Ermənistanda hərbçi istefaları: Paşinyan ordunu rus casuslarından təmizləyir?
![]()
"Bu "yenidənqurmada” əsas məqsədlərdən biri Ermənistan ordusunu rusiyayönümlü "5-ci kolon”dan, rus casuslarından tamamilə təmizləkdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri silahlı qüvvələrin baş qərargah rəisi də daxil Ermənistanda növbəti dəfə yüksək çinli hərbçilərin istefaya göndərilməsi fonunda 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan bu ölkənin ordusunda "yenidənqurmaya” qərar verilməsinə münasibət bildirərkən deyib:
"Keçən ilin sonlarında Ermənistan müdafiə nazirinin dəyişdirilməsi, əslində, orduda ciddi islahatların aparılmasından qaynaqlanır. İndiki nazir Suren Papikyan bilavasitə Paşinyanın silahdaşıdır. Düşünürəm ki, bu mənada o, konkret göstəriş, hədəf və məqsədlə həmin posta əyləşdirilib. Paşinyan ordunu rusiyayönümlü "5-ci kolon”dan, rus casuslarından təmizləmək istəyir”.
Həmsöhbətimizə görə, Ermənistanda ordunun "yenidənqurma” prosesi çox ağrılı keçəcək:
"Bu ordunun əksəriyyəri "5-ci kolon” nümayəndələrindən ibarətdir. Ona görə də sözügedən "yenidənqurma” prosesi çox ağrılı keçəcək və zaman aparacaq. Ermənistan ordusunda ehtiyat kadrlar yoxdur. Erməni ordusunda xidmət edən zabit heyətinin mütləq əksəriyyəti Rusiyada təhsil alıb və bilavasitə rus hərbi əks-kəşfiyyatının məngənəsindən keçib. Ordunun belə heyəti isə Ermənistanın mövcud hakimiyyəti üçün hər zaman potensial təhlükə olaraq qalacaq. Ona görə də bu ünsürləri təmizləmək üçün Papikyana konkret tapşırıqlar verilib”.
Ekspert düşünür ki, erməni ordusu "yenidənqurma” nəticəsində NATO standartlarını qəbul edə bilər:
"Ermənistan ordusunda yeni struktur dəyişikliklərinin aparılması da nəzərdə tutulur. İndiki halda, Ermənistan ordusu idarəetmə forması baxımından əsl müharibədə işə yaramayan Rusiya ordusunun demək olar ki, təkrarıdır. Yəqin ki, Ermənistan ordusu NATO standartları çərçivəsində olacaq. Bu barədə birmənalı bəyanat verilməsə də, düşünürəm ki, rus modeli ilə normal ordu yarada bilməyəcəyini Paşinyan anlayır. Erməni ordusunun silahlandırılması böyük maliyyə tələb etdiyindən çətin məsələdir. Hər bir halda, İrəvan haradansa başlayıb, orduda yenidənqurma prosesini həyata keçirmək istəyir”.
Qeyd edək ki, Ermənistanda yüksək çinli hərbçilərin növbəti istefası baş verib. Belə ki, Ermənistanda növbəti dəfə Silahlı Qüvvələrin Baş qərargah rəisi də vəzifədən azad edilib. Artak Davtyanın ardınca onun müavini Andranik Makaryan, ardınca məğlub olmuş ordunun raket-artilleriya qüvvələrinin, həmçinin mühəndislik xidmətinin, mənəvi-psixoloji və döyüş hazırlığı şöbələrinin rəhbərləri vəzifələriylə vidalaşıblar.
Rubrika.Az
Facebook-da paylaş












