• Prezident Azərbaycanın qələbəsini necə təmin etdi - detallar

    [u]Prezident Azərbaycanın qələbəsini necə təmin etdi - detallar

    44 günlük Vətən müharibəsində parlaq qələbə qazanmağımızda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti də ciddi rol oynadı. Təsadüfi deyil ki, daim müharibə olarsa, qonşu dövlətlərin sərgiləyə biləcəkləri mövqelərdə tərəddüd edirdik. Amma bu tərəddüd sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən savaşda aradan qalxdı. Bütün qonşu ölkələr - Rusiya, İran və Gürcüstan kimi dövlətlər Azərbaycanın haqq mübarizəsində onun yanında oldular. Hansı ki, bu dövlətlərlə hələ müharibə başlamamışdan qısa müddət öncə Ermənistana silahların daşınması ilə bağlı qalmaqal yaşamışdıq.

    Bu müharibədə adını çəkdiyimiz hər üç qonşu ölkə ilə dostlaşdığımızı demək daha doğru olardı. Heç şübhəsiz ki, burada da əsas rolu dövlət başçısı oynadı və qısa müddətdə bəzi ölkələrin bu münaqişədə mövqelərinin dəyişməsinə səbəb oldu. Qardaş Türkiyə ilə münasibətlərin inkişaf dərəcəsi isə göz önündədir. Rəsmi Ankara indiyə qədər ölkəmizə bu cür dəstək verməmişdi.

    Habelə, Pakistan, Ukrayna, İsraillə münasibətlər də dost səviyyəsindədir.

    Bütün bunlar da sözsüz ki, Ermənistanla müharibədə Azərbaycana böyük üstünlüklər gətirdi, bir növ qələbənin memarlarından biri oldu...

    Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a açıqlamasında dövlətləri ayrı-ayrılıqda şərh etdi: “Azərbaycanın zəfər qazanmasında xarici siyasətin düzgün qurulması mühüm rol oynadı. Ermənistandan başqa bütün qonşu ölkələrlə mehriban siyasət yürüdülür. Müqayisə aparaq. Rusiyanın ermənipərəst mediasının təbliğatına və Rusiya siyasətinə təsir göstərməsinə baxmayaraq, Kreml neytral qaldı. Müharibə dövründə Rusiya prezidenti Azərbaycanın haqlı olduğunu bildirdi və ölkəmizin əks-həmləsini dayandırmaq üçün qətiyyət göstərmədi. Son müsahibəsində isə Putin Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı haqlı mövqeyini dəstəklədi. Ümumiyyətlə, bu çıxışı Ermənistana və onun rəhbərliyinə tərs sillə idi.

    Gürcüstan münaqişə ərzində öz ərazisindən silah daşınmasına imkan vermədi, Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərək Ermənistanı qınadı. Unutmayaq ki, Gürcüstanın özü də separatizmdən əziyyət çəkir.

    Qonşu İran dövləti ilk günlər müşahidəçi mövqe tutsa da, bir neçə gün sonra Azərbaycanın ərazi bütövlüyünü təmin etmək haqqının olduğunu bildirdi və ölkəmizin əks-həmləsinə haqq qazandırdı. Hərçənd ki, Ermənistan tərəfi bunun əksini etmək üçün əlindən gələni edirdi. Türkiyə ilə məsələ aydındır və o bizim qardaş ölkəmizdir.

    Ermənistanın isə həm Gürcüstanla, həm də Rusiya ilə münasibətləri çox gərgindir. Onların xarici siyasəti və qonşuluq siyasəti tam iflasa uğrayıb. Ona görə də onların Xarici İşlər Nazirliyi demək olar ki, tam tərkibdə istefaya getdi. Bunları analiz edəndə görürük ki, Azərbaycanın apardığı xarici və qonşuluq siyasəti daha uğurlu və daha dayanıqlıdır. Bundan sonrakı mərhələdə boşluqları analiz etmək və onları doldurmaq lazım gələcək".

    Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli: “İlham Əliyev müharibə dövründə əksər dünya dövlətləri, xüsusilə qonşu ölkələrlə münasibətlərin tarazlı aparılmasında, onlarla münasibətlərin yaxşılaşdırılmasında böyük məharət nümayiş etdirdi. Gürcüstanla münasibətlərimiz ənənəvi dostluq əlaqələrinə əsaslanır. Rəsmi Tiflis öz ərazisindən Ermənistana silah daşınmasına qadağa qoydu. Burada sözsüz ki, ölkə Prezidentinin Gürcüstanla xoş münasibətlərinin əhəmiyyətini vurğulamaq lazım gəlir. İranla Ermənistan arasında müəyyən münasibətlər mövcud idi. Hətta Ermənistan İranla güclü bağların qurulmasına ümid bəsləyirdi. Amma İlham Əliyevin cənub qonşumuzla apardığı yaxın qonşuluq münasibətləri, İrana olan xüsusi münasibəti, onun şəxsiyyətinin İran tərəfindən qəbul edilməsi sonunda rəsmi Tehranın da Ermənistandan üz çevirməsinə və Azərbaycanın haqq işinin müdafiə edilməsinə gətirib çıxardı. Rusiya ilə münasibətlər isə daha həssas nöqtədir. Bu münasibətlər hədsiz dərəcədə böyük təcrübə, intellektuallıq tələb edir. İlham Əliyev bunların hamısını həyata keçirməyi bacardı. Rusiya ilə münasibətlərdə onun etimadını qazanmaqla Kremlin müharibəyə qarışmasına imkan vermədi. Ordumuzun əməliyyatlarının böyük hissəsi erməni ordusunun darmadağın edilməsinə gətirib çıxardı. İndinin özündə də sülhməramlı qüvvələr bölgəyə gəlsə də, bu qüvvələr hələ ki yalnız azad edilməmiş bölgələrdən erməni qoşunlarının, eləcə də bu ərazilərdə məskunlaşan ermənilərin çıxarılması və Ermənistana ötürülməsi ilə məşğuldur. Bölgəyə türk ordusunun da gələcəyini nəzərə alsaq, bunu cəsarətlə söyləmək olar ki, həm də Türkiyə ilə aparılan münasibətlər qələbəmizin uğurlu və dönməz xarakterinin təmin edilməsində böyük rol oynadı. Bu gün də sülhyaratma prosesində Türkiyə ilə yaradılmış xüsusi qardaşlıq münasibətləri, ”bir millət iki dövlət" anlayışının uğurla həyata keçirilməsi bizim gələcəkdə də ərazi bütövlüyümüzün təmin edilməsində və buna uyğun böyük sülh sazişinin imzalanmasında əsas rol oynayacaq".

    Politoloq Ali Baş Komandanın informasiya cəbhəsindəki qələbəsindən də söz açdı: “İlham Əliyevin həm də informasiya sahəsindəki uğurlu fəaliyyəti doğrudan da yaddaşlara ciddi surətdə həkk olundu və müharibə dövrünün ən parlaq səhifələrindən birini təşkil etdi. Gündə bir və ya iki televiziya, yaxud qəzetə müsahibə verən dövlət başçısı bu müsahibələrdə dünya ictimai rəyindəki Azərbaycanla bağlı bəzi tərəddüdləri, yaxud mənfi, xoşagəlməyən yanaşmaları darmadağın etdi. Azərbaycan həqiqətlərini dünyaya çatdıran İlham Əliyev cənabları sözün əsl mənasında informasiya müharibəsində ölkəsinin üstünlüyünü təmin edə bildi. Ölkə Prezidentinin bir çox sahələrdə, o cümlədən xarici siyasətdə, diplomatiyada, Azərbaycanın xarici siyasətinin təbliğində göstərdiyi məharəti vurğulayıb, cəsarətlə qeyd etmək olar ki, İlham Əliyev müharibə dövründə qonşu ölkələrlə münasibətlərin tarazlaşdırılmış səviyyədə saxlanılmasına nail oldu. Üstəlik də Azərbaycan həqiqətlərinin bugünkü dünya gerçəkliyində dünya ictimai rəyinə uğurla çatdırılması qələbəmizin təmin olunmasında önəmli rollardan birini oynadı”.

    Rubrika.Az


    Facebook-da paylaş