• Dünya birliyi erməni vəhşiliyinə hələ də susur

    Dünya birliyi erməni vəhşiliyinə hələ də susur

    Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun Banqladeşin “The Daily Observer” qəzetində “Dünya birliyi erməni vəhşiliyinə hələ də susur” sərlövhəli məqaləsi dərc olunub.

    Rubrika.Az
    AZƏRTAC-a istinadən məqaləni təqdim edir.

    Çar Rusiyası tərəfindən Azərbaycanın əzəli torpaqlarına köçürülmüş ermənilər iki əsrdən artıqdır ki, Cənubi Qafqazın dincliyini pozur, özlərinin sərsəm planlarını həyata keçirməyə çalışırlar. Hələ XIX əsrin əvvəllərindən başlayaraq ermənilər xalqımıza qarşı etnik təmizləmə və soyqırımı həyata keçirməyə başlamışlar. Tarixi faktlar sübut edir ki, Rusiya imperiyasının köməyi sayəsində zaman-zaman İrandan və Türkiyədən çoxsaylı erməni əhalisi tarixən soydaşlarımızın yaşadıqları indiki Ermənistan ərazisinə, eləcə də Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə köçürülmüşdür. Gələcəyə hesablanmış bu mənfur siyasətin nəticəsi idi ki, bölgədə əhalinin say tərkibi zaman keçdikcə ermənilərin xeyrinə dəyişirdi. Təkcə onu qeyd etmək kifayətdir ki, 1823-cü ildə Qarabağda 15 min 729 azərbaycanlı və 4 min 366 erməni ailəsi olmuşdur. Qarabağın dağlıq hissəsində erməni əhalisinin sayının artması isə XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir. Həmin illərdə İran, Türkiyə və Cənubi Azərbaycanda yaşayan 200 min nəfərdən artıq erməni İrəvana və Qarabağa köçürülmüşdür. Ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi üçün səxavətini əsirgəməyən çar Rusiyası tərəfindən 200 min desyatindən çox xəzinə torpağı da ayrılmışdır. Çarizmin ermənilərə olan bu himayədarlığı sonrakı dövrlərdə də davam etmiş, 1896-cı ildən 1908-ci ilədək daha 400 min erməni Azərbaycana köçürülmüşdür.
    Çar Rusiyasının havadarlığı erməni millətçilərini “böyük Ermənistan” yaratmaq iddialarını həyata keçirməyə getdikcə daha çox ruhlandırırdı. Onlar bu çirkin niyyətlərini gerçəkləşdirmək məqsədilə XIX əsrin sonlarında Marseldə “Armenakan”, Cenevrədə “Hnçaq” və Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar. Bu partiyaların hər biri fəaliyyətində terrora, etnik təmizləmə və soyqırımı siyasətinə üstünlük verirdi. Məhz bunun nəticəsi idi ki, ermənilər XX əsrin əvvəllərindən etibarən xarici himayədarlarının köməyi ilə azərbaycanlılara qarşı misli görünməmiş terror və soyqırımı həyata keçirmiş, regionda etnik təmizləmə siyasəti aparmışlar. 1905-1906-cı illərdə Bakı, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan, Dərələyəz, Tiflis, Zəngəzur və Qazaxda qırğınlar törədən ermənilər şəhər və kəndləri yandırmış, dinc əhalini amansızlıqla qətlə yetirmişlər. Bütövlükdə isə həmin illərdə erməni quldur dəstələri İrəvan və Gəncə quberniyalarında, eləcə də Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, əhalini öz doğma yurdlarından didərgin salmışlar.
