Sabir Rüstəmxanlı:""Əziz “islahat keçirənlər”, bir dəfə də kasıb, optimist vətəndaşları nəzərə alın. Axı hamının sizin kimi kondinsonerli maşınları, nazənin katibələri, rahat kabinetləri yoxdur. Yollarda qalmışıq əlinizdən-Məmmədhəsən əminin suçu nə?
![]()
Azərbaycanda şişkinləşmiş dövlət aparatının yenilənməsi, bir-birini təkrarlayan qurumların birləşdirilməsi, regional idarələrin yaradılması uzun müddətdir ki, müzakirə mövzusudur. Etiraf etmək gərəkdir ki, ümumiyyətlə nə görməsi gərəkdiyi bilinməyən, maaşı maaş, çax-çuxu da öz yerində olan çoxlu vəzifə ştatları var ki, büdcə üçün əlavə yükdür. Artıq bu istiqamətdə müəyyən işlər də görülüb və idarəetmədə ciddi struktur islahatlarının aparılacağı gözlənilir.
Hətta ölkədə 17 nazirliyin (Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi) 11 nazirlikdə birləşdiriləcəyi iddia edilir.
Bununla bərabər bildirilir ki, hazırda Nazirlər Kabinetinin tərkibində olan 7 komitədən isə 3 komitə saxlanılacaq, digər komitələr də nazirliklərə birləşdiriləcək.
Ən inkişaf etmiş ölkələrdə belə nazirlik sayı 12-13 rəqəmini keçmir. Komitələrin sayı da bu şəkildə tənzimlənir. Azərbaycanda isə Nazirlər Kabinetinin tərkibində 40-dan yuxarı nazirlik, şirkət və agentliklər var. Belə ki, Azərbaycanda 17 nazirlik, 7 Dövlət Komitəsi və 7 Agentlik fəaliyyət göstərir. Bunu strukturuna görə, dünyada ən böyük qurum hesab etmək olar.
Amma dövlət idarələrinin birləşdirilməsi, xüsusilə regional idarələrin yaradılması zamanı elə nöqsanlara yol verilir ki, adamın gülməyi gəlir. Ölkə üzrə yaradılan regional idarələr müəyyən qədər büdcə xərclərini azaltsa da, vətəndaşların vəziyyətini xeyli ağırlaşdırıb. Adi bir sənəd düzəltmək üçün bir neçə rayonu gəzmək adi prosedura çevrilib. Təsəvvür edin ki, eyni rayonun daxili idarəçilik sahələri – təhsil, mədəniyyət, əmlak və kommunal məsələləri hərəsi bir rayona verilir. Yolpulunu qonşusundan borc alan Məmmədhəsən əmi əmlak problemini həll etmək üçün bir rayona gedərək günortaya qədər idarənin qarşısında boynunu büküb gözləyir. O həm də təhsil idarəsinə dəyməlidir. Amma neynəsin ki, təhsil şöbəsi də qonşu rayondadır. Bu vaxt kənddə kitabxanaçı işləyən arvadı da zəng eləyir ki, bankdan kredit götürmək üçün regional mədəniyyət şöbəsindən arayış almaq lazımdır. Məmmədhəsən əminin gözü çıxır kəlləsinə-çünki regional mədəniyyət idarəsi də başqa bir rayondadır. İndi təsəvvür edirsinizmi bu nə deməkdir? Buna qaş qayırdığı yerdə vurub gözünü çıxartmaq deyirlər.
Onsuz da sosial vəziyyəti gündən-günə ağırlaşan ölkə adamı yollarda qalmaqla daha bir problemin girdabında boğulur. Həmin idarədə onun müraciətinə necə baxılması isə tamam başqa mövzudur.
Bu məsələ ilə bağlı dəfələrlə müzakirələr aparılsa da nəticəsi olmayıb. Milli Məclisdə belə bu barədə tənqidi fikirlər səsləndirilsə də təkliflər Məclis binasından kənara çıxmayıb.
Bir çox məsələlərdə əsl vətəndaş mövqeyi nümayiş etdirən, sözün həqiqi mənasında millətin vəkili kimi çıxış edən Sabir Rüstəmxanlı bu məsələni dəfələrlə gündəmə gətirib. Milli Məclis tribunasından idarəetmə sistemindəki boşluqdan, islahatların tələm-tələsik, görüntü xatirinə aparıldığından bəhs edib. Məhz onun prinsipial mövqeyi digərlərini də bu məsələni daim diqqət mərkəzində saxlamağa sövq edib. Təəssüf edirik ki, millət vəkilinin xalqın mövqeyini əks etdirən çıxışı, təklifləri hələ də lazımi strukturlar tərəfindən diqqətə alınmayıb. Hər halda bir millət vəkilinin, istiqlalçı xalq şairinin tənqidlərini qulaq ardına vurmaq heç bir dövlət strukturu üçün müsbət tendensiya sayıla bilməz.
""Əziz “islahat keçirənlər”, bir dəfə də kasıb, optimist vətəndaşları nəzərə alın. Axı hamının sizin kimi kondinsonerli maşınları, nazənin katibələri, rahat kabinetləri yoxdur. Yollarda qalmışıq əlinizdən...
Nə isə, yolçu yolda gərək!"
Nicat Mahmudov
Rubrika.az
Facebook-da paylaş








