Ukraynada dəyişən dünya: G-20-də liberal və avtoritar ölkələrin savaşı - Yeni xaosdan nə doğacaq?..
![]()
Ukrayna müharibəsindən sonra dünyada liberalizm, yoxsa avtoritarizm cərəyanı güclü olacaq?..
Siyasi-şərhçi: “Rusiya-Ukrayna müharibəsi təkcə iki ölkə arasındakı müharibə deyil. Məlumdur ki, bu artıq yeni dünya uğrunda qlobal savaşdır”.
“Son məlumatlardan belə görünür ki, Rusiya G-20 təşkilatına dəvət aldı. Bu da G-20 daxilində müəyyən ikitərəfliyin, ikiqütblülüyün olmasına işarədir”.
Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu beynəlxalq səviyyədə liberalizmlə avtoritarizmin mübarizəsinin son mərhələyə çatmasını PİA.az-a şərh edərkən qeyd edib.
Rusiyanın G-20 təşkilatının işində fəaliyyətini davam etdirməsi qurum daxilində əməlli-başlı parçalanma yaradıb. Əslində bunu həm də G-20-yə daxil olan demokratik və avtoritar rejimlər arasında parçalanma kimi də dəyərləndirmək olar. Görünür ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi eyni zamanda beynəlxalq səviyyədə liberalizmlə avtoritarizmin mübarizəsini son mərhələyə çatdırıb. Bu mübarizə artıq Avropadan tutmuş Asiya, Afrika və Latın Amerikasına qədər uzanır.
Ümumilikdə beynəlxalq səviyyədə gedən bu mübarizəni necə şərh etmək olar və Ukrayna müharibəsindən sonrakı dünyada hansı cərəyan daha güclü mövqelərə sahib olacaq?
Ukrayna müharibəsindən sonra hanıs cərəyanın daha güclü mövqelərə sahib olacağını PİA.az-ın əməkdaşı hal-hazırda ABŞ-da yaşayan siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.
Ərəstun Oruclu: “Bütün qüsurlarına baxmayaraq, liberal sistem ön plana insan hüquq və azadlıqlarını çəkir. Bu baxımdan liberal model daha cəlbedicidir”.
Ukrayna savaşında və Tayvana təhdiddə özünü göstərən bu iki sistemin qarşıdurmasınını başqa sözlə sivilizasiyaların toqquşması adlandıran siyasi-şərhçi PİA.az-a bildirib ki, istənilən müharibələrin kökündə duran əsas məsələlərdən biri sivilizasiyalar arası münaqişə olub:
“Rusiya-Ukrayna müharibəsi təkcə iki ölkə arasındakı müharibə deyil. Məlumdur ki, bu artıq yeni dünya uğrunda qlobal savaşdır. Bu heç kəsdə şübhə doğurmamalıdır ki, qlobal savaş təkcə iqtisadi və geosiyasi, yaxud da digər maraqlar uğrunda getmir. Qlobal savaş həm də müxtəlif sistemlərin savaşıdır.
Bu gün dünyada iki böyük sistem mövcuddur.
1. Mühafizəkar-avtoritar, totalitar;
2. Liberal.
Hal-hazırda Ukraynada üz-üzə gələn bu iki modeldir. Hansı ki, hər biri dünyanın yeni düzəninin qurulmasında öz dəyərlər sisteminin, öz iqtisadi modelinin, öz diktəsinin, yəni üstünlüyünün həyata keçməsinə maraqlıdır. Şərti olaraq biz liberal modelə Qərbi daxil edə bilərik. Qərb dedikdə bu çox şərti bir bölgüdür. Burada Avropa, ABŞ və Şərq ölkələri də var. Məsələn burada Yaponiya, Cənubi Koreya, Okeaniya ölkələri - Avstraliya, Yeni Zelandiya, hətta İndoneziya, Malayziya, Sinqapur, Tayvan kimi ölkələr var.
Ərəstun Oruclu: “Bu günkü savaşın çoğrafiyası daha böyükdür. Hətta mən deyərdim ki, bu müharibə bütün dünyanı əhatə edir”.
Gördüyümüz kimi savaşın coğrafiyası sözün həqiqi mənasında qlobaldır. Təsadüfi deyil ki, bu gün Çinin Tayvana hücum edəcəyi və hərbi güc vasitəsilə Tayvan ilhaq edəcəyi gözlənilir. Bu təhlükə realdır. Məhz bu səbəbdən ABŞ durmadan Çinə xəbərdarlıq edir.
Bəs bu savaşın perspektivləri nədən ibarətdir?
Son məlumatlardan belə görünür ki, Rusiya G-20 təşkilatına dəvət aldı. Bu da G-20 daxilində müəyyən ikitərəfliyin, ikiqütblülüyün olmasına işarədir.
Ukrayna savaşında və Tayvana təhdiddə özünü göstərən bu iki sistemin qarşıdurmasına başqa sözlə sivilizasiyaların toqquşması da demək olar. Çünki istənilən müharibələrin, hətta qədim dövrlərdən götürsək belə, kökündə duran əsas məsələlərdən biri sivilizasiyalar arası münaqişə olub.
Bir daha qeyd edim ki, bu günkü savaşın çoğrafiyası daha böyükdür. Hətta mən deyərdim ki, bu müharibə bütün dünyanı əhatə edir. Avstraliya, istər cənubi, istər şimali ABŞ, Avropa, Asiya, Afrika, demək olar ki, bütün qitələr bu prosesə cəlb olunub. Dediyim kimi bu iki sistemin qarşıdurmasıdır. İki sistemin hər biri də özünün daha həyati olduğunu, daha çevik, güclü olduğunu isbat etməlidir. Həmçinin bu iki sistemdən biri dünyanın həm xilaskarı, həm də gələcək perespektivi olduğunu sübut etməlidir.
Ərəstun Oruclu: “Çinin də daxilində gənc nəsil arasında liberal dünyaya yönümlü olan böyük bir kəsim var”.
Şərti olaraq mühafizəkar-avtoritar sistemdə təmsil olunan güclər, əsasən Çinlə, Rusiyadır. Daha doğrusu bu iki ölkə avtoritar sistemin liderləridir. Digər tərəfdə isə şərti olaraq kollektiv Qərb dayanır. Amma ortada qalan hələlik özü üçün müəyyənləşməyən, mahiyyət etibarilə avtoritar model olmasa da, siyasi baxışlar baxımından oraya yaxın olan - məsələn Hindistan, Ərəbistan yarmadası ölkələri, İran kimi ölkələr - prosesin nə qədər ziddiyyətli, nə qədər rəngarəng, qarışıq olmasına işarədir.
Hansı sistemin daha yüksək şanslara malikdir? Hesab edirəm ki, liberal sistem yüksək şansa malikdir.
Birincisi ona görə ki, bütün qüsurlarına baxmayaraq liberal sistem ön plana insan hüquq və azadlıqlarını çəkir. Bu baxımdan liberal model daha cəlbedicidir.
İkinci səbəb odur ki, liberal sistemin iqtisadi dayaqları daha etibarlıdır. Çünki onun iqtisadi modeli faktiki olaraq həmin azadlıqlar üzərində qurulub. Mülkiyyət toxunulmazlığı, insanların iqtisadi fəaliyyət azadlığı və bunun nəticəsi olaraq bu gün əldə olunmuş yüksək texnoloji inkişaf səviyyəsi. Texnologiyalar bu gün hər şeyi həll edir. İstər hərgün, istərsə də ümumi inkişaf kontekstində texnologiyalar əsas həlledici amillərdən biri və birincisidir. Bunu biz Ukrayna müharibəsində görürük və Qarabağ müharibəsində gördük. Texnologiyalar sayəsində Azərbaycan heç kəsin gözləmədiyi hərbi uğuru əldə etdi.
Ərəstun Oruclu: “Rusiya hır mənada geri qalmış ölkədir. Atom bombasına sahib olmaq hələ güclü ölkə olmaq anlamını ifadə eləmir”.
Rusiya köhnəlmiş modelə malik olan dövlət olsa da, bu qrupun digər bir iştirakçısı Çin tamamilə fərqli bir səviyyədədir. Yəni Çin müasir texnoloji ölkədir. Amma burada da bir nüans var. Biz Çinin dərindən öyrənmirik. Maraqlananda məlum olur ki, Çinin də daxilində gənc nəsil arasında liberal dünyaya yönümlü olan böyük bir kəsim var. Onlar da məhz həmin texnoloji şirkətlərin, texnoloji sahələrin sahibləridir. Yəni Çin göründüyü qədər sabit və birqütblü, birmənalı dövlət deyil. Orada da model kifayət qədər ziddiyyətlərlə doludur. O cümlədən, daxildə liberal və mühafizəkar cərəyanlar var.
Bunun özü onu göstərir ki, artıq Çinin də bir zəif nöqtəsi var. Rusiyanın zəif nöqtəsi onun geri qalmasıdır. Rusiya hır mənada geri qalmış ölkədir. Atom bombasına sahib olmaq hələ güclü ölkə olmaq anlamını ifadə eləmir. Şimali Koreyanın da atom bombası var. Amma mağara icması səviyyəsində idarə olunan bir ölkədir. Rusiya da elə ona yaxın bir modeldir. Biz bunu bu günlərdə açıq gördük.
Qərbdə isə fərqlidir. Çünki orada birmənalı şəkildə liberal dəyərlər və liberal cərəyanlar üstünlük təşkil edir. Düzdür, Avropa ölkələrində müəyyən faşist elementləri var. Hətta ölkəsindən asılı olaraq əhalinin 15-20 faizinin dəstəyinə də malikdir. Amma onların iqtisadi gücü o qədər deyil. Buna görə də onlar Qərb düşərgəsində ziddiyyətlər, münaqişələr yarada bilməzlər.
Bu baxımdan hesab edirəm ki, liberal sistemin qalib gəlmək şansları daha yüksəkdir. Çox güman ki, belə də olacaq. Məsələn Braziliyanı liberal dövlər adlandırmaq mümkün deyil. Ümumiyyətlə Latın Amerikası və Cənubi Amerika ölkələrinin böyük əksəriyyəti daha çox mühafizəkar, solçu baxışların kifayət qədər ciddi yer aldığı mövqe tutduğu ölkələrdir. Amma iqtisadi, texnoloji baxımından inkişaf etmiş ölkələrdən olan Çilidə birmənalı şəkildə liberal model üstünlük təşkil edir. Braziliyada isə vəziyyət eyni ilə Çindəki kimidir.
Ərəstun Oruclu: “Harada mühafizəkar-avtoritar sistemlər mövcuddursa, orada hər bir halda liberalizmin elementləri mövcuddur”.
Göründüyü kimi harada mühafizəkar-avtoritar sistemlər mövcuddursa, orada hər bir halda liberalizmin elementləri mövcuddur. Onlar təkcə elementlər deyil, onlar müəyyən bir güc faktorudur. Onlar cəmiyyətə müəyyən təsirlər edən qanadlar şəklində mövcuddurlar.
Qərb dünyasında isə alternativlər yoxdur. daha doğrusu alternativlər olduqca zəifdir. Onlar da Rusiyanın, Çinin dəstəyi ilə yalnız indi-indi cücərməyə başlayır. Lakin Qərbdə radikal sağın və solun şansı yoxdur. Çünki Qərb cəmiyyətlərinin özü çoxluqda avtoritar modeli qəbul etməyə hazır deyil. Yəqin ki, yaxın 20-30 ildə də belə imkan olmayacaq. Bu baxımdan da Qərb ölkələrinin, yəni liberal dünyanın üstünlük götürə biləcəyi mənə şübhəsiz görünür.
Onu da qeyd edim ki, liberal sistemdə iqtisadi azadlıqlar faktoru və qanunun aliliyi ən başlıca, ən önəmli dəyərlərdən, prinsiplərdən biridir. Bunların hamısını müqayisə etdikdə və yaxud üst-üstə qoyduqda biz görürük ki, liberal Qərb modelinin üstünlüyü ələ almaq, yeni dünya düzənində öz şərtlərini diqtə etmək şansıları mühafizəkar-avtoritar sistemdən qat-qat yüksəkdir”.(pia.az)
Rubrika.Az
Facebook-da paylaş













