“Problemi ört-basdır etməyə çalışırlar” - GƏLİŞMƏ

Son günlər orta təhsil müəssisələrində şagirdlərin davranış qaydaları müzakirə obyektinə çevrilib. Demək olar hər gün, sosial mediada sinifdə özünü idarə edə bilməyən uşaqların görüntüləri paylaşılır, tənqid edilir, müxtəlif həll yolları irəli sürülür. Bəziləri bildirir ki, belə uşaqlar cəzalandırılmalı, bəziləri valideynlərin də məsuliyyətə cəlb olunmasını vacib sayır. Hətta Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mediaya açıqlamasında bildirib ki, çətin tərbiyə olunan şagirdlərlə bağlı bir sıra addımlar atılacaq: “Dərsdən yayınan və ya dərsi pozan şagirdlərlə bağlı ərazi polis orqanları profilaktik iş təşkil edəcək. Təhsildən yayınan, çətin tərbiyə olunan şagirdlərin dərslərə yenidən qoşulması, valideynlərin övladlarına qarşı laqeyd münasibəti və əlaqədar qurumların müraciətləri üzrə müvafiq işlərin aparılması diqqət mərkəzində saxlanılan məsələlər sırasındadır”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) isə orta məktəblərdə şagird özbaşınalığına son qoymaq üçün yeni bir qayda hazırlayır, yəni şagirdlərin psixoloji pasportları hazırlanacaq. BŞTİ rəsmisi İlkin Həsənov media nümayəndələrinə açıqlamasında qeyd edib ki, hazırda bir mexanizm üzərində işlənilir: “Şagirdin psixoloji pasportu deyə işə başlamışıq ki, bütün Bakı şəhərində şagirdlərin psixoloji durumunu nəzarətdə saxlayan mexanizm olsun. Elə bir mexanizm qurmaq istəyirik ki, hansısa bir ailədə boşanma olanda o bizim sistemə düşsün”. Maraqlıdır, yeni mexanizm necə hazırlanacaq? Psixoloji pasportla şagirdlərin psixoloji durumu necə nəzarətdə saxlanılacaq?
Məsələ ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.
Rubrika.Az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında yeni layihə ilə bağlı sərt fikirlər bildirib: “Son dövrlər təhsil sahəsində baş verən hadisələr onu göstərir ki, orta ümumtəhsil məktəblərinin idarəedilməsində çox ciddi boşluqlar var. Xüsusilə də direktor, direktor müavini vəzifəsi vəzifəsinə təyin edilənlər bu vəzifəyə layiq deyillər, onlar hansısa formal xarakterli imtahan nəticələri ilə işə qəbul edilirlər. Bu imtahan nəticələri layiqli şəxslərin seçilməsinə imkan vermir. Eyni zamanda son dövrlərdə biz onu da görürük ki, sosial şəbəkələrdə tədris sistemindəki idarəetmədə boşluqlar, müəllimlərin sinfi idarə edə bilməməsi, məktəb direktorlarının, ümumiyyətlə, dərs prosesindən xəbərsizliyi açıq şəkildə ortaya çıxır. Təhsil Nazirliyi də bu məsələləri ört-basdır etməkdə maraqlıdır. İndi də heç bir əhəmiyyət daşımayan, şagirdin ”Psixoloji pasportu" adı altında bir layihə ilə sanki məsələni bağlamağa çalışırlar. Birincisi, müvafiq qanunvericilik aktlarına görə, heç kəsin psixoloji vəziyyəti ilə bağlı geniş informasiyanın verilməsinə icazə verilmir. İkincisi, bunların o qədər təhsildən xəbəri yoxdur ki, bilmirlər, 2011-ci ildən etibarən orta məktəblərdə psixoloji xidmət göstərilir. Digər üçüncü vacib məqam isə Azərbaycanın 4432 məktəbinin yalnız 2900-də psixoloq ştatı var. Bu da olduqca az rəqəmdir. Nəzərə alınsa ki 1. 6 milyon şagirdin əhatə olunduğu məktəbin yarısında yalnız psixoloq xidməti fəaliyyət göstərir. Digər tərəfdən, psixoloqların peşəkarlıq səviyyəsi aşağıdır. Bu, tədrisin təşkilindəki mövcud problemləri aradan qaldırmayacaq. Bu, sadəcə, formal xarakterli bir layihədir. Şagirdin psixoloji pasportu heç vaxt özünü doğrulda bilməz. Dünya ölkələrində şagirdlər mütəmadi olaraq testlərə cəlb edilirlər və onların addımları öncədən proqnozlaşdırıla, planlaşdırıla bilir. Amma hazırda Təhsil Nazirliyin belə bir üstünlükləri yoxdur. Yaxşı olar ki, təhsilin keyfiyyətinin artırılması, müəllimin məsuliyyətin artırılması istiqamətində işlər görülsün. Şagirdin “psixoloji pasportu”nun əldə olunmasına sərf olunan resurslar, sadəcə, pul yığmaq və pul silmək kampaniyasından başqa bir şey deyil. Yəni formal xarakterli bir addımdır. Şagirdlərin psixoloji durumunu dəyərləndirmək üçün Cənubi Koreya və Sinqapur modellərində psixoloji testlər var".
Ekspertin sözlərinə görə, Cənubi Koreya, Sinqapur, Finlandiyada şagirdlər birinci sinifdən yox, məktəbə hazırlıq mərhələsindən mütəmadi olaraq oyunlar vasitəsilə testlərə cəlb olunurlar: “Onların ümumi vəziyyəti, mənimsəmə qabiliyyəti və digər göstəriciləri yoxlanılır və ölçülür. Şagirdlər hansı situasiyada hansı reaksiyanı verəcəklər. Məhz buna görə şagirdlər ibtidai sinfə gələndə özlərinin psixoloji və psixoloji dayanıqlığına görə müəllimlərə verilirlər. Yəni heç də şagirdlər 1-ci sinif gələndə heç bir müəllimin yanına qəbul edilmirlər. Onlar müəllimin də psixologiyasını öyrənirlər, məktəbin də ab-havasını və digər şagirdləri də yoxlayırlar. Ümumi temperament olaraq üst-üstə düşən şagirdlər eyni sinfə və məktəblərə qəbul edilir. Azərbaycanda isə bunun 6 aya, 1 ilə həyata keçirilməsi mümkün deyil. Bu ən yaxşı halda 11-15 il ərzində formalaşa bilən bir data bazadır. Hazırda onu bizdə tətbiq etmək mümkün deyil. Ən yaxşı hal məktəblərin idarə edilməsi ilə bağlı keyfiyyətin artırılmasıdır. ”Psixoloji pasport"a vaxt və vəsait itirməyə dəyməz".
RUBRIKA.AZ-ın məlumatına görə, psixoloq, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Psixoloji pasportların hazırlanması üçün sosial-psixoloji sifarişin olmasına ehtiyac var. Həm sosial işçilərin, həm də psixoloqların rəy və təkliflərindən psixoloji pasportlar hazırlana bilər. İstər böyüklər, istərsə də azyaşlılar üçün psixoloji pasportlarda mühitin, şəxsiyyətin formalaşmasına təsir əsas meyar olaraq götürülməlidir. Həm fiziki, həm də mənəvi travmaları onun psixoportretində əsas rol oynayır. Şəxsin psixoloji pasportunun hazırlanması onun psixoportretinin müəyyən edilməsi ilə hazırlanır. Psixoportret ilkin müşahidənin aparılması, şəxsiyyət tiplərinin müəyyən edilməsi, posttravmatik stress pozuntusunun (PTSP) təyinatı və şəxsin mühitə münasibətindən hazırlanır. Psixoloji pasportlarda real keyslər və müqayisələr yer almalıdır”.
Psixoloq qeyd edib ki, məktəblərdə şagirdlər üçün nəzərdə tutulan psixoloji pasportların hazırlanmasında nəzəri biliklərin təcrübəyə əsaslanan təhlili mənzərəni aydın ifadə edəcək: “Şagirdlərin fiziki sağlamlıqdan başqa onların psixoloji sağlamlıqları istiqamətində psixoloji maarifləndirməyə ehtiyacın olduğunu görürük. Şagirdlərin ailədə və digər iştirakçı olduğu mühitlərdə mənəvi böhranlarının psixodiaqnostikasının aparılması üçün peşəkar mobil qruplar formalaşdırılmalıdır. Bu istiqamətdə sosial işçilər və psixoloqların birgə fəaliyyətini müəyyənləşdirmək lazımdır.
Şagirdlərdən əlavə, valideynlərlə də iş aparılmalıdır. Valideynlər də öz psixoportretləri ilə tanış olmalıdırlar. Psixologiyada üçbucaq yanaşması var, psixoloqun müşahidəsi ilə valideyn, şagird və müəllim bir araya gəlir. Bu formatın adı şərtidir, tərəflər çox da ola bilər. Yaranmış patoloji halların psixodiaqnostikasında bütün tərəflərin psixoportreti keysin yazılmasını və psixoloji protokolu ərsəyə gətirir.
Məktəblərdə psixoloji pasportla şagirdlərin psixoloji durumunu nəzarətdə saxlamaq üçün psixologiyanın əsas şərti olan konfidensiallığın qorunması vacibdir. Texniki olaraq mexanizmin hazırlanması psixoloji məlumat bazasının formalaşmasını asanlaşdıra bilər, amma təcrübəyə əsaslanan nəzəri yanaşmanı kölgədə qoya bilər. Şagirdlərin psixohekayələrinin yazılması üçün nəzəriyyəyə, nəzəriyyənin əsaslandırılması üçün təcrübəyə ehtiyac yaranır. Rəqəmsal dünyada rəqəmsal psixologiyaya tələsmək lazım deyil. Rəqəmsal psixologiya sahəsinin inkişaf etdirilməsi üçün geniş müzakirəyə və mübahisələrə ehtiyac var".
Rubrika.az
Facebook-da paylaş








