• Nazir Əmirullayevdən əməkdar müəllimə qarşı haqqsızlıq- Korrupsiya DOSYESİ...

    Nazir Əmirullayevdən əməkdar müəllimə qarşı haqqsızlıq- Korrupsiya DOSYESİ...

    Əməkdar müəllim Bəkir Mustafayev Rubrika.Az vasitəsi ilə Dövlətin hüquq mühavizə orqanlarına müraciət edərək bildirir ki, Bakı şəhər Təhsil İdarəsinin keçmiş rəhbərliyi dövründə tüğyan edən korrupsiyanın miqyası haqda şəxsən nazir Emin Əmirullayevin özünə məlumat vermək istəyib, amma bu günə qədər qəbuluna düşə bilməyib. Hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciətində əməkdar müəllim qeyd edir ki, onun təhsil nazirinə məktubları heç bir nəticə vermir. Ona görə də hüquq-mühafizə orqanlarından BŞTİ-nin keçmiş rəhbərliyinin fəaliyyəti, əməlləri haqda araşdırma aparılmasını xahiş edir.
    35 ilin əməkdar müəllimi deyir ki, düz üç ildir nazirin qəbulunda olmaq üçün müraciət edir, heç bir nəticəsi olmur: “Mən artıq nazirə müraciətin əhəmiyyəti olmadığını görürəm. Ona görə də cənab Prezident İlham Əliyevə və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Baş Prokuror Kamran Əliyevə üz tuturam. Çünki təhsil sektoruna aid bir problemi o sahənin naziri həll etmirsə, şikayətimi dinləmirsə, məcburam ölkə rəhbərliyinə, prokurorluğa dərdimi danışım. Ancaq bu faktın özü göstərir ki, bir əməkdar müəllimin problemini belə aidiyyatı qurum həll etmir və kiçik bir iş üçün prezidentə müraciət etməli oluruq. Axı dövlət başçısının işi çoxdur, xarici siyasət, qəbul etdiyi xarici qonaqlar, qlobal məsələlər...Prezident bir təhsil xadiminin problemi ilə niyə məşğul olmalıdır? Amma əfsuslar olsun ki, elm və təhsil naziri məni 3 ildir qəbul etmədiyi üçün məsələ bu yerə gəlib çatıb”.
    B.Mustafayevin sözlərinə görə, o ümedli deyil ki, nazir onun səsinə verəcək, BŞTİ-dəki vaxtilə olan qanunsuz hərəkətlər və özünün üzləşdiyi haqsızlıqla bağlı Əmirullayev onu dinləyəcək: o bildirir ki ,,nazir özü Bakı təhsil idarəsinin sabiq rəhbərliyini himayə edib. Ümid edirəm ki, hüquq-mühafizə orqanlarının rəhbərlərinə etdiyim bu müraciətim nəticəsiz qalmaz. Eyni zamanda, cənab prezidentin və baş prokurorun bu məsələyə diqqət yetirməsini xahiş edirəm ki, operativ surətdə araşdırma aparılsın”. B.Mustafayev təhsil ictimaiyyətinə də çağırış edib, onlardan səsinə səs verilməsini istəyib: "Bütün fədakar elm və təhsil adamlarından, gənc nəslin təlim-tərbiyəsində zəhməti olan dəyərli müəllimlərə, haqsızlığa susmayan həmkarlarıma çağırış edirəm ki, mənə mənəvi dəstək olsunlar, göz yummasınlar. Sabah başqasının da başına gələ bilər. Eləcə də bu ədalətsizliyə vətəndaşlarımızın, qələm adamlarının, cəsarətli mətbuat nümayəndələrinin də təpki verməsini xahiş edir və gözləyirəm”.
    B.Mustafayev nazirə müraciətində xatırladıb ki, BŞTİ-də keçmiş rəhəbrliyin dönəmində korrupsiya və qanunsuz hallarla qarşılaşıb: "Söhbət 2019/2020 tədris ilinin əvvəlindən gedir. Belə ki, müddətli əmək müqaviləsi ilə çalışan direktor müavinlərindən müqavilənin 1 il artırılması üçün rüşvət tələb olunur. Bundan başqa, 65 yaş həddini keçmiş müəllimlərdən müqaviləni 1 il artırılması üçün də rüşvət istənilir. Məktəb direktorları dəvət edilərək aylıq pul tələb olunur. Qarşılaşdığım bu riyakarlıq faktlarına etirazıma görə Bakı şəhər Təhsil İdarəsi mənə qarşı “torbatikmə” əməliyyatı həyata keçirdi".
    Əməkdar müəllim nazir E.Əmirullayevə müraciətində digər faktları da açıqlayıb: "2020/2021 tədris ilinin əvvəlində BŞTİ-yə iki məktubla direktor müavini N.Şıxəliyevanın və 65 yaş həddini keçmiş əməkdar müəllim S.Bədəlovanın müddətli əmək müqaviləsinin bir il artırılması barədə müraciət etmişdim. Məktubun dərs ilinin başlanmasına az vaxt qaldığına görə gecikməsinin səbəbini Səbinə Səfərovadan soruşdum. Hər birindən 1000 manat tələb etdi. Şıxəliyeva razılaşdığı üçün müqavilə bir il artırıldı. Əməkdar müəllim Bədəlova isə təhsildən uzaqlaşdırıldı".
    Bütün bu detallar, müraciətdə öz əksini tapan məqamlar suaı doğurur ki, Azərbaycanda bir nazirə daha neçə il və neçə dəfə müraciət yazmaq, məktub göndərmək lazımdır ki, sonda cavab versin?! Yəni doğurdanmı məktub ona çatmır, doğurdanmı gənc bir nazir elektron mətbuatın üzünü açıb oxumur, maraqlanmır ki, görüm məbim sahəmə aid hansı məqalələr dərc edilib, nə kimi şikayət və xahişlər var? Hətta Papua-Qvineya, Burkina-Faso kimi geridəqalmış Afrika dövlətlərində belə əmin ola bilərsiniz ki, edilən müraciətə nazir reaksiya verir. Hətta Tanzaniyadakı qəbilələrə Azərbaycan dilində müraciət göndərsən, bəlkə daha tez cavab yazarlar. Amma və lakin bizim Elm və Təhsil naziri Emin Əmirullayev 35 ilin əməkdar müəllimi Bəkir Mustafayevin üç ildir müraciətlərinə, mediada işıqlanan çıxışlarına "tükünü tərpətmir".
    Bəkir Mustafayev ömrünü elmə, təhsilə, bilikli gələcəyə fəda edib, 35 il bu sahədə külüng vurub, əməkdar müəllim adı qazanıb, böyük təcrübə və staj sahibidir, di gəl ki, onu haqsız yerə işdən azad ediblər. Bununla bərabər, Bəkir Mustafayev nazirə müraciətlərində yazır ki, bütün bu işlərin başında Bakı şəhər Təhsil İdarəsinin keçmiş rəhbərliyi, oradakı mafioz qruplar dayanıb, onlar həmçinin, paytaxtın təhsil sistemini korrupsiya məbədinə çeviriblər, hələ də nazirlikdən bir münasibət bildirilməyib...

    Rubrika.Az


