• Azərbaycanda tədris ili başladı: bu gün məktəblərdə nələr yaşandı?- Valideynlərin koronavirus narahatlığı

    Azərbaycanda tədris ili başladı: bu gün məktəblərdə nələr yaşandı?- Valideynlərin koronavirus narahatlığı

    Bu gündən Azərbaycanda ibtidai siniflər üçün tədris əyani formada başlayıb. Azərbaycanda 2020-2021-ci tədris ilində həm ənənəvi, həm də distant olmaqla respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə, 1 574 206 şagirdin təhsil alacağı gözlənilir.

    Öncə məlumat üçün bildirək ki, bu tədris ili pandemiya dövrünə təsadüf etdiyi üçün məktəblərdə yeni qaydalar tətbiq olunur. Şagirdlər həftənin yalnız 2-3 günü ənənəvi qaydada dərsə gedəcəklər, qalan günlər onlayn şəkildə dərslərə qoşulacaqlar. Həmçinin siniflər növbəli şəkildə iki qrupa bölünüb. Məktəblərdə dezinfeksiya aparatları quraşdırılıb, ara məsafəsi saxlanır və məktəbə daxil olan şagirdlərin hərarəti ölçülür. Bundan əlavə, qaydalara əsasən, məktəblərdə idman zalları, yeməkxanalar işləməyəcək. Həftəsonları xüsusi qaydalar tətbiq edilməyən bölgələrin məktəblərində 6 günlük iş həftəsinə keçiləcək. Məktəblərdə tənəffüs zamanı dəhliz və həyətyanı sahədə şagird sıxlığını azaltmaq məqsədilə ənənəvi qaydada zəng çalınmayacaq. Tənəffüslərin vaxtı hər bir sinif üçün növbəli qrafiklə tənzimlənəcək. Hər bir müəllim dərsini bitirdikdə bütün şagirdlərin sinfi tərk edərək tənəffüsə çıxmasına nəzarət edəcək.

    Bəs valideynlər nə düşünürlər? Onlar görülən bu qədər tədbirin müqabilində, yenə də koronavirusa görə narahatdırlarmı? Övladlarına hansı təlimatı veriblər?

    Musavat.com-un əməkdaşı övladını birinci sinfə yola salan tanınmış valideynlər arasında sorğu keçirib.

    Həmin sorğunu təqdim edirik:

    Bu il övladını məktəbə yola salanlar arasında əməkdaşımız Etibar Seyidağa da var. O, öz narahatlığını aşağıdakı kimi dilə gətirdi:

    “Mənim kiçik övladım Rafiq 1-ci sinfə getdi. Bu gün səhər onu Akademik Mehdi Mehdizadə adına məktəbə apardım. Nazirlər Kabineti yanında Operativ Qərargahın və Təhsil Nazirliyinin təlimat və qərarlarına uyğun olaraq, heç bir tədbir keçirilmədi. Valideynlər məktəbə buraxılmadılar. Şagirdlər sosial məsafə saxlanmaqla düzüldülər. Onların temperaturları yoxlandı və içəri buraxıldılar. Müəllimlər də tibbi maska istifadə edirdilər. Lakin hər bir halda müəyyən qədər narahatlığımız var. Narahatıq ki, virus bəlası məktəbə yol aça bilər”.


    119575121_10220828234648593_6776350325067992528_o.jpg (164 KB)

    Qızını bu gün məktəbə yola salan yazar Cəlil Cavanşir bildirib ki, o da narahatlıq yaşayır:

    “Əlbəttə ki, çox narahat və əndişəliyəm. Günlərdir uşağa maskadan, dezinfeksiyaedici məhlullardan istifadə qaydalarını izah edirik. Həm maska, həm də müxtəlif dezinfeksiya vasitələrini məktəb ləvazimatları ilə birgə almışıq. Mümkün qədər onun anlaya biləcəyi tərzdə izahat vermişik. Məktəbdə də vəziyyət normal görünür. Həm müəllimlər, həm valideynlər məsələnin ciddiyyətini anlayırlar. Ancaq bu şəkildə təhsilin, xüsusilə, birincilər üçün effektiv olacağına inanmıram. Həm koronavirusdan, həm də təhsilin indiki vəziyyətindən narahatam. Ümid sadəcə pandemiyanın tezliklə bitməyinədir. Bu şəkildə davam etsə, təhsillə bağlı ciddi problemlər olacaq”.

    “Yeni Müsavat” qəzetinin iqtisadiyyat yazarı Dünya Sakit isə bildirib ki, bu gün iki övladı məktəbə gedib:
    “Bu gün mənim iki övladım məktəbə getdi. Kiçik oğlum birinci sinfə gedir. Bu il pandemiyaya görə ənənəvi yolasalma törəni olmadı - uşaqlara gül belə götürməyə icazə vermədilər. Hər iki oğlumun sinfində uşaqlar yarıya bölünüb, bir hissəsi səhər, digər hissə günorta gedir. Uşaqlar Buzovnada 234 saylı Tam orta məktəbə gedirlər. Məktəbdə ara məsafəsi tam saxlandı, valideynləri məktəb həyətinə buraxmadılar, uşaqları da həyətdə xüsusi çizgilənmiş sahədə, ara məsafəsini gözlənməklə yığdılar. Hamısının temperaturu yoxlanıldı və daha sonra onları siniflərə buraxdılar. Sinifdə hər partada bir uşaq oturub. Yəni bütün tədbirlər alınmışdı. Müəllimlər tibbi maska ilə dərs keçiblər. Düşünürəm ki, qaydalara tam əməl olunmaqla həftədə dərs günlərinin sayını da artırmaq olar. Onlayn dərslər canlı keçilən dərsləri əvəz edə bilmir. İnşallah, bütün dünya, içində də Azərbaycan bu bəladan tezliklə qurtulacaq, övladlarımız rahat əyani təhsil ala biləcəklər”.

    Övladını məktəbə yola salan tanınmışlar arasında əməkdar artist Vasif Məhərrəmli də var. Onun oğlu Məhəmmədəli bu gün birinci sinfə qədəm qoyub. Müğənni bildirib ki, koronavirus onu narahat etsə də, övladının təhsili daha vacibdir.

    Bəs, valideynlərin narahatlıq yaşamalarına əsas varmı? Həkimlər məktəblərin və bağçaların açılması haqqında nə düşünürlər?

    1599840550092_XFdxHfrz.jpg (41 KB)
    Professor Adil Qeybulla musavat.com-a açıqlamasında qeyd edib ki, qaydalara əməl edilərsə, narahatlığa səbəb qalmaz:

    “Məktəblərin və bağçaların açılamasının vaxtı idi. Bilirik ki, uşaqların koronavirusa yoluxma faizi çox azdır. Operativ Qərargah da təlimatlarını verib. 12 yaşdan aşağı uşaqlar maskasız gəzə bilər. Təlimatlara, qaydalara uyaraq məktəb və bağçalar fəaliyyət göstərməlidir. Valideynlər narahat olmasın. Qaydalara əməl olunduğu müddətdə koronavirus qorxulu deyil”.

    Rubrika.az


    Facebook-da paylaş