    1917-ci il inqilabından sonra Rusiyada hakimiyyətə gələn bolşeviklər də Cənubi Qafqazda özlərinin ən yaxın müttəfiqləri olan ermənilərə, xüsusən də “Daşnaksütyun” partiyasının və yenicə yaradılmış Erməni Milli Konqresinin fəaliyyətinə “yaşıl işıq” yandırdılar. Bu da regionda terrora və etnik təmizləmə siyasətinə daha geniş meydan verirdi. Belə bir dövrdə Rusiya bolşeviklərinin lideri Lenin tərəfindən Stepan Şaumyan adlı erməni millətçisi Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edildi. Soydaşlarımıza qarşı həyata keçirilən kütləvi qırğın və qarətlərin əsl təşkilatçısı olan S.Şaumyanın bilavasitə rəhbərliyi ilə 1917-ci ilin əvvəllərindən 1918-ci ilin martına qədər olan dövrdə İrəvan quberniyasında, Zəngəzur qəzasında, Qarabağda və soydaşlarımız yaşayan digər bölgələrdə 520-dən artıq yaşayış məntəqəsi viran qoyulmuş, dinc sakinlər qırğına məruz qoyulmuşdur.
    1918-ci ilin əvvəllərindən başlayaraq ermənilər Bakıda, həmçinin Azərbaycanın Quba, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və Şuşa şəhərlərində, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda və digər ərazilərdə misilsiz vəhşiliklər törədərək soydaşlarımızı ən qəddar üsullarla qətlə yetirmiş, bir milyondan çox əhalini doğma torpaqlarından didərgin salmışlar. 1918-ci il martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter almış, Bakı şəhərinin 12 min əhalisi qətlə yetirilmişdir. Bütövlükdə isə erməni silahlı birləşmələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və Azərbaycanın digər ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə öldürülmüşdür.
    Bolşeviklərin təkidli tələbi ilə 1918-ci ildə Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradıldı. Həmin il mayın 29-da Azərbaycanın qədim yaşayış məskəni olan İrəvan şəhəri bu respublikanın paytaxtı elan olundu. Beləliklə, tarixboyu heç zaman dövlətə malik olmayan ermənilər bolşevik Rusiyasının köməyi ilə əzəli Azərbaycan torpaqları hesabına dövlət qurmağa nail oldular. Özgə torpağına göz dikmək, əsrlərboyu qonşu olduğu xalqa, millətə xəyanət yolu tutmaq, əsassız iddialarını həyata keçirmək üçün terrordan, qan tökməkdən belə çəkinməmək erməni xislətinə aid xüsusiyyətlərdir. Mərhum Avstriya tarixçisi Erix Fayql yazırdı ki, görəsən, mənim türkiyəli dostum erməni terrorçusunun gülləsinə tuş gəlməsəydi, mən bu həqiqətləri qələmə almağa cəhd edərdimmi? Amerikalı tədqiqatçı T. Svyatoxovski yazır ki, XIX əsrin sonlarında erməni millətçiləri "Hnçaq" və "Daşnaksütyun" kimi terrorçu təşkilatlar yaradanda bu təşkilatların kimə qarşı cəbhə açacağı və kimdən yardım alacağı aydın idi. Həm də bu təşkilatlar məqsədlərinə çatmaq üçün hansı vasitələrdən istifadə edəcəklərini də gizlətmirdilər. Ancaq müsəlmanlar (azərbaycanlılar–A.İ.) XX əsrin əvvəllərində "Hümmət" təşkilatını yaratmaqla kifayətləndilər. Təşkilatın məqsədi daha çox arzuya oxşayırdı: dünya müsəlmanlarının həmrəyliyinə nail olmaq. Bu həmrəyliyə nail olmaqdan ötrü başqa xalqlar hədələnmir və onların torpaqları gözaltına alınmırdı.
    Sovet hökumətinin mövcud olduğu 70 il ərzində də “böyük Ermənistan” yaratmaq niyyətindən əl çəkməyən ermənilər etnik təmizləmə siyasətini davam etdirərək İrəvan şəhəri və ətraf rayonlardan 150 min soydaşımızı zorla Azərbaycana köçürmüşlər. Sovet dövlətinin qürub çağlarında ölkəyə rəhbərlik edən ermənipərəst Mixail Qorbaçovun xeyir-duasını alan ermənilər Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı ələ keçirmək üçün hərəkətə keçdilər. Beləliklə də Cənubi Qafqazda 32 ildən artıqdır ki, davam edən yeni münaqişə ocağı alovlanmağa başladı...
