Ermənistanın regional nəqliyyat təhlükəsizliyinə yaratdığı təhdidlə əlaqədar OTİF Baş Katibinə çağırış edildi
![]()
Son günlər Ermənistanın başlatdığı hərbi təcavüz fonunda məqsədyönlü şəkildə Azərbaycanın ərazisində yerləşən beynəlxalq neft-qaz, nəqliyyat layihələrinin hədəfə alınması nəzərə alınaraq Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın Dəmiryolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilatının (OTİF) Baş Katibi Volfqanq Küpper ilə görüşü baş tutub.
Bu barədə Azərbaycanın İsveçrədəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, ilk növbədə Ermənistan silahlı qüvvələrinin atdığı mərmilərin neft-qaz kəmərlərinin yanına düşməsi ilə bağlı faktlar barədə məlumat verərək Ermənistanın bu təcavüzkar aktının regional təhlükəsizliyə təhdid olduğunu qeyd edən səfir X.İbrahimova Azərbaycan ərazisindəki yerli və beynəlxalq əhəmiyyətli dəmiryolu xətlərinin də təhlükədə olmasını diqqətə çatdırıb. Bu xüsusda səfir OTİF tərəfindən Ermənistanın təcavüzkar siyasətinin pislənilməsi üçün çağırış edib.
OTİF Baş Katibi Volfqanq Küpper Ermənistan və Azərbaycan arasında gedən döyüşlər barədə ciddi narahatlığını ifadə edərək regionda tezliklə sülhün bərqərar olunacağına ümidvar olduğunu qeyd edib. Bundan əlavə o, Azərbaycanın OTİF üçün regionda çox vacib və strateji ölkə olduğunu da vurğulayıb və ölkəmizin ərazisindən keçən dəmiryollarının təhlükəsizliyinin təmin edilməsinin təşkilat üçün vacibliyini bildirib.
Sonra qeyd olunub ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobudcasına pozaraq və növbəti təcavüzə əl ataraq Azərbaycan ordusunun cəbhəyanı bölgələrdə yerləşən mövqelərini intensiv şəkildə atəşə tutub və nəticədə mülki əhali və hərbi qulluqçular həlak olub, eləcə də mülki obyektlərə ciddi ziyan dəyib.
Ermənistanın hərbi təcavüzünün hələ də davam etdiyini qeyd edən səfir BMT Nizamnaməsinin müvafiq maddəsinə uyğun olaraq özünümüdafiə prinsipi əsasında Azərbaycan ordusunun ərazilərimizi və əhalimizi qorumaq məqsədilə əks-hücuma keçdiyini və cavab tədbirləri gördüyünü vurğulayıb.
Paşinyanın 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlməsindən sonra Ermənistanın təxribat xarakterli fəaliyyəti barədə faktları bir-bir sadalayan səfir Paşinyan tərəfindən atılan bu addımların, həqiqətə əsaslanmayan və düşünülməmiş bəyanatlarının və son aylarda Ermənistan tərəfindən həm iki ölkə sərhədində, həm də təmas xəttində hərbi təcavüzün başladılması ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı illərdir aparılan danışıqları iflic vəziyyətə saldığını V.Küpperin diqqətinə çatdırıb.
Sonda səfir işğal edilmiş ərazilərimizin xəritəsi əsasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət barədə Volfqanq Küpperə izahlı təqdimat edib.(oxu.az)
Rubrika.Az
Facebook-da paylaş















