• ""Bir millət, bir ordu" tezisinə keçməliyik" - TƏKLİF

    ""Bir millət, bir ordu" tezisinə keçməliyik" - TƏKLİF

    Azərbaycan-Türkiyə birliyi, qardaşlığı, strateji müttəfiqliyi bu gün ən yüksək səviyyəsindədir. Vətən müharibəsinin başladığı 35 gün ərzində bu dostluq, qardaşlıq bir daha dünyaya bəyan edildi.

    Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” fikirləri artıq “bir millət, bir dövlət” tezisinə keçid etməkdədir. Bu tezis son günlərdə həm Türkiyə, həm də Azərbaycan tərəfində tez-tez səslənməkdədir.

    Bəs ekspertlər “bir millət, bir dövlət” tezisini necə dəyərləndirir?

    Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

    “Bu, gözlənilən bir prosesdir. Çünki Türkiyədə və Azərbaycanda heç kim buna şübhə etmir ki, biz gələcəyimizi bir yerdə müəyyən etməli və bütün məsələlərdə prosesləri, problemləri bir yerdə çözməliyik. Türkiyənin bizə yönəlik fədakarlığını Azərbaycan da istənilən vaxt edib və bundan sonra da edəcəkdir.

    Tezliklə birlikdə problemlərimizi də çözəcəyik. Xüsusilə də işğalla bağlı məsələlərdə ortalığa çıxan bütün proseslər müəyyən dərəcədə artıq öz həllini tapacaq. Çünki Türkiyə də gördü ki, Azərbaycanın bu problemi həll olunmayınca bölgədə müəyyən qədər sabitliyi bərpa etmək mümkün olmayacaq. Bunu əvvəldən də deyirdilər, indi isə daha qətiyyətli şəkildə başqa platformalarda dilə gətirirlər. Eyni zamanda başqa dövlət rəhbərlərinə də bunu çatdırırlar. Ona görə də Türkiyənin regionda qalıcı rolu bundan sonra da daha ciddi şəkildə olacaq və biz birlikdə region dövlətləri ilə müəyyən dərəcədə münasibətlərimizin tənzimlənməsinə müəyyən nəticələrə çıxacağıq. Bu baxımdan Türkiyənin olması bölgənin bütün sülh istəyən xalqları üçün önəmlidir. Eləcə də Gürcüstan və Rusiya üçün də müəyyən önəm daşıyır, yalnız bir tək Ermənistandan başqa. Ermənistanı isə Türkiyə ilə birlikdə tərbiyələndirməyə ehtiyacımız olacaq. Onun xəstəliyini müalicə etmək bizim boynumuza düşüb. Çünki Ermənistan insan kimi yaşamaq istəmir, müəyyən dərəcədə qara iztirab yaşatmaq yolunu tutub. İndi həmin iztirabı özü yaşayır. Ona görə də bu proses davam edəcək".

    Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə qeyd edib:

    “Bugünlərdə bir çıxışımda da qeyd etmişdim ki, biz artıq “bir millət, bir ordu” tezisinə keçməliyik. Bildiyiniz kimi, Türkiyədə ordu böyük həyati önəm daşıyır. Çünki türklərə hətta ordu millət də deyirlər. Ona görə də bizim bir millət, bir ordu tezisinə keçməyimiz sözün həqiqi mənasında əslində birləşməyimiz anlamına gəlir. Ondan sonrası isə öz-özlüyündə gələcək və buna həm Türkiyə, həm də Azərbaycan qardaş xalqları öz sözlərini deməlidirlər.

    Təbii ki, biz siyasətçi, fikir adamı olaraq öz fikirlərimizi söyləməli, ictimai rəyə yön verməliyik. Amma əsas söz sahibi olan hər iki dövlətin xalqlarıdır. İnanıram ki, zamanı gələndə bizim qardaş xalqımız da öz sözünü deyəcək. Hələlik müharibə apardığımız bir dövrdə və real politet baxımından da “bir millət, bir ordu” tezisi daha məqsəduyğun və səmərəlidir. Bir daha qeyd edirəm, təbii bir millət, bir orduyuqsa, bunun məntiqi davamı da bir dövlət olacaq.

