Maaş və pensiyaların verilməsi xidməti “Kapital bank”dan alınır? - GƏLİŞMƏ

Rubrika.Az bildirir ki, “Hürriyyət”ə daxil olan informasiyalara görə, maaşlar və pensiyaların verilməsi “Kapital bank”dan alınaraq, “Beynəlxalq bank”a veriləcək. Bu informasiya oxucularımız arasında da müəyyən anlaşılmazlığa səbəb olub. Onlar redaksiyamıza zəng vuraraq, bu məlumatın nə dərəcədə doğru olduğunu aydınlaşdırmağa çalışıblar.
Məsələ ilə bağlı gün ərzində dəfələrlə “Kapital bank”la əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
İqtisadçı-ekspert Rəşad Həsənov "Hürriyyət"ə dedi ki, dövlət resurslarının banklar arasında bölüşdürülməsi, həmin bankların daha gəlirli fəaliyyət göstərməsinə gətirib çıxarar: "İnformasiyanın nə dərəcədə həqiqətə uyğun olub-olmamasını bilmirəm. Əvvəlcə, informasiyanın özünü dəqiqləşdirmək lazımdır. Burda vacib olan əsas faktor odur ki, “Kapital bank” özəl bankdır. Dövlət xidmətlərini mərkəzləşdirilmiş şəkildə “Kapital bank”a verir. Bu xidmətlər sahəsində “Kapital bank” birincidir. Bu da kommersiya bankları sahəsində rəqabətin pozulmasını şərtləndirir. Daha yaxşı olardı ki, bu kimi dövlət xidmətlərinin icrası istiqamətində salahiyyətlər bir neçə banka verilsin. Bu, həm əlçatanlılıq, həm də həmin bankların infrastrukturu və region filalları baxımından insanların problemini həll etmiş olur. Digər tərəfdən isə bu sahədə rəqabət yarana bilər.
Dövlət resurslarının banklar arasında ədalətli şəkildə bölüşdürülməsi, həmin bankların da daha gəlirli fəaliyyət göstərməsinə gətirib çıxaracaq. “Beynəlxalq bank” isə dövlət bankıdır. Beynəlxalq bankın özələşdirilməsiylə bağlı Azərbaycan Respublikası Prezidentinin 2016-cı ildə imzaladığı sərəncamı var. Məqsəd o idi ki, “Beynəlxalq bank” sağlamlaşdırılmalı, daha sonra da özəlləşdirilməli idi. 2018-ci ilin sonunda isə hökümət Beynəlxalq bankın sağlamlaşdırıldığını bildirdi. Təəssüf ki, hələ də özəlləşdirmə prosesi getmir. Belə olmadığı təqdirdə isə “Beynəlxalq bank”ın maliyyə göstəricilərinin zəifləməsi ehtimalı daha çoxdur. Həmin dövrlərdə sağlamlaşma dedikdə, yəni bütün borcları dövlət öz üzərinə götürdü, yekun olaraq da 14 milyard yarıma yaxın pul ayrıldı. Ola bilsin ki, hazırda hansısa formada “Beynəlxalq bank”ın müəyyən bir hissəsi özəlləşdirilə bilər. Özəlləşdirdikdə isə maliyyə imkanlarını daha da yaxşılaşdırmaq olar.
Bu istiqamətdə əsas mənbələrdən biri də dövlətin təşviq etdiyi xidmətlərdir. Bura əmək haqları, pensiyalar və sosial müavinətlər aid ola bilər. Çünki hökümət bu xidmətlər müqabilində banklara komissiya ödəyir. Ola bilər ki, məsələ bundan ibarət olsun. Xidmətlərin “Kapital bank”dan alınıb, “Beynəlxalq bank”a verilməsi ehtimalı azdır. Bəlkə də bölüşdürülə bilər. Bir qismi “Kapital”, bir qismi isə “Beynəlxalq bank”da qala bilər. Çünki “Kapital bankl” özəl bankdır. “Kapital bank”dan götürülən gəliri kimlərin götürdüyünü bilirik. Əllərində imkan olduğu təqdirdə bu gəlirlərdən imtina etmələri sual doğurur".
Tanınmış hüquqşünas, bank mütəxəssisi Əkrəm Həsənov isə bank seçimində pensiya alan şəxslərə sərbəstliyin verilməsinin daha məqsədəuyğun olacağını vurğuladı: "Əvvəlcə qeyd edim ki, hər bir işəgötürən maaşları özü müəyyən edir. Əmək Məcəlləsinə görə, həmin orqan bunu işçisinə deyə bilməz. Mən dövlət işçisi kimi əmək haqqının həmin bankdan alınmasına razı ola da bilərəm, olmaya da... Yəni digər bankdan da almaq hüququm var. Əmək Məcəlləsinə görə, əmək haqqının alınması üsulunu işçi seçir. Düzdür ki, əksər hallarda işçilər bununla razılaşır. Yəni deməyim odur ki, bunu heç kim bir bankdan digər banka köçürməklə həll edə bilməz. Belə qərarın olması mümkün deyil. Mülki Məcəlləyə görə, bank hesabı könüllü bağlanır. Düzdür ki, Azərbaycanda pensiyalar eyni bankdan verilir. Bu da pensiya alan şəxslərin artıq xərcinin çıxmaması üçün atılan addımdır. Amma hər bir pensiya alan şəxs də sərbəstdir. Əgər istəyərsə. pensiyasını digər bankdan da əldə edə bilər. Dövlət xətti ilə olsa belə, bunun bir bankdan olması düzgün deyil. Yaxşı olardı ki, bu “Kapital”, “Beynəlxalq”, “Azərtürk bank” və digərlərində də olsun. Eyni zamanda, “Azərpoçt”dan da olması yaxşı olardı. Hesab edirəm ki, ən ideal variant pensiyaların “Azərpoçt”dan verilməsidir. Çünki “Azərpoçt”un şöbə və filial şəbəkəsi bütün ölkəni əhatə edir. Heç bir bankın filial şəbəkəsi bütün ölkəni əhatə etmir. Ucqar kəndlərimiz var ki, orda bank yoxdur, amma poçt var. Düşünürəm ki, bank seçimində pensiya alan şəxslərə sərbəstlik verilsə daha yaxşı olardı. Bu işin “Beynəlxalq bank”a verilməsində heç bir problem görmürəm. Ölkənin ən böyük bankıdır. Son illərdə orda müəyyən islahatlar da gedir".
RUBRIKA.AZ
Facebook-da paylaş













