• AZAD EDİLMİŞ ƏRAZİLƏRİN YENİDƏN QURULMASI: RASSİONAL İQTİSADİ VƏ SİYASİ ADDIMLAR KONTEKSTİNDƏ

    AZAD EDİLMİŞ ƏRAZİLƏRİN YENİDƏN QURULMASI: RASSİONAL İQTİSADİ VƏ SİYASİ ADDIMLAR KONTEKSTİNDƏ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi rəhbərliyi ilə Vətən Müharibəsinin zəfərlə yekunlaşması müasir tariximizin ən mühüm məsələlərindəndir. Bu gün əldə edilən siyasi, hərbi uğurlar və ərazilərimizin işğaldan azad edilməsinin strateji təməlləri Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi üzərində bərqərar olmuşdur. Azərbaycan Cənubi Qafqazda daxili və xarici siyasətin vəhdəti baxımından yeganə nümunəvi dövlətdir. Son iyirmi il ərzində Cənubi Qafqazda istər qonşu Gürcüstanda, istərsə də Ermənistanda cərəyan edən hadisələr ortadadır.
    Zaman-zaman ölkələri bürüyən sosial və siyasi gərginliklər, xaricdən idarə edilən hakimiyyət dəyişiklikləri bu ölkələrin inkişafına ciddi şəkildə zərbə vurdu. Xüsusi ilə, Ermənistanın apardığı aqressiv siyasət, xalqın güzəranının pisləşməsinə və ölkənin çöküşünə gətirib çıxardı. Azərbaycanda isə hər bir addım rassional əsasda atıldı. Xalq və dövlət vəhdəti günü-gündən gücləndi. Idarəçilik sistemində, iqtisadiyyatda islahatlar həyata keçirildi. Idarəçilikdə gənc kadrların intellektual potensialından istifadə edildi. Ölkə başçısı dəfələrlə bəyan etdi ki, Azərbaycanın ən əsas kapitalı insan kapitalıdır.
    Hərbi quruculuq fəaliyyətinin xüsusi ilə rassional şəkildə aparılması, eləcə də hərbi kadrların hazırlanmasında həyata keçirilən tədbirlər bu gün əldə etdiyimiz qələbənin əsaslarıdır. Düşmən ölkənin mətbuatına baxanda onların süqutu ilə bağlı söylədiklərini oxuduqda ölkəmiz adına qürur duyuruq. Düşmən ölkənin analitikləri yazır ki, Ermənistan bu illər ərzində döyüş əhəmiyyəti az olan silahlar əldə etdi. Bunun müqabilində ölkə başçısı Cənab İlham Əliyevin birbaşa nəzarəti altında möhtəşəm hərbi sənaye kompleksi quruldu, həmçinin praktik xassəli silahlar alındı. Azərbaycan hərbi təhsil müəssisələrində yetişmiş olan hərbi kadrlar isə nəinki Cənubi Qafqazda, hətta Xəzər hövzəsində ən güclü kadrlar olduqlarını sübut etdilər. Və biz zəfər qazandıq. Bu zəfər Ümummilli Lider Heydər Əliyev strategiyasının reallaşdırıcısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi dühasının nəticəsidir. Müharibə zamanı birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın birbaşa iştirakı ilə vətəndaş cəmiyyəti və dövlət birgəfəaliyyəti ortaya qoyuldu. Türkiyə ilə qardaşlıq münasibətlərinin xarakteri, Rusiya ilə də prqamatik tərəfdaşlıq münasibətlərinin formalaşması da qələbəmizin siyasi və hərbi aspektlərinin tamamlanmasında önəmli rol oynadı.
    Artıq torpaqlarımız işğaldan azad edilmişdir. Işğaldan azad edilən torpaqlarda yeni quruculuq işlərinin aparılması üçün dövlətimizin resursları səfərbər edilir. Ümumiyyətlə, Azərbaycanın iqtisadi siyasətinin indiyə qədər olan analizi onu deməyə əsas verir ki, işğaldan azad edilmiş olan bölgələr dirçələcəkdir. Onlarda aparılan iqtisadi fəaliyyət və quruculuq işləri, infarstruktur layihələrinin xarakteri vətəndaşların rifah halını daha da gücləndirəcəkdir.
    Belə bir məqamda elmlə istehsalat və xidmətlərin göstərilməsi istiqamətində əlaqələrin gücləndirilməsi ölkəmizin milli maraqları daxilindədir. Işğaldan azad edilmiş bölgələrdə iqtisadi fəaliyyətin, infarstruktur sisteminin innovativ əsasda formalaşdırılması olduqca vacibdir. Bunu öz çıxışlarında dəfələrlə bəyan edən ölkə başçısı Cənab İlham Əliyev dövlətimizin innovativ xarakterini bir daha ortaya qoymaqdadır.
