Məktəblər dərs ilinə necə hazırlaşır? - AÇIQLAMA

Azərbaycanda təhsil ənənəvi formada təşkil olunacaq. Bunu dünən təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinqdə deyib.
Təhsil naziri məktəblərin yeni tədris ilinə tam hazır olduğunu bildirib. Təhsil işçilərinin 82%-ə yaxınının vaksinasiyadan keçdiyini deyən nazir ümumi vaksin olunanlardan 138 mindən çoxunun hər iki dozanı qəbul etdiyini qeyd edib.
Yeni növ koronavirusa yoluxanların sayında isə son həftələrdə artım müşahidə edilir. Ənənəvi təhsilin tərəfdarı olan valideynlər isə belə bir dönəmdə övladlarının virusa yoluxmasından narahatdırlar. Onları övladlarının təhsil müəssiələrində virusa yoluxmaması üçün hansı tədbirlərin görüləcəyi maraqlandırır.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov təhsil müəssiələrinin tibbi ləvazimatlarla təminatını qurumun həyata keçirdiyini deyib:
“Məktəb və universitetlərin hamısı virusdan qorunmaq üçün lazım olan tibbi maska, spirtlə təmin olunub. Təhsil işçilərinin, tələbələrin və şagirdlərin gündəlik temperaturunu ölçmək üçün temperatur ölçən cihazlar ən ucqar kənd məktəblərinə belə verilib. Keçən il müəllimlərə verilən xüsusi maskalar vardı, yeni tədris ilində onlar hamısı yenisi ilə əvəz olunacaq”.
Cəsarət Valehov şagird sayından asılı olmayaraq, bütün məktəblərin dezinfeksiyasının vacibliyini vurğulayıb: “Respublikada olan bütün məktəblərin dezinfeksiyasına başlanılıb və tədris il başlayan gün bu proses tam olaraq yekunlaşacaq. Bu məsələ bizim üçün çox vacibdir. Burada hər hansı yayınma halları mümkün deyil”.
Xatırladaq ki, Azərbaycanda sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə, həmçinin, ali təhsil müəssiələrində, kolleclərdə əyani dərslər başlayacaq.
Rubrika.Az
Facebook-da paylaş