    1992-ci ilin fevralında erməni hərbi birləşmələri Xocalıda dinc əhaliyə qarşı amansız soyqırımı həyata keçirdilər. Erməni hərbi birləşmələri 366-cı rus alayının köməyi ilə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini yerlə-yeksan etdilər. Xocalı faciəsi zamanı 613 nəfər, o cümlədən 106 qadın və 23 körpə qətlə yetirildi, 487 nəfər əlil oldu, 1275 nəfər əsir alındı, 150 nəfər isə itkin düşdü.
    1992-ci il mayın 8-də Şuşa şəhəri erməni hərbi birləşmələrinin artilleriya və raket atəşi nəticəsində işğal edildi. Elə həmin il mayın 16-18-də erməni hərbi birləşmələri ağır artilleriyanın köməyi ilə Qarabağın dağlıq hissəsindən kənarda yerləşən Laçın rayonunu işğal etdilər. Nəticədə Laçının 71 min nəfər əhalisi doğma yerlərini tərk etməyə məcbur oldu. 1993-cü il aprelin 1-3-də erməni hərbi birləşmələri Qarabağın dağlıq hissəsinin hüdudlarından kənarda yerləşən Kəlbəcər rayonunu işğal etdilər. İşğal nəticəsində 74 min azərbaycanlı öz doğma yurdlarından qovulmuş, 511 nəfər həlak olmuş, 321 nəfər itkin düşmüş və ya əsir götürülmüş, 50 nəfər mülki şəxs yaralanmışdır. 1993-cü ilin aprelində BMT Təhlükəsizlik Şurası 3205-ci iclasında Azərbaycan Respublikasının Kəlbəcər rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal edilməsi ilə bağlı 822 saylı qətnamə qəbul etdi. Qətnamənin 1-ci bəndində işğalçı qüvvələrin həm Kəlbəcərdən, həm də Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılması tələbi öz əksini tapmışdır. Həmin il iyunun 26-28-də erməni hərbi birləşmələri Azərbaycanın Ağdərə rayon mərkəzini və onun kəndlərini işğal etdilər. İyulun 23-24-də Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Ağdam şəhəri erməni hərbi birləşmələri tərəfindən işğal edildi. Şəhərin 165 min əhalisi öz dədə-baba torpaqlarını tərk etməyə məcbur oldu. Erməni hərbi birləşmələrinə qarşı müharibədə ağdamlılar 6 min şəhid verdilər. 1993-cü il iyulun 29-da BMT-nin Təhlükəsizlik Şurası 3259-cu iclasında Azərbaycan Respublikasının Ağdam rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal olunması ilə əlaqədar 853 saylı qətnamə qəbul etdi. Qətnamənin 3-cü bəndində Ağdam rayonunun və Azərbaycanın işğal olunmuş digər ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələbi öz əksini tapdı. 1993-cü il avqustun 23-də Qarabağın dağlıq hissəsindən kənarda yerləşən Füzuli şəhəri və onun kəndləri erməni hərbi birləşmələri tərəfindən işğal edildi. İşğal nəticəsində daha 146 min nəfər azərbaycanlı öz yaşayış yerini tərk etdi. Avqustun 24-də Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Cəbrayıl şəhəri və onun kəndlərinin erməni hərbi birləşmələri tərəfindən işğal edilməsi nəticəsində 66 min nəfər azərbaycanlı evindən didərgin düşdü. Avqustun 31-də Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Qubadlı rayonunun mərkəzi və onun kəndləri erməni hərbi birləşmələri tərəfindən işğal edildi. Nəticədə 37 min 900 nəfər azərbaycanlı daimi yaşayış yerini tərk etdi. Həmin il oktyabrın 14-də BMT-nin Təhlükəsizlik Şurasının 3292-ci iclasında qəbul etdiyi 874 saylı qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş rayonlarından çıxarılmasının zəruriliyi yenidən qeyd olunmuşdur. 1993-cü il oktyabrın 30-da Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Zəngilan rayonunun mərkəzi və onun kəndləri erməni hərbi birləşmələri tərəfindən işğal edildi. Nəticədə 39 min 500 nəfər azərbaycanlı ev-eşiyindən didərgin düşdü. Noyabrın 12-də BMT-nin Təhlükəsizlik Şurası Zəngilan rayonunun və Horadiz şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğal edilməsi ilə əlaqədar 884 saylı qətnamə qəbul etdi. Qətnamənin 2-ci bəndində göstərilirdi ki, ermənilər Azərbaycanın Zəngilan rayonunu və işğal olunmuş digər rayonları azad etməlidirlər.
