• Nadir Qasımov Şuşanın futbol komandasını yaradır: “Ələ baxmaq istəmirəm”

    Nadir Qasımov Şuşanın futbol komandasını yaradır: “Ələ baxmaq istəmirəm”

    ..AFFA-nın bayrağı altında keçirilən Region Liqasına, demək olar, hər il yeni komandalar qoşulur. Qarabağ erməni işğalından azad olunandan sonra həmin bölgəyə daxil olan rayonların adlarına da komandalar yaradılmaqdadır. Bu komandalardan biri də
    Şuşaya məxsus olacaq. Növbəti ildən komandanın Region Liqasında çıxış edəcəyi gözlənilir. Klubun yaradıcısı isə vaxtilə Azərbaycanda "Şuşa-Qarabağ” adlı komandanı çalışdırmış, ölkənin tanınmış müəxəssislərindən olan Nadir Qasımovdur.

    Klubu hansı şəkildə formalaşdıracaqlarını, necə maliyyələşdirilcəyini və bununla bağlı proseslərin hazırda nə yerdə olduğunu öyrənmək üçün Nadir Qasımovla əlaqə saxladıq. Rubrika.az xəbər verir ki o, qarşıdakı planlar haqda Qaynarinfo-ya danışdı:

    "Şuşanın komandasını yaratmaq üçün müraciət etmişəm. Bu il Region Liqasında iştirak edə bilmədik. Əslində, müraciət etdiyim insanlar mənə vaxtında "Hə” desəydilər, çatdırardıq. Komanda hazır idi. Oynamaq istəyənlərdən 100-ə yaxın müraciət gəlmişdi. İnşallah, gələn il komandanı çempionata buraxmaq istəyirik. Əsas sponsor məsələsidir. Çempionata qoşuluruqsa, yaxşı sponsorla oynamalıyıq. Müəyyən insanlarla söhbətlərimiz olub. Gələn il üçün cavab gözləyirəm”.

    Nadir bəy qarşıdakı planlarla bağlı sualı belə cavablandırdı:

    "İlk növbədə sponsor məsələsini həll etməliyik. Gəliriksə, heç kimdən asılı olmayaq. Əslində, sponsor da tapmışam. Qalır AFFA tərəfindən dəstək verilməsi. Açığı, Birinci Diviziona gəlmək istəyirik. Amma bunlar mənə Region Liqasını təklif edirlər. Əvvəllər Birinci Divizionda oynamışıq. O zaman nə üçün Region Liqasından başlamlıyıq? Yeni mövsümün başlamasına hələ vaxt var. Allah qoysa, bu il bütün məsələləri həll edəcəyəm. Lazım olsa, Region Liqasında oynayacağıq. Çünki Azərbaycanda futbola AFFA baxır və biz onlara tabeyik. Problem deyil, amma yaxşı olardı ki, Birinci Diviziondan başlayaq. Komandanı 1 il ərzində o səviyyəyə çıxara bilsəm, Birinci Divizionda oynamaq təklifini yenidən irəli sürəcəyəm. Komandanın oyunları bütün respublikanı əhatə etməlidir. Söhbət təkcə Region Liqasından getmir. Çempionatda 15-16 komanda oynamalıdır. Hər halda dəvət etdiyim futbolçular uşaq olmayacaq. Komandanın yarısını gənclərdən, yarısını təcrübəlilərdən təşkil etmək istəyirəm. Hətta sonradan Birinci Divizionla yanaşı, Region Liqasına da heyət buraxa bilərəm. Təbii ki, bu maliyyə şəraitindən asılı olacaq. Rəqbət olmalıdır. Futbolçu anlamalıdır ki, sabah mən oynamasam, yerimə başqası gələ bilər. Rəqabət olarsa, inkişaf da gedər”.

    Təcrübəli mütəxəssis sponsorun kim olacağı haqda da məlumat verdi:

