Ermənilər xoflanıb: İndi onlar “DQR”-in deyil, Ermənistanın xilası barədə düşünməyə başlayıblar

Azərbaycan yaxın gələcəkdə Cənubi Qafqazda Türkiyənin müttəfiqlik dəstəyini daha ciddi şəkildə hiss etməyə başlayacaq. Bu isə Ermənistanın regiondakı mövcudluğu üçün ən ciddi təhdid rolunu oynaya bilər...
Azərbaycan ordusu cəmisi bir neçə gün ərzində böyük bir zəfər qazandı. Artıq bunun belə olduğunu açıq-aşkar vurğulamaq mümkündür. Və yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində bu zəfərin həlledici təsiri olacaq.
Ermənistan növbəti dəfə hərbi təxribat törətdi və bunun acı nəticələri ilə baş-başa qaldı. Rəsmi İrəvan nə etmək istəyirdi və hansı nəticələrə nail oldu? Yəqin ki, Paşinyan hakimiyyəti yaxın ayları məhz bu sualın cavabını tapmaq üzərində baş sındırmaqla keçirməli olacaq. Cavabı tapa bilib-bilməyəcəyi isə müəmmalı məsələdir.
Ancaq Azərbaycana münasibətdə eyni sözləri söyləmək mümkün deyil. Çünki rəsmi Bakının ixtiyarında savaş meydanında əldə olunmuş konkret və önəmli nəticələr mövcuddur. Halbuki nəticələr yalnız savaş meydanında əldə olunmayıb. Çünki Ermənistanın hərbi təxribatlarına verilən sarsıdıcı cavabdan Azərbaycanın qazandığı dividentlərin əhatə dairəsi kifayət qədər genişdir.
Belə ki, Azərbaycan savaş meydanında Ermənistanın ağzını-burnunu yaxşıca ovdu. Ermənistanın başına dəyən qapazlardan özünə gəlməsi yəqin ki, bir xeyli vaxt alacaq. Hətta özünə gələ bilsə belə, bundan sonra analoji təxribatlara cəsarət edəcəyi o qədər də inandırıcı görünmür.![]()
İndi rəsmi İrəvan üçün əsas vəzifə Ermənistanı necə qorumaq sualı üzərində indeksləşib...
Rəsmi İrəvanın hərbi təxribatlarına Azərbaycan ordusunun sərt cavabı Ermənistan daxilində, eləcə də erməni diasporu içərisində siyasi-psixoloji problemlər, hətta ruh düşkünlüyü yaratdı. Adətən, “dənizdən dənizə Ermənistan” xülyasına dayanan sərsəm iddialarla yaşayan rəsmi İrəvan artıq bunun mümkün olmayacağını dərk etmək məcburiyyətindədir.
Eyni zamanda, Paşinyan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin də uzun müddət indiki situasiya üzrə uzadılmasının mümkünsüzlüyünü anlamalı olacaq. Yəqin ki, rəsmi İrəvan çox yaxın vaxtlarda Azərbaycan ordusunun Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonları azad etməyə başlayacağına qətiyyən şübhə etmir. Və bunun qarşısını almaqda tamamilə gücsüz olduğunu da qətiləşdirmiş durumdadır.
Ermənistan mətbuatının və erməni mənşəli ekspertlərin son şərhlərinə diqqət yetirdikdə, rəsmi İrəvan üçün artıq yeni problemin ortaya çıxmaqda olduğu müşahidə edilir. Belə ki, Ermənistanda hazırda Dağlıq Qarabağ münaqişəsinin gələcək taleyi tədricən arxa plana keçməyə başlayıb. İndi rəsmi İrəvan üçün əsas vəzifə Ermənistanı necə qorumaq sualı üzərində indeksləşib.
Belə ki, Ermənistanda hazırda heç kim Azərbaycanın hərbi əməliyyatlara başlayacağı təqdirdə, yalnız işğal altındakı torpaqları azad etməklə kifayətlənəcəyindən qətiyyən əmin deyil. Narahatdırlar ki, rəsmi Bakı işğal altındakı torpaqları azad etdikdən sonra hərbi əməliyyatları Ermənistan ərazisinə keçirmək niyyətinə düşə bilər. Son baş verənlərə diqqət etdikdə, Ermənistanın belə genişmiqyaslı hərbi əməliyyatlara tab gətirmək üçün hərbi, maliyyə-iqtisadi və canlı insan resurslarının mövcud olmadığı şübhə doğurmur.![]()
Rusiyada yaşayan erməni mənşəli politoloq Gevorq Mirzoyan:
"Əgər, Azərbaycan və Türkiyə bir tərəfdən, Ermənistan və “DQR” digər tərəfdən müharibəyə başlasalar, ermənilər yalnız Qarabağı itirməzlər. Mümkündür ki..."
Rusiyada yaşayan erməni mənşəli politoloq Gevorq Mirzoyanın dediklərindən də Ermənistan üçün təhlükəli situasiyanın ciddiliyi qabarıq şəkildə ortaya çıxır: “Bu gün bir sıra istiqamətlər baxımından, Azərbaycan Silahlı Qüvvələri həm Ermənistanın, həm də Dağlıq Qarabağın birləşdirilmiş ordularından üstündür və ya əhəmiyyətli dərəcədə üstündür. Burada Azərbaycanın səfərbərlik potensialı, zirehli hərbi texnikasının sayı, əhalisinin yaş ortalaması və s. önəmli faktorlar mütləq nəzərə alınmalıdır”.