    1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi monoetnik siyasət və Azərbaycan Respublikasına qarşı elan olunmamış müharibə nəticəsində Ermənistanda yaşayan 250 min nəfər, Azərbaycanın işğal olunmuş ərazilərindən isə 760 min nəfər soydaşımız öz torpaqlarından qovuldu. Bununla da azərbaycanlı qaçqınların sayı 1 milyon 10 min nəfərə çatdı.
    1988-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 900 yaşayış məntəqəsi, 150 min fərdi yaşayış evi, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibbi müəssisə, 927 kitabxana, 9 məscid, 44 kilsə, 9 tarixi saray, 464 tarixi abidə və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 280 min hektar meşələr, 1 milyon hektar kənd təsərrüfatı üçün yararlı torpaqlar sıradan çıxarılmışdır. Bütövlükdə isə Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəyən maddi ziyanın həcmi 60 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min insan həlak olmuş, 50 mindən artıq insan isə yaralanmış və ya şikəst olmuşdur.
    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın xeyli sayda hərbçisi və mülki əhalisi itkin düşmüş, əsir və ya girov götürülmüşdür. Hazırda ölkəmizin 3889 nəfər vətəndaşı itkin düşmüş sayılır. Onların 3170 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs (uşaq-71 nəfər, qadın-267 nəfər, qoca-326 nəfər) təşkil edir. Əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslərin sayı isə 871 nəfərdir. Həmin şəxslərin 604 nəfərini hərbçilər, 267 nəfərini isə mülki şəxslər (uşaq-29 nəfər, qadın-98 nəfər, qoca-112 nəfər) təşkil edir. Ötən dövrdə 1480 nəfər əsir və girovluqdan azad edilmişdir. Azad edilmiş şəxslərin 378 nəfəri hərbçilər, 1102 nəfəri mülki şəxslərdir (uşaq-224 nəfər, qadın-357 nəfər, qoca-225 nəfər).
    1994-cü il mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəsin elan olunmasından sonra 5500-dən artıq hərbçi və dinc sakin erməni silahlıları tərəfindən qətlə yetirilmişdir. 25 ildən çoxdur ki, Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ ərazisini və onun hüdudlarından kənarda yerləşən 7 rayonunu işğal altında saxlayır. Azərbaycan hakimiyyəti erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün danışıqlar aparır. BMT Təhlükəsizlik Şurasının ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnaməsi mövcud olsa da, təəssüf ki, heç bir nəticə yoxdur. Bu, azmış kimi işğalçı Ermənistan bu gün də təcavüzə ara vermək niyyətində deyil. “Böyük Ermənistan” xülyası ilə yaşayan düşmən ölkə hər vəchlə münaqişəni yenidən alovlandırmağa səy göstərir, sülh danışıqlarını arxa plana keçirməyə çalışır. Məhz bunun nəticəsidir ki, Ermənistan ordusu həm işğal altında saxladığı Azərbaycan torpaqlarındakı mövqelərindən, həm də sərhədyanı ərazilərdən ordumuzun mövqelərini, eləcə də yaşayış məntəqələrimizi və dinc sakinlərimizi tez-tez atəşə tutur. Bu ədalətsizliyə isə dünya birliyi hələ də susur...

    Rubrika.Az


    Facebook-da paylaş