    "Sponsor elə azərbaycanlıdır. Amma İran vətəndaşıdır. Təbrizdəndir, özü də futbol adamıdır. Atası Bakıda doğulub, sonradan iranlı qızla evlənərək Təbrizə köçüblər. İş adamıdır, həm də dünya səviyyəli ixtiraçıdır. Tanınmış insandır, özü də onlayn şəkildə prezidentimizə müraciət edib. Azərbayacana gəlmək, ölkəyə milyardlar qazandırmaq istədiyini deyib. Bundan əlavə, Gənclər və İdman Nazirliyinə də müraciət etmişəm. Nazirlə görüşmək imkanım olmasa da, nazirlikdə fəaliyyət göstərən olimpiya çempionumuz Fərid Mansurovla danışmışam. Vəziyyəti başa salmışam. 2013-cü ildə "Şuşa-Qarabağ” Azərbaycan çempionatında iştirak edib. Ancaq sponsor tapmadığımıza görə komandanın fəaliyyətini dayandırmışıq. Belə söhbətlərimiz oldu. Başlamaq üçün böyük planlarımız var. İlk növbədə akademiya açmaq fikrindəyəm. Hələlik yəqin ki, stadion icarəyə götürüb Bakıda akademiya açarıq. Şuşa vətəndaşlarını cəlb edərik. Konkursla əməlli-başlı seleksiya aparacağam. Hazırda respublikada futbolçu qıtlığı var, demək olar, yox dərəcəsindədir. Keçmiş fəaliyyətimi yenidən bərpa etmək istəyirəm. SSRİ dönəmində Mingəçevirdə akademiya açmışdım. 15 ölkə arasında mənim məktəbim 3-cü yerə layiq görülmüşdü. Elə akademiya istəyirəm ki, hərtərəfli olsun. Daha o yaşım deyil ki, kiməsə yalvarım. Hər şey maliyyədən asılıdır. Pulun mənbəyini tapmışam. Amma həmin şəxs o vaxt razılıq verəcək ki, Bakıya dəvət olunsun. Yəni, dövlətdən qarant gözləyir. Çünki iş adamıdır. Hər bir iş adamının öz planları var. O, Azərbaycana sərmayə qoymaq, gəlirlərinin də bir hissəsini klubumuza vermək istəyir. Bütün bu işləri həyata keçirmək üçün lazım olan maliyyəni hesablayıb həmin insana təqdim etmişəm. Nazirlə danışıb, onun Azərbaycana dəvət olunmasına çalışacağam. Səviyyəli iş qurmaq istəyirəm. Necə ki, hazırda "Qarabağ” həm pul qazanır, həm də işini görür. Belə bir komanda formalaşdırmaq istəyirəm. Daha yetim-yesir kimi, kiminsə əlinə baxmaq istəmirəm. Yeni nazirimiz hələ ki, hər şeylə tanış olur, rayonlara gedib-gəlir. Müraciət edəndə vaxtı olan kimi məni qəbul edəcəyini bildirdilər. Planlar hamısı hazırdır. Demək olar, startdayıq, böyük işlər görmək üçün vəsait lazımdır”.

    Maraqlıdır, Şuşaya məxsus komandanın yaradılması təşəbbüsünü Nadir bəy özü irəli sürüb, yoxsa ona təklif ediblər:

    "İki il öncə İrana getmək məcburiyyətində qaldım. Orada tanışlarım var. Sponsorluq üçün müraciət etməyə adam axtarırdım. Məni həmin şəxslə tanış etdilər. Özü də "Traktorsazi” rəhbərliyi ilə yaxındır. Hətta onların da dəstəyini aldıq. Dedilər ki, komandaya necə lazımdırsa, köməklik göstərə bilərlər. Bizə sponsorluq edəcək şəxs hazırda Antalyada işləyir. Tikinti işləri ilə məşğuldurlar. Ortaqları da xaricdəndir. Sadəcə, Azərbaycandan qarant istəyirlər ki, onlara şərait yaratsınlar. Məsələn, Şuşada stadion tikmək istəyirlər. Dünən Şuşadan olan deputatla da görüşüb müzakirələr apardıq. Söz verdilər ki, bizə dəstək olacaqlar. Şuşaya köçəndən sonra uşaqlara şərait yaratmaq lazımdır. Sadəcə, təsdiq gözləyirəm. Komandanın adını da dəyişib "Şuşa Qalası” qoymuşuq. Bu təklifi müharibə veteranları cəmiyyətindən polkovnik Elxan müəllim irəli sürdü. Mən də dərhal razılıq verdim. Çünki Şuşa Qarabağa məxsusdur. Klubun loqosunda Xarı Bülbülün təsviri də yer alacaq. Bu yaxınlarda Şuşadakı vəziyyətə cavabdeh olan şəxslə görüşməliyik. Görüş ya Bakıda, ya da Şuşada baş tutacaq. Məncə, müsbət cavab alacağam. Çünki bu Şuşanın gələcəyi üçün lazımlı işdir. Mədəniyyətin bir hissəsi də futboldur”.

    Komandanı kimlərin çalışdıracağı ilə bağlı suala Nadir bəy belə cavab verdi:

    "Hələ onların adlarını demək istəmirəm. Əlbəttə, vaxtilə işlədiyim, tanıdığım insanları dəvət edəcəyəm. Ola bilər ki, daha məşqçi kimi fəaliyyət göstərməyim. Çünki klubun prezidentiyəm. Sənədləşmə və digər işlərə mən baxıram. Yəni, məni aldada bilməyəcəklər (gülür). İşçilərdən də sadəcə düzgünlük tələb edəcəyəm”.

    Rubrika.az


    Facebook-da paylaş