Göründüyü kimi, erməni politoloq Azərbaycanın xeyrinə dəyişmiş mövcud vəziyyəti rəsmi İrəvandan daha praqmatik şəkildə dəyərləndirir. Onun fikrincə, həm də Azərbaycan bu müharibədə qətiyyən tək deyil: “Azərbaycanın türk müttəfiqləri məmnuniyyətlə onun köməyinə çatacaq. Əgər, Azərbaycan və Türkiyə bir tərəfdən, Ermənistan və “DQR” digər tərəfdən müharibəyə başlasalar, ermənilər yalnız Qarabağı itirməzlər. Mümkündür ki, Yerevanın mərkəzindəki Respublika meydanının adı çox tezliklə dəyişdirilər və İlham Əliyevin (yaxud da Rəcəb Tayyib Ərdoğanın) adını daşıyar”.
Əsas məqam da artıq məhz budur. Belə ki, ermənilər Dağlıq Qarabağı yaxın vaxtlarda itirəcəklərini anlayıblar və bununla artıq barışmış kimi görünürlər. İndi onları düşündürən əsas məsələ Azərbaycanın tarixi torpaqlarında oğurluq üsulla qurmağa nail olduqları Ermənistanı necə xilas etməyin yollarıdır.
Əslində, ermənilərin xoflanması, narahat olması üçün kifayət qədər ciddi əsaslar da var. Belə ki, rəsmi İrəvanın hərbi təxribatları bu dəfə ənənəvi xarici dəstəkdən məhrum qaldı.![]()
Yaxın gələcəkdə Azərbaycanın Türkiyə ilə hərbi ortaqlıq müqaviləsi imzalaya biləcəyi qətiyyən istisna deyil...
Azərbaycanla bağlı vəziyyətsə, tamamilə fərqli oldu. Bir çox beynəlxalq qurumlar və ölkələr Ermənistanın hərbi təxribatlarını sərt şəkildə qınadı. Türkiyə isə ümumiyyətlə, Ermənistana və himayədarlarına savaş mesajı verdi. Rəsmi Ankara Azərbaycana qarşı hərbi təcavüzə seyirçi qalmayacağını, Türkiyənin düşmənin qarşısında olacağını bəyanladı.
Digər tərəfdən, Türkiyə öz hərbi arsenalının Azərbaycanın ixtiyarında olduğunu açıq mətnlə bəyanlamaqla, çox da səbr göstərməyə həvəsli olmadığını biruzə verdi. Və rəsmi Ankaranın bu savaş mesajı Ermənistanın ənənəvi himayədarlarını səhnəarxasında qalmağa sövq etdi.
Təbii ki, bütün bunlar Ermənistanın və ümumiyyətlə, Cənubi Qafqaz regionunun gələcək taleyini dəyişdirə biləcək faktorlardır. Belə ki, yaxın gələcəkdə Azərbaycanın Türkiyə ilə hərbi ortaqlıq müqaviləsi imzalaya biləcəyi qətiyyən istisna deyil.
Məsələ ondadır ki, dünya böyük sürətlə dəyişməkdədir. Və bu proses yəqin ki, Cənubi Qafqaz regionundan da yan keçməyəcək. Hər halda, Rusiyanın son dövrlərə qədər aktual olan regional hegemonluğunun sarsıla biləcəyi qətiyyən istisna deyil. Buna paralel olaraq, Türkiyənin Cənubi Qafqaza nüfuz etməsi üçün münbit şərait yarana bilər və rəsmi Bakının bu məsələdə öz əsas müttəfiqinə yardım göstərməyə həvəsli olacağı da qətiyyən şübhə doğurmur.![]()
Azərbaycan bundan sonra Cənubi Qafqazda Türkiyənin müttəfiqlik dəstəyini daha ciddi şəkildə hiss etməyə başlayacaq. Bu isə Ermənistanın regiondakı mövcudluğu üçün ən ciddi təhdid rolunu oynaya bilər...
Türkiyənin son dövrlərdə ətraf regionlarda öz təsir dairəsini gücləndirməyə başlaması da hadisələrin belə inkişaf ehtimalına inandırıcı görüntülər verməkdədir. Belə ki, rəsmi Ankaranın artıq heç kimlə məsləhətləşmədən Türkiyənin Suriyada, İraqda, Liviyada, ümumiyyətlə isə, Şərqi Ağ dəniz bölgəsində hərbi-siyasi iradəsini qəbul etdirmək istiqamətində qərarlı addımlar atması bu prosesin Cənubi Qafqaza qədər uzana biləcəyini göstərir. Və qeyd etmək lazımdır ki, sadalanan regionlarda Türkiyə Rusiyanın sıxışdırılıb, geri çəkilməsinə də nail olub.
Bu baxımdan, rəsmi Ankaranın eyni addımları Cənubi Qafqaz regionunda da ata biləcəyi istisna deyil. Azərbaycanla müttəfiq olan Türkiyənin belə bir ssenari üzrə hərəkət etməsi üçün artıq münbit şərait də yaranmağa başlayıb.
Belə anlaşılır ki, yaxın gələcəkdə Azərbaycan Cənubi Qafqazda Türkiyənin müttəfiqlik dəstəyini daha ciddi şəkildə hiss etməyə başlayacaq. Bu isə Ermənistanın regiondakı mövcudluğu üçün ən ciddi təhdid rolunu oynaya bilər.//Musavat.com
Rubrika.Az
Facebook-da paylaş