    Ümumiyyətlə, bir olmağın müxtəlif yolları var. Hər bir dövlət öz müstəqilliyini, suverenliyini qurmaqla yanaşı, eyni zamanda beynəlxalq aləmdə bir hərəkət edə bilərlər, yəni bir dövlət kimi. Lakin bir daha qeyd edirəm ki, bu gələcəyin məsələsidir".

    AĞ Partiya sədri Tural Abbaslı isə qeyd edib ki, tarixin müxtəlif məqamlarında Azərbaycan və Türkiyə kiritik zamanlarda “bir millət bir dövlət” modelinə keçib:

    “Tarixə baxsaq görərik ki, istər Türkiyənin, istər Azərbaycanın kritik məqamlarında Türkiyə və Azərbaycan bir millət iki dövlət modelindən bir millət bir dövlət modelinə keçib. İstər orta əsrin əvvəllərində qurtuluş savaşında Azərbaycan türklərinin döyüşlərdə iştirakı, istər 18-ci ildə osmanlı türklərinin Bakının azadlığı uğrunda yüzlərlə şəhid verməsi, istərsə də bu günə qədər olan tarixlərdə ən kritik məqamlarda, həssas dönəmlərdə Türkiyə və Azərbaycan bir millər bir dövlət modelinə keçid ediblər. Çox sevindirici haldır ki, Qarabağın işğaldan azad olunması prosesində Türkiyə həm millət olaraq, həm də maddi-mənəvi baxımdan Azərbaycanın yanındadır. Bu belə də olmalıdır.

    Doğrudur, bəzən millətlər bir olur, amma dövlətlər bir ola bilmirlər. Və yaxud dövlətlər bir olsa da millətlər bir ola bilmir. Bunun müxtəlif nümunələri var. Çox şükür ki, Azərbaycan və Türkiyə arasında bu gün həm millətlər arasında qardaşlıq, dostluq mövcuddur, cəmiyyətlər bir-birini qardaş kimi qəbul edir, həm də bunun siyasi təzahürü kimi dövlətlər dost, qardaş siyasəti yürüdür.

    Ümumiyyətlə, dəfələrlə bu barədə qeyd etmişik ki, biz psixoloji olaraq bir millət, bir dövlət keçid mərhələsinə başlamalıyıq. Bəziləri bunu belə qəbul edir ki, biz və yaxud Türkiyə bayrağından imtina edəcək, kimsə, hansısa tərəf müstəqilliyini itirəcək. Amma belə deyil, heç bu cür olmaq məcburiyyətində də deyil. Necə ki, bu gün Avropa Birliyi deyilən bir iqtisadi qurum var və orada 20-dən artıq dövlət var və lazım olanda onlar Avropa Birliyi altında çıxış edir, amma yenə də özlərinin bayrağı da, gerbləri də var. Türkiyə-Azərbaycan da bu cür model qura bilər və sonradan bir çox türkdilli dövlətlər də buna qoşula bilər.

    Əminəm ki, bu 35 gün ərzində hər bir Türkiyə siyasətçisi Azərbaycan siyasətçisi qədər həyəcan keçirir, narahatlıq keçirir, bizimlə sevinir, bizimlə gülür. Eynilə də hər bir T ürkiyə Cümhuriyyətinin vətəndaşı Qarabağ müharibəsini izləyir və bu müharibənin Azərbaycanın xeyrinə həll olunması üçün dua edirlər.

    Çox təəssüf ki, bugünlərdə İzmirdə insanları sarsıdan zəlzələ baş verdi. Bir azərbaycanlı olaraq hər birimiz bu acını hiss edərək, yaşadıq. Beləliklə, Azərbaycan-Türkiyə arasında mənəvi bağlar o qədər möhkəmlənib, inkişaf edib ki, heç bir dövlətin və yaxud digər kimlərinsə bu bağları qopartmağa gücü çatmayacaq, təki biz daha xoş günlərdə qardaşlığımızı nümayiş etdirək. Yəni ağrı-acıların birləşdirdiyi dövlətlərdən daha çox uğurların, qələbələrin, sevinclərin birləşdiyi dövlətlər olaq".

    Rubrika.az


    Facebook-da paylaş