Aslan Kərimov: “Qarabağ”a 100 faiz hücumçu lazımdır”
![]()
"Qarabağ”ın veteran futbolçusu Aslan Kərimov həm "Qarabağ”ın Konfrans Liqasında keçirdiyi sonuncu – "Bazel”lə qarşılaşmanı analiz edib, həm də komandanın 1/16 final mərhələsindəki rəqibi "Marsel”in də durumunu dəyərləndirərək şanslardan danışıb.
Kərimov əvvəlcə "Bazel”lə matça toxunub:
"Əslində "Qarabağ” qələbə qazanmalı idi. Belə səviyyəli oyunlarda yaratdığın qol vəziyyətlərini boşa verirsənsə, sözsüz, qapında top görəcəksən. Oyundan öncə "Qarabağ”ın daha çox qol imkanları olacağını bilirdim. Həm "Omoniya”, həm "Kayrat” qapalı futbol nümayiş etdirirdilər. "Bazel”in oyunçuları isə daha yüksək səviyyədə idi. Açıq-aşkar daha çox əks-hücumlarda oynayacaq, açıq futbol nümayiş etdirəcəkdilər. Bu da onun göstəricisi idi ki, "Qarabağ”ın qol imkanları ola bilər. Çünki komandanın heyəti bu tip oyunlar üçün formalaşıb. İlk dəqiqələrdən də "Bazel”in topu irəli vurub açıq futbol nümayiş etdirməsi göründü. Sözsüz, vurulan qolu saymadılar. Sayılsaydı, "Bazel” daha açıq oynamağa məcbur olacaqdı. Qol imkanlarından yenə də yararlanacaqdılar. Sayılmayan qol "Qarabağ”ın oyununa ciddi təsir etdi desək, düzgün olmaz. Çünki oyunun gedişatında yenə də belə imkanları oldu, sadəcə, vura bilmirdilər. Yəni "Qarabağ” əlini, qolunu sallayıb müdafiədə oturmamışdı. Bir tərəfdən bəxtsizlik amili də rol oynadı. Ustalıq səviyyəsi öz sözünü dedi. Məsələn, "Bazel”in futbolçusu yıxılaraq yerdə olan topu belə qapıya yönləndirə bildi. "Omoniya”nın futbolçusu mərkəzdən topu qapıya göndərdi. Amma Vadji qapı ağzında olan situasiyalardan qol vura bilmədi. Yəni o təzyiqin altında ustalıq səviyyəsinin aşağı olduğu açıq-aşkar göründü. "Bazel”i aşağılamaq istəmirəm. Hesab 0:1 olandan sonra oyun intizamı əldən çıxdı. Daha çox irəli oynamaq məcburiyyətində idilər. Belədə qapı üçün təhlükəli zonada "Bazel”in 3 futbolçusu bəzən "Qarabağ”ın 2 oyunçusu ilə üz-üzə qalırdı. Bu da yolverilməzdir”.
Sabiq müdafiəçi "Marsel”ə qarşı şanslar haqda da fikirlərini bölüşdü:
"Əslində, Kiprdən təxribatlar gözləyirdik. Çünki buna qədər Kipr təmsilçiləri ilə matçlarda təxribatlar olurdu. "Marsel” də istisna deyil. Məncə, ərəblərin olduğu, həm də fransız və ermənilərin daha çox məskunlaşdığı şəhərdir. Təxribat baş verə bilər, amma "Qarabağ” bu mənada təcrübəlidir. Yəqin ki, ön tədbirlər görüləcək. Həm klub rəhbərləri, həm UEFA rəsmiləri ilə danışıqlar aparacaqlar. Sırf texniki tərəfə gəlincə, püşkatmadakı rəqibləri iki yerə bölə bilərəm. "Sparta”, "Midtüllan”, "Seltik” hətta "Fənərbağça” ilə düşsəydilər, "Qarabağ” pley-off mərhələsindən uğurla ayrıla bilərdi. İkinci qrupa isə PSV, "Lester”, "Marsel”i daxil edərdim, hansı ki, böyük təcrübəyə malikdirlər. "Qarabağ” Çempionlar Liqasının qalibi və böyük dəyərləri olan komandaya qarşı çıxış edəcək. Hazırda "Marsel” Fransa çempionatında PSJ-dən sonra ikinci pillədədir. "Qalatasaray”ın qrupundan 3-cü yerlə çıxdılar. Bəxtsizlik amili ilə də üzləşdilər. Amma həm heyət, həm də futbolçular baxımından böyük təcrübələri var. Məşqçiləri Xorxe Sampaoli Argentina yığmasını da çalışdırıb. Məni ən çox çətinə salan məsələlərdən biri də, onun beşli müdafiəyə üstünlük verməsidir. "Qarabağ”ın belə taktikaya üstünlük verən rəqibə qarşı oyunu həmişə yaxşı alınmır. Dominant olurlar, amma uğur qazanmaqda çətinlik çəkirlər. Üstəlik "Marsel”in heyətində Cengiz Öndər, Dmitri Payet kimi cinah oyunçuları var. Beşli müdafiəyə baxmayaraq, cinah oyunçuları çox sürətlidir. Cengizi "Roma”dan tanıyırıq. Səhv emirəmsə, bir amerikalı oyunçuları da var. Payet isə düşünən beyindir. Fikrimcə, bu üçlük bizə başağrısı ola bilər. Payet dünya çempionudur, daha nə demək olar (gülür)?”