    Işğladan azad edilmiş bölgələrdə istənilən sahələrdə həyata keçirilən fəaliyyət elmtutumlu olmalıdır. Iqtisadiyyatın inkişaf xarakterinin ekstensiv deyil, intensiv olması olduqca mühümdür. Xüsusi ilə də informasiya iqtisadi modellərinin bölgədə tətbiqi zəruridir. Artıq bu istiqamətdə işlərə başlanılmışdır. Ağıllı yaşayış məskənlərinin qurulmasının bölgədə iqtisadi fəaliyyətin əsası olduğu bəyan edilmişdir. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev bəyan etmişdir ki, "Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir". Bu bir daha onu göstərir ki, Azərbaycanın qeyd edilən istiqamətdə də Cənubi Qafqazda ilk ölkədir.
    Işğaldan azad edilmiş bölgələrin rekonstruksiyasında ağıllı yaşayış məskənləri elementlərinin tətbiqi vətəndaşların həyatlarının daha da firavan olmasına xidmət edir. Müasir dünyada məhsuldarlığın əsas amili vətəndaşın rahatlığının təmin edilməsidir. Bu rahatlıq özünü istehsalatda, xidmət sektorunda biruzə verməlidir. Belə bir ortamda dövlətin həyata keçirdiyi bu layihələrin ictimai təşəbbüskarlıqla dəstəklənməsi olduqca vacibdir. Gələcəkdə ölkənin daxili təşəbbüskar maliyyə resurslarının müxtəlif ölçülərdə bu şəkildəki layihələrə cəlb edilməsi də milli maraqlarımız daxilindədir. Çünki bu dövlətimizin həyata keçirdiyi rekonstruksiya fəaliyyətlərində ümummilli iştirakı təmin edə bilər.
    İşğaldan azad edilmiş bölgələrdə nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində artıq təməl əsaslar bəyan edilibdir. Məlumdur ki, 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verdi. Gələcək hava limanının təməlqoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutdu. Hava limanının tikilməsi, eləcə də dəmir yol və avtomobil nəqliyyat sisteminin yenidən qurulması iqtisadi hərəkətliliyi artıracaqdır. Həmçinin də nəqliyyat yollarının diversifikasiyası bölgədə iqtisadi inkişafının düzgün paylaşılmasına kömək göstərəcəkdir. Azərbaycan Respublikasının bu bölgədə nəqliyyat şəbəkəsini innovativ şəkildə yenidən qurması dövlətimizin Cənubi Qafqazın əsas ölkəsi statusunu gücləndirəcəkdir.
    Həmçinin, bölgədə turizm fəaliyyətinin inkişafı üçün bütün imkanlar vardır. Şuşa şəhəri kimi mədəniyyət incisi, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan kimi təbiət turizmi mərkəzləri möhtəşəm perspektivlərdən xəbər verir. Ancaq potensial hələ məsələlərin tam olaraq həll edilməsi demək deyildir. Məhz bu rassional əsasda bölgədə idarəçilik sisteminin ən optimal üsulları seçilir. Bu baxımından xüsusi nümayəndəlik institutu olduqca mühümdür. Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinə ölkə başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edəcəklər. Xüsusi nümayəndəlik institutu işğaldan azad edilən torpaqlarda iqtisadi quruculuğun və sosial bərpa fəaliyyətlərinin intensivliyinə öz müsbət təsirini göstərəcəkdir.
    Bütün bu tədbirlər dövlətin xalqına olan qayğısının göstəriciləridir. Bunun müqabilində bizim də üzərimizə düşən vəzifəmiz vətəndaş məsuliyyətinin, ümummilli iştirakın və təşəbbüskarlığın təmin edilməsidir. Azərbaycan öz hərbi, siyasi və iqtisadi qələbələri ilə güclü dövlət olduğunu göstərdi. Eyni zamanda ölkəmizdə həyata keçirilən islahatlar onu göstərir ki, Azərbaycan ümummilli rifah dövlətidir. Azərbaycan həm də qlobal və regional aspektdə aparıcı beynəlxalq aktorlardan biridir. Ölkəmiz öz daxili və xarici siyasəti ilə sabitlik və inkişafın birgəliyinin təmin edilməsinin nümunəsini ortaya qoymuşdur.

    Yaqub YAQUBOV
    Siyasi elmlər üzrə fəlsəfə doktoru


    Facebook-da paylaş