"Ciddi zərurət yaransa, məhdudiyyətlər tətbiq edilə bilər" - Millət vəkili
![]()
..Son günlər ölkəmizdə virusa yoluxanların sayı sürətlə artır. Təkcə Azərbaycanda deyil, o qonşu Gürcüstan, İran, Rusiya, Türkiyədə də bu artım müşahidə olunur.
Rubrika.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Millət vəkili vətəndaşlara pandemiya dövründə daha diqqətli olmağı tövsiyə edib: “Sanki bizdə belə bir arxayınlıq yarandı ki, artıq xəstəlik arxada qalıb. Baş verənlər göstərir ki, vəziyyət düşündüyümüz kimi deyil. Ona görə vətəndaşlarımız diqqətli olmalıdırlar. Təəssüf ki, bəzən metrolarda, avtobuslarda, küçələrdə, insanların kütləvi toplaşdığı yerlərdə insanlarımızın maska taxmadığının şahidi oluruq. Bir sıra hallarda gigiyenik qaydalara əməl olunmur.
Dövlət üzərinə düşən addımları atır. Vətəndaşlar da çalışmalıdır ki, diqqətli olsunlar, qaydalara əməl etsinlər”.
Ceyhun Məmmədov hesab edir ki, epidemioloji vəziyyət ciddi təhlil olunmalıdır: “Proses nəzərdən keçirilməlidir. Əgər ciddi zərurət varsa, müəyyən məhdudiyyətlər tətbiq edilə bilər. Amma mən birdən-birə sərt məhdudiyyətlərin tərəfdarı deyiləm.
Təhsil müəssisələrində yoluxmalar var. Əgər hansısa bir məktəbdə çox ciddi artım varsa, onlar distant təhsilə keçirilməlidir. Ciddi zərurət yoxdursa, çox sərt qərarlar qəbul etməyək. Çünki bu, ölkə iqtisadiyyatına, vətəndaşlarımıza da mənfi təsir edir.
Əgər proqnozlar yoluxma sayının artacağını, gələcəkdə çox ciddi çətinliklərlə üz-üzə qalacağımızı göstərirsə, o zaman məhdudiyyətlərin tətbiqi vacibdir. Görünən odur ki, hələ bir müddət biz bu virusla mübarizə aparacağıq. Mubarizənin aparılmasında hər birimiz töhfəmizi verməyə çalışmalıyıq”.
Rubrika.az
Facebook-da paylaş











