Ermənistanda vəziyyət yenə qarışdı: - Hakimiyyət üzərində savaş niyə bitmir?

“Məhkəmə sistemi, ibtidai istintaq orqanları, prokurorluq, polis, hökumət mandatı tərəfindən alınmış vəzifənin yerinə yetirilməsini təmin etməyə çağırılır.
Bu, həqiqətdə hökumətin dövlətlə eyniləşdirilməsinə nail olmaq vəzifəsini açıq şəkildə qoyanda görünməmiş həyasızlığın təzahürüdür”.
Bu sözləri parlamentdə "Ermənistan" fraksiyasının deputatı Armen Rustamyan bildirib.O, ölkə hakimiyyətinin Ermənistanın hüquq sistemini özünə tabe etmək cəhdlərini ittiham edib.
Deputat qeyd edib ki, tarix dəfələrlə dövlətlə şəxsiyyətin eyniləşdirmələrinin nə ilə başa çatdığını təsdiqləyib.
“İstənilən hərəkət əks təsirə səbəb olur, qılınc götürən qılıncdan həlak olacaq. Buna görə daha insanların başı üstündə öz çəkicinizi silkələməyin, çünki çəkic götürən çəkicdən həlak olacaq”, - Armen Rustamyan deyib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkiləri kampaniyası dövründə seçicilərlə görüşlərdən birində əlinə çəkic götürməklə rəqiblərinin qəzəbli reaksiyası ilə qarşılaşmışdı.
Maraqlıdır, Ermənistanda hakimiyyət üzərində savaş niyə bitmir?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Elşən Manafov bildirib ki, belə ittihamlar ilə rusiyayönümlü Köçəryan və Sarkisyan qüvvələri parlamentdə Paşinyana qarşı təzyiq yaratmağa çalışır:
“Ermənistan parlamentində Paşinyanın ünvanına bu fikirləri səsləndirən deputat konkret olaraq Köçəryanın rəhbərlik etdiyi fraksiyanın təmsilçisidir. Bu mənada Ermənistan parlamentində ölkədəki mövcud durum və 44 günlük müharibədəki məğlubiyyətinə görə Paşinyana belə ittihamların deyilməsini başa düşmək olar. Lakin erməni parlamentindəki siyasi qüvvələr arasında nisbət bütünlüklə Paşinyanın xeyrinədir. Son parlament seçkilərində onun rəhbərlik etdiyi fraksiya təxminən 80 faiz səslə qalib gəlmişdi. Bu isə Paşinyana baş nazir olaraq parlament fraksiyasına arxalanaraq istədiyi siyasəti ciddi müqavimətə rast gəlmədən həyata keçirməyə imkan verir.
Paşinyanın qərbyönümlü siyasətçi olması Köçəryan və Sarkisyanın rəhbərlik etdiyi fraksiyaların Rusiya ilə bağlılığı nəzərə alınarsa, Ermənistan parlamentində hələ uzun müddət belə qarşılıqlı ittihamlar səslənəcək. Lakin bu ittihamlar elə parlament divarlarında qalacaq. Düşünmürəm ki, Ermənistanda seçicilər Paşinyana münasibətdə daha radikal bir mövqe sərgiləsinlər. Çünki seçicilər Paşinyana səs verməklə Ermənistanın bu günü və sabahı perspektivləri ilə bağlı məsələdə Paşinyan iqtidarına daha çox dəstək verdiklərini bəyan etmişdilər. Köçəryan və Sarkisyanın hakimiyyəti dönəmində Ermənistan faktiki olaraq korrupsiya bataqlığına düşmüşdü və ölkənin sosial problemləri artmışdı. Parlamentdə zaman-zaman Paşinyanın ünvanına səslənən belə ittihamlar heç nəyi dəyişməyəcək. Bu Ermənistanda radikal müxalifətin sıralarının artması kimi qəbul olunmamalıdır".
Politoloq qeyd edib ki, Paşinyan Azərbaycanla münasibətləri bərpa edərək, vəziyyəti öz xeyrinə dəyişməlidir:
“Əlbəttə ki, Paşinyan Moskva razılaşmasının şərtlərini yerinə yetirilməsi istiqamətində real və konkret addımlar atar və qərbin xülyalarına inanmazsa, onda Ermənistanın iqtisadi durumu qısa zaman ərzində düzələcək. İndi əsas məsələ ondan ibarətdir ki, Paşinyan bunları hansı müddət ərzində edəcək. Bunun üçün Paşinyan Azərbaycanla danışıqları bərpa edərək, bizə qarşı ərazi iddialarından imtina etməli və Qarabağın hansısa status ilə bağlı bəyanatlar verməməlidir. Əgər bunlar olmayacaqsa, onda bu Paşinyan iqtidarının xeyrinə işləməyən bir vəziyyətin yaranmasına səbəb ola bilər”.
RUBRİKA.AZ
Facebook-da paylaş







