Milli iradənin təntənəsi
![]()
XX əsrin 90-cı illərinin əvvəlləri - Azərbaycan tarixin ən çətin dövrlərindən birini yaşayırdı. İqtisadiyyat çökmüş, infilyasiya qarşısıalınmaz vəziyyətə gəlmiş, işsizlik dözülməz həddə çatmışdı. Erməni təcavüzü nəticəsində bir–birinin ardınca itirilən rayonlar vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərirdi. Amma Azərbaycan xalqı o qədər də iradəsiz və bacarıqsız deyil, zaman-zaman belə çətinliklərlə üzləşmiş və öz xilaskarlarını yetişdirmişdir. Ziyalılarımız artıq kimə müraciət edəcələrini yaxşı bilirdilər. Xalqın ümid yeri 1969-1982-ci illərdə respublikaya rəhbərlik etmiş və xalqımızı layiqincə təmsil etmiş Heydər Əlirza oğlu Əliyev idi. Onlar “Səs” qəzeti vasitəsi ilə ulu öndər Heydər Əliyevə müraciət edərək Azərbaycan xalqını düşdüyü bu məngənədən çıxarmasını Ondan xahiş etdilər. O vaxt Azərbaycana rəhbərlik edənlər də başa düşürdü ki, dövləti ancaq Heydər Əliyev xilas edə bilər və kömək üçün ona müraciət etdilər. Dövlətin və xalqın taleyinə biganə qalmayan Ulu öndər Heydər Əliyev Bakıya gələrək əsl Lider olduğunu bir daha sübut etdi. İlk növbədə xalqımızı vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdi. Gəncəyə gedərək xalqla əl-ələ verdi, milli iradə nümayiş etdirdi. Daha sonra Lənkərana gedərək ağsaqqallarla görüşdü və ədaləti bərqərar etdi. Heydər Əliyev vətəndaş-rəhbər birliyini təmin etmək məqsədi ilə televiziya vasitəsilə xalqa müraciətlər edirdi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Nəhayət ki, xalq xilaskarı ilə əl-ələ verdi. Ulularımızın təbrincə:- El bir olsa, dağ oynadar yerindən. Bununla da xalqımızın qurtuluşu başladı. 1993-cü il iyunun 24-də qanunvericiliyə uyğun olaraq prezident səlahiyyətlərinin icrası Ali Məclisin Sədrinə- Heydər Əliyevə həvalə olundu. Bu da ədalətin və milli iradənin təntənəsi idi. Xalq öz liderini görmək istədiyi məqama yüksəltdi. Heydər Əliyevin yüksəldiyi ən uca məqam xalqın qəlbidir və oradan onu heç bir qüvvə söküb ata bilməz.
Samirə Şıxalıyeva,
Xətai rayon M. Nəcəfov adına 86 saylı məktəbin Tarix müəllimi
Facebook-da paylaş











