• Bəs həmrəy olacaqdıq, noldu?

    Bəs həmrəy olacaqdıq, noldu?

    Bir şəhid balası düşünün... Yeni il bayramı gəlib, amma evdə şam ağacı bəzəməyiblər. Atası keçən il 31 dekabr gecəsi ona yastığının baş ucunda sürpriz hədiyyə qoyardı, Şaxta babanın adından. Amma bu il nə atası var, nə də atasının hədiyyəsi... Yeni ilə atasız girən bir şəhid övladı... “Ən pisi odur ki, mən artıq atamı qucaqlaya bilməyəcəm” deyib bu ağrını saf uşaq ürəyi ilə təhlil edən balaca...

    Bir şəhid anası düşünün... Arxasınca su töküb cəbhəyə yolladığı balasının nəşi gəlib evə. Hələ də bu acını hara qoyacağını, bu ağrı ilə necə yaşayacağını, yola necə davam edəcəyini kəsdirə bilmir. Göz yaşları durub-durub selə dönür. Balası ilə bağlı arzuları düşür yadına, xəyalları gəlir gözünün qabağına. Oğlunun sağollaşanda dedikləri, zəng vuranda söylədikləri...

    Onlar bu bayramı məzar başında keçirirlər. Şəhid ailələri üçün bu ünvan hər nə qədər qürurverici olsa da, itkilərinin ağırlığı tərəziyə qoyulmaz. Qoyulsa da, hesaba-kitaba sığmaz. Və düşünün ki, bayram axşamında öz şəhidini xatırlayan bir ailənin qonşusu fişəng partladır, şampan partladır, atəşfəşanlıq edir, səsi məhəlləni bürüyür, sevinc bağırtıları küçələrə yayılır... Empati sıfır, bir həftə öncəyə qədər dediyi “bu şəhidlər hamımızındır” sözləri tarixin tozlu qatlarında kimi... Axı biz həmrəy idik, noldu?
    Adı üstündə, biz 31 dekabrı dünya azərbaycanlılarının həmrəylik günü olaraq qeyd edirik daha çox. Daha ruslar kimi bayram hamamına gedib, paytaxt salatı ilə araq içib, balkonlardan bağırmaq, onun-bunun evində gecələmək kimi ənənəmiz yoxdur. Bu ilki bayramımızda da təntənə ilə yanaşı, bir hüzün də var. Evlərdən yüksələn ana hıçqırtıları, boynubükük balaların nisgili var. Tamam, ötən ilin il qalibi bizik. 2020-ci il bizim ilimizdir. Sevinməyə haqqımız çatır, hamıdan çox həm də. Baxırıq düşmənə, ürəyimiz dağa dönür fərəhdən. Keçən il İrəvanın o yekə meydanında başlarından böyük iş görüb, şam ağacı quranlar indi orda aksiya keçirirlər. Erməni analitikləri ağlaşma qurub: “Bizim üçün cəhənnəm iyul ayından, Tovuz döyüşlərindən başladı”, deyirlər. Təbii ki, sevinən tərəf bizik, qalib olan bizik. Şadlanmağa haqqımız da çatır. Amma dozasında, amma empati quraraq. Qonşuda şəhid ailəsi olduğunu unutmadan... Bayramı fişəng atmadan da keçirmək olar. Öz evində, sakitlikdə, süfrə başında... Heç kəsin gözünə soxmadan, şəhid balasının ürəyini qırmadan, qəlbini yandırmadan...

    Biz rayonlarımız alınanda də bayram edirdik. O zaman da şəhidimiz vardı, doğru. Amma biz şəhidimizin yaşatdığı, qazandığı qələbəni qeyd edirik həmin vaxt. Və məncə, artıq qələbə sevinci, qutlaması da yetərincə olub ölkədə. Hər düşmən işğalında olan rayonumuz, kəndimiz azad ediləndə sevinmişik, küçələrə tökülmüşük. Zəfər paradını günlərlə izləmişik, paylaşmışıq, bol-bol sevinmişik. Amma indi yetər. Yarası təzə olan, evində qara bayram keçirən şəhid ailəsinin ürəyini dağlamağa heç birinizin, heç birimizin haqqı yoxdur.

    Heç şəhid demirəm, qonşuda yas olanda biz musiqi səsini azaldan, qonşuya ayıb olmasın deyə ucadan gülməyən camaat deyilikmi? Nə oldu bizə? Kənd yerində birinin yası düşərsə, digər qonşu övladına toy etmək istəyərsə, mütləq gedib ondan izn, halallıq almırmı? Unutmusuzmu bunları? Əzizini itirmiş insanlar üçün ilk bayram necə keçir, deyimmi? Səhər oyanan kimi məzar başına qaçarlar, can hövlü ilə. O qara mərmər daşına baxıb, əzizlərinin bayramını qutlayarlar. Birgə keçirdikləri bütün bayram xatirələri canlanar gözlərində. Bir kilo konfet alıb qoyarlar məzarın üstünə - imkansızlar gəlib ordan götürsün deyə... Və o məzarlıqdan heç ayrılmaq istəməzlər. Süfrələrinin başında görmək istədikləri əzizlərini qəbristanlıqda, o soyuq torpağın altında qoyub getməyə ürəkləri gəlməz. Gedəndə də ayaqları geri-geri gedər. Həmin gün nə yedikləri sinər canlarına, nə içdikləri... Allah heç kimə əzizinin itkisini yaşatmasın. Amma hər kəs həyatında heç olmasa bir dəfə əziz adamını itirib. Heç olmasa həmin anı, heç olmasa həmin hissləri yada salıb, o atəşfəşanlıq edilməməliydi. Axı o şəhid qəbrinin yanındakı mənzərə heç kimin yadından çıxmaz.

    Şəhid anası ağlayır, ağı deyir, o biri tərəfdən isə fişəng səsləri gəlir. Yaraşdımı sizə? Yaraşdımı bizə? O səhnəni yaddaşlardan necə siləcəyik?

    Nə gözəl ki, bu gün şəhidlər xiyabanına, şəhidlərin məzarı başına axışan insan seli də bizimdir. Mən onları xatırlamağı tərcih edirəm, hafizəmə onları həkk etməyi. Biz məhz o tablodan görünən xalqıq. Əsgərə yardım, ərzaq aparan, şəhid ailəsini bayramlarda ziyarət edən, məzarının üstünü gül bağçasına döndərən... Bizə yaraşan budur... Lütfən özümüzə yaraşanı etməkdən sapmayaq. 2020-ci il Azərbaycan xalqının dirçəliş ili oldu, 2021 isə zirvələrə doğru keçidi olsun...

    Sevinc TELMANQIZI


    Facebook-da paylaş