"Uğurlu çıxış etməsi üçün növbəti mərhələdə "Qarabağ”da hansı dəyişikliklərə ehtiyac var” sualına Kərimov belə cavab verdi:
"Bu gün istənilən komanda daha yaxşı olmaq istəyər. Yəqin ki, bunu demək üçün böyük futbol mütəxəssisi olmağa ehtiyac yoxdur. Çox güman, Konfrans Liqasında bu qədər qol imkanlarının qaçırılmasını hamı hücumçu ilə əlaqələndirir. Özüm də düşünürəm ki, qoleador lazımdır. "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə çıxdığı yola nəzər salsaq, orada Dino Ndlovunun nə qədər böyük rolu olduğunu görərik. Çətin anlarda, heç nədən bir də görürdün ki, futbolçu qol vururdu. Uğur qazanmaq üçün belə bir oyunçuya ehtiyacları var. Ki, Zubir hər dəfə bunun öhdəsindən gələ bilmir. Çünki cinah oyunçuları başqa tipli olur. Beşli müdafiə ilə oynayan komanda cinahları bağlamış olur. Düşünürəm ki, "Qarabağ” da məndən fərqli olmayan fikirdədir və hücumçuya ehtiyacları olduğunu bilirlər. Digər sual var, belə hücumçunu hansı şəkildə bura gətirə bilərlər? Hamı "Qarabağ”ı imkanlı klub kimi tanıyır. Səviyyəli bir oyunçunu Azərbaycana gətirmək asan məsələ deyil. Bəlkə 2 milyon verib gəirə bilərlər. Buna maddi imkanları çatır. Amma belə oyunçu Azərbaycana gələcəkmi? Digər tərəfdən, bu qiymətdə olan oyunçunu alıb yalnız Avropa səhnəsində oynatmaq, ölkə çempionatında isə limitə görə kənarda saxlamaq düzgün deyil. Bu isə klubun maddi durumuna əməlli-başlı təsir edir. Ucuz və keyfiyyətli oyunçu lazımdır. Reynaldonu hər zaman tapmaq asan deyil (gülür). Bu oyunlara baxdıqdan sonra sözsüz, "Qarabağ”a 100 faiz hücumçu lazım olduğunu deyə bilərəm. Bəlkə qapıçı haqda da fikirləşirlər. Şahruddinin oyunu o qədər də ürəkaçan deyil. Düzdür, yerlidir, millinin qapıçısıdır. Amma məqsədlər çox yüksəkdirsə, 1/4 final mərhələsini hədəfləyirsənsə, daha yüksək səviyyəli qapıçı lazımdır. Mərkəzdən vurulan qol hamının başına gələ bilər. Amma digər qollara baxsaq, Şahruddinin mövqe səhvlərini aşkar görmək olar. Onun beynəlxalq təcrübəsinin olmadığı aşkardır”.(qaynarinfo)
RubrikaAz
Facebook-da paylaş
















