməkdaşlarının yollarda hərəkətin tənzimlənməsində göstərdikləri xidmətdə, istər daxili qoşunların əməkdaşlarının fəaliyyətində, istərsə də digər polis əməkdaşlarının göstərmiş olduqları fədakarlıqlarda görə bilərik. Bu çətin və məsuliyyətli günlərdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general- polkovnik cənab Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan polisi öz dövlətinə sədaqətlə xidmət edərək dünyada ən yaxşı polis nümunəsi göstərdi. COVİD 19 pandemiyası dövründə Azərbaycan polisinin üzərinə böyük məsuliyyət qoyulmuşdu- o həm ölkə ərazisində cinayətkarlıqla mübarizə aparmalı idi, eyni zamanda ictimai asayişi də qorumalı idi. Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə inkişaf mümkündür. Azərbaycan polisi bu vəzifənin öhdəsindən layiqincə gəlməklə bir daha öz peşəkarlığını və şücaətini sübut etdi.

    Cənab nazir Vilayət Eyvazovun təyinatından sonra polis orqanlarında başlanan müsbət tendensiyaları hamı görür. Polisin cəmiyyətdə durmadan artan nüfuzu, sistemə yeni qəbulun tam şəffaf şəkildə aparılması,layiqli şəxslərin polis orqanlarına qəbulu göz önündədir. V.Eyvazovun qısa müddətdə qazandığı böyük nailiyyətlər çoxlarını qıcıqlandırır. Elə bu səbəbdəndir ki, hər tərəfdən qara qüvvələr Azərbaycan polisini hədəf alıb, qarayaxma kompaniyası aparırlar.

    Polis orqanlarında uzun illər şərəfli xidmət yolu keçən kadrlar bu gün V.Eyvazovun başlatdığı islahatlara dəstək verir, var qüvvələri ilə polisin şərəfli adının qorunmasına çalışırlar. Pandemiya dövründə üzərinə ağır yük düşən yol polisi əməkdaşları çətin və məşəqqətli vəzifənin öhdəsindən şərəflə gəlirlər. Bu sahədə şəxsən Ramiz Zeynalovun, Fuad Mayılovun, Mərdan Mehdiyevin və digərlərinin böyük əməyini xüsusilə qeyd etmək lazımdır. Onların hər biri rütbəsindən,vəzifəsindən asılı olmayaraq bu çətin günlərdə ağır zəhmət hesabına yollarda qayda qanunun qorunmasına nail olublar. Pandemiya dövründə həyatlarını riskə atan yol polislərinin şəxsi heyətinin və rəhbərliyinin şücaəti xüsusilə qeyd edilməlidir. Prezidentin, nazirin etimadını bundan yüksək səviyyədə doğrultmaq mümkün deyildi və onlar bunu bacardılar!

    Paytaxtda davam edən karantin günlərində Bakı şəhər Baş Polis İdarəsinin apardığı yüksək səviyyəli xidmət dünyaya bir nümunə hesab oluna bilər. Paytaxt yollarında ictimai asayişin qorunmasında misilsiz xidmətləri olan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyevin, şöbə müdiri İsmayıl müəllim və onun müavini Məhiyyəddin müəllimin göstərdikləri yüksək peşəkarlıq, zabit qətiyyəti Azərbaycan polisinin tarixinə qızıl hərflərlə yazılacaqdır.

    Ölkəmizdə cinayətkarlığa, qanunsuz birləşmələrə qarşı mübarizə ən yüksək səviyyədə həyata keçirilir. Öz həyatları bahasına ölkəmizdə asayişi bərqərar edən polislərin qəhrəmanlığı tariximizin şərəfli səhifələridir. Bu gün də bu sahədə böyük işlər görülür. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bu sahədə gördüyü işlər ölçüyəgəlməzdir. İdarənin rəisi polkovnik Əbülfət Rzayevin yüksək zabit keyfiyyətləri, peşəkarlığı böyük uğurların təməlində duran əsas meyardır.

    Polis əməkdaşlarının əməyi hər zaman dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib. Elə dünən onlarla polis əməkdaşı orden və medallarla təltif edilib. Həmçinin  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verilib. Polis general-mayoru Seyfulla Səttar oğlu Əzimova  polis general-leytenantı ali xüsusi rütbəsi, polis polkovniki Teymur Kamil oğlu Hacıyevə və  polis polkovniki Nurullah Abdulla oğlu Məmmədxanlıya isə polis general-mayoru ali xüsusi rütbəsi verilib. Bu dövlətin polislərin çətin və məsuliyyətli əməyinə verdiyi yüksək dəyərdir.

    2 iyul Azərbaycanda polis günü kimi qeyd olunur. 102 yaşlı Azərbaycan polisi mövcud olduğu tarixin hər dövründə qəhrəmanlıq, humanizm simvolu olub. Bu gün görünməz düşmənlə-amansız virusa qarşı mübarizədə də onlar ön sıradadır. Gözümüzün önündə qəhrəman Azərbaycan polisi növbəti şərəfli tarix səhifələrini yazır. Bu səhifəyə imzasını atan başda cənab nazir Vilayət Eyvazov olmaqla bütün polislərimizi ürəkdən təbrik edirik. Biz sizinlə qürur duyuruq. Bu qüruru bizlərə yaşatdığınız üçün Tanrı sizi qorusun!

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş