MEHRİBAN XANIM AD GÜNÜN MÜBARƏK!

Hər zaman dövlətçiliyimizə, cənab Prezidentə sadiqliyimizi göstərməkdən böyük şərəf hissi duyuruq. Tanrı Azərbaycanımız naminə uğurlu fəaliyyətinizdə sizə yardımçı olsun!
2003-cü ildə İlham Əliyevin siyasi hakimiyyətin olimpinə yüksəlməsindən sonra Azərbaycanda tarixdə demək olar ki, mövcud olmayan birinci xanım institutu formalaşdı. Böyük Heydər Əliyevin vəfatından sonra onun adını daşıyan Fondun prezidenti kimi ictimai-siyasi sferada görünən Mehriban Əliyeva tamamilə fərqli və bənzəri olmayan fəaliyyətə başladı. Şərq gözəlliyini,incəliyini, Qərb müasirliyini özündə cəmləyən Mehriban xanım təkcə Azərbaycanda deyil, bütün dünyada mövcud olan birinci xanım stereotiplərini dağıtmağa müvəffəq oldu. Dünya kiçik şərq ölkəsindən parlayan yeni siyasət ulduzunun geniş əhatəli fəaliyyətindən heyrətini gizlətmirdi. İlham Əliyevin siyasi dühası və diplomatik ustalığını Mehriban xanımın incə manevrləri tamamlayırdı.
O xalqa müraciətlərini adətən “sizin Mehriban” imzası ilə yekunlaşdırır. Doğrudan da gördüyü geniş miqyaslı işlərlə, ölçüyə gəlməz fəaliyyətlə, xeyirxahlıq, sadəlik, mərhəmətlə o bizim Mehribanımız olmağı bacarıb. Darda olan bir kimsənin, ağır, ümidsiz xəstə yatağının, uçan bir evin, sönən bir ocağın yanında onun mehriban çöhrəsini görməyə hamı alışıb. Ona ünvanlanan “anam, bacım, qızım” müraciətlərinin heç biri cavabsız qalmır. O bizim Mehribanımızdır...
44 günlük Vətən savaşında böyük basqılara sinə gərən Ali Baş Komandanın yanındaydı Mehriban. Şəhid olaraq bu torpağa qarışan hər bir vətən oğlu üçün kövrəldi, hər bir şəhid anası ilə ağladı. Ayağını itirən qazimizə dayaq oldu, qolunu itirənin əlindən tutdu. Azad olunmuş torpaqlarımızı əsgər geyimində gəzdi, dolaşdı. Şuşada Azərbaycan muğamını dinlədi, Cıdır düzündə süfrə açıb Novruz tonqalının işığında xalqla bayramlaşdı.
Bu onun, bizim Mehribanımızın haqqı idi !
26 avqust günü həm də ilin ən mehriban günüdür. Onun doğum günü, dünyaya göz açdığı məqamdır. Ad günün mübarək, xalqının sevimlisi, istəklisi, Mehribanı. Ümidsizin ümidi, çarəsizin çarəsi olan xeyirxahlıq mücəssəməsi. Rubrika.az saytının bütün kollektivi Azərbaycanın Birinci xanımını və Birinci vitse-prezidentini ürəkdən təbrik edir, yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayır. Hər zaman sizin müqəddəs amallara söykənən işıqlı əməllərinizi müdafiə edirik, hər zaman dövlətçiliyimizə, cənab Prezidentə sadiqliyimizi göstərməkdən böyük şərəf hissi duyuruq. Tanrı Azərbaycanımız naminə uğurlu fəaliyyətinizdə sizə yardımçı olsun !
Rubrika.Az saytının kollektivi
Facebook-da paylaş










