“Cənnət” qəbzlərindən “cənnəti” satın alanlar
![]()
Orta əsr Avropasındakı induligensiya nə olduğunu təkcə tarixçilər deyil, çoxları yaxşı bilir. Martin Lüterin reformalarının həyata keçdiyi zamana qədər kilsə və onu öz cənnətini yaratmağı əldə etmək üçün vasitə edənlər məzlumların ahı üzərində qurduqları behşiti göz qabağında canlandırmaq üçün heç də tarixçi olmağa lüzum yoxdur. Sadəcə XXI əsrin məmləkətimizdə, gözlərimizin qarşısında baş verənləri seyr etmək kifayətdir. Sertifikat ehtirasında boğulan təhsil və digər tərəfdə hörümçək toru kimi bu şəbəkənin vasitəsilə öz cənnətlərini yaradan bir qrup. Bu o demək deyil ki, sertifikat mərəzinə tutulanlar biz düşündüyümüz qədər ağılsızdır. Onlar orta əsr Avropasının buraxdığı səhvləri təkrarlamazlar. Yəni sertifikatların birbaşa satışını təşkil etməzlər. Ancaq elə zəmin labrinti düzüb-qoşublar ki, sertifikatları almaq yolunda çoxlu pul tələlərindən keçmək lazımdır. MİQ, DİQ, təkrar MİQ, Mİq-dən keçəni bir də MİQ, işləyəni sertifiksiya, işləməyəni sertifikasiya və.s. Bütün bunlar üçün kurslar, o kurslara dövlətdən və iddaçıdan pul qoparmaq, kurs və təlimçilər şəbəkəsindən pulyuma aparatı kimi istifadə etmək. Qəsdən qarışıq salınmış proqram-tələblər və bu tələblərə uyğunlaşdırılmağa oxşar vəsaitlər, poliqrafik məmulatlar. Hamısı son nəticə etibarı ilə bir məqsədə xidmət edir. Pul tələsi. Fonda da məhv olan təhsil. Mədət, hüdət, höcət nə bilim daha nələr. Ölkədə dağ-dərə qalmayıb. Hamısını veriblər belə kurslara ad. Yağışdan sonra çıxan göbələk kimi addımbaşı kurslardı. Lap doxsanıncı illərin axırlarında bütün ölkənin krasvord damalarına “ hücumuna” oxşar vəziyyətdir. O vaxt marşurutda, metroda, iş otaqlarında, mühazirə auditoriyalarında hamı krasvord həll edirdi. Hətta elə təbliğat da qurulmuşdu ki, guya bu krasvord hərəkatı inkişafdı, təhsildi, elmdi. Amma etriaf edək ki, onda krasvord-bilməcələr nəşr edən işbazlar indikilərlə müqayisədə çox cüzi gəlir əldə edirdilər. Və həm də heç olmasa iliyə işləyən zərər yox idi.
Ancaq indiki oyunlardan götürülən yüz milyonlarla vəsaitə öz cənnətini quran menecerlər deyilən qisim anlamalıdılar ki, zərər çəkən xalq da orta əsr Avropasındakı təfəkkürdə deyil. Bir gün xalq Lüterin irəli sürdüyü 95 tezisin yerinə bircə müddəa ilə hayqıracaq. Öz cənnət ehtirasları naminə xalqın təhsilini kor qoyanların hamısını öz adı ilə, düşmən adlandırmaqla.
Pərviz Yəhyalı
Azərbaycan respublikasının "Əməkdar Müəllimi", Tarix üzrə fəlsəfə doktoru
Facebook-da paylaş









