• Mirələmov olmaqla Mirəliyev olmağın arasında Alim Qasımov zirvəsi dayanır !

    Mirələmov olmaqla Mirəliyev olmağın arasında Alim Qasımov zirvəsi dayanır !

    Küçə leksikonu ilə əsib-coşan Mirəliyev Alim Qasımova “xox” gəlir 

    Köçün geriyə qayıtdığı zaman axsaq-uxsağın qabağa düşməsi barəsində kifayət qədər nümunə göstərmək olar. Xüsusilə musiqi aləmində belə hadisələr tez-tez baş verir. Bu günlərdə meydanın boşluğundan istifadə edərək özünü ağsaqqal kimi gözə soxmaq istəyən, amma istər davranışı və əxlaqi baxımından küçə qədeşlərinin səviyyəsindən yuxarı qalxa bilməyən Əli Mirəliyevin sayıqlamaları bunun sonuncu təzahürü oldu. İstər sovetlər dönəmində, istərsə də müstəqillik illərində heç vaxt ciddi şəxs və musiqiçi kimi qəbul olunmayan Mirəliyev Azərbaycan musiqisinin əlçatmaz zirvəsi Alim Qasımov haqqında guya fikir bildirib. İlk öncə ondan başlayaq ki, bu şəxs heç vaxt başa düşmədi ki, Azərbaycan şou-biznesi və mediası ömrünün ahıl çağlarında onu kukla kimi oynatdı, ağzı köpüklənə-köpüklənə çığırıb bağırmasından tamaşa düzəltdi, reytinq qazandı. Mirəliyev isə özünü azman sənətkar sayaraq çığırdıqca çığırdı, ağzını açıb gözünü yumdu, kimə gəldi daş atdı. Bir sözlə buna “tırka” verdikcə yaşını-başını unudub meydan tamaşalarında kəndirbazın köməkçisi rolunu oynamağa başladı.  Amma necə deyərlər, konu Alim Qasımov olduğu üçün bir neçə kəlmə yazmaq qərarına gəldik. Əvvəla ondan başlayaq ki, Alim Qasımov nəhənglikdə bir sənətkara boyunun qısa olması, üz cizgiləri prizmasından yanaşması Mirəliyevin hansı səviyyə və əxlaqi keyfiyyətlərin daşıyıcısı olmasını göstərir. Alə, sən uzun boyunla indiyə qədər hansı məhsulu səbətə qoya bilmisən ki, bütün dünyanı Azərbaycan muğamının cazibəsinə salan, musiqimizi bütün qitələrdə təbliğ edən bir sənətkarın boyuna tullanmaq istəyirsən ? Alim Qasımov muğamın məhz Azərbaycan xalqının musiqisi olmasını bütün dünyaya qəbul etdirdi, illərlə bu ecazkar musiqini fars musiqisi kimi qəbul edən istər Şərq, istərsə də Qərb sivilizasiyası onun möhtəşəm ifası ilə muğamı Azərbaycan milli musiqisi kimi dinlədi. İfası ilə Biləcəridən o yana tanınmayan, palatka toylarının “azman sənətkarı” durub Alimi fars üslubunda oxumaqda ittiham edirsə, ağzının köpüyünü dağıdaraq Fərqanə xanımın bənzərsiz ifasına da dil uzadırsa deməli meydanda ciddi boşluq var, mədəniyyətimiz deqredasiyaya uğrayır. Alim Qasımov bütün ifalarıyla musiqi tariximizə möhür vurmuş sənətkardır, onu dərvişlikdə ittiham etmək Mirəliyev kimi qaraçıların həddi deyil. 
    Mirəliyev Alim Qasımovun “bədbəxt” etdiyi sənətkarların adlarını çəkir. Doğrudan da bədbəxt adamdır bu, çünki onun üçün sənətkar kriteriyası məhz öz səviyyəsindəkilərdən ibarətdir. Fərqanə xanımın qazandığı uğurlar, bənövşə ətirli səsinin sərhədd tanımaması da Mirəliyevi qane etmir, Ərdəbilli sənətkar “fars agentlərini” ifşa etməkdən yorulmur. 
    Küçə leksikonu ilə əsib-coşan Mirəliyev hətta Alim Qasımova “xox” da gəlir, bu işi belə qoymayacağını söyləyir. Gülməlidir ona görə ki, belə bir ağılın sahibini danışdırmaqla reytinq qazanmaq istəyənlər var. Ağlamalıdır ona görə ki, gör meydanda kimlər at oynadır, yekəxanalıq edir. 
    Mirəliyev üçün böyük şərəfdir ki, adını anaraq Alim Qasımovla birlikdə çəkdik, eyni yazıda hər ikisinin ismi hallandı. Bu onun üçün çox böyük qazancdır. Sanmırıq ki, dediklərimizdən nəsə anlayaraq nəticə çıxaracaq. 
    Çünki Əli özlüyündə Herostratlıq edir. Başqa variantı da yoxdur, nə yollasa tarixdə qalmaq istəyir. Amma bilmir ki, getdiyi bu yol yaxşı yol deyil!
    Alim Qasımov həm də  böyük bir məktəbdir. Əsrlər keçdikcə onun Azərbaycan musiqisində açdığı yeni yol,məktəb öyrəniləcək, böyük sənətkarlar yetişəcək. Bu gün Alim çeşməsindən su içən onlarla, yüzlərlə sənətkar muğamımızı bütün dünyada təbliğ edir, mədəniyyətimizi tanıdır. Mirəliyevin Alim Qasımovun "bədbəxt" etdiyi sənətkarlar sırasında adını çəkdiyi Mirələm Mirələmovun qazandığı uğurlar Azərbaycan muğamının uğurlu gələcəyindən xəbər verir. Mirələmin Alim müəllimlə Amerikada verdiyi möhtəşəm konsertlərin bəlkə birini Mirələmov nə vaxtsa edə bilib? Bəlkə Mirələmovun qısa zamanda qazandığı uğurlar Mirəliyevi çaşdırıb? Çaşmasın, Mirələmov olmaqla Mirəliyev olmağın arasında Alim Qasımov zirvəsi dayanır, ora da uçmaq hər quşcuğazın hünəri deyil.

    P.S Şuşada, Cıdır düzündə Alimin "Qarabağ şikəstəsi" oxumasının Əlini  və əlikimiləri göynətdiyini yaxşı bilirdik, bu qədər də yox…

    Nicat Mahmudov
    Rubrika.Az




    Facebook-da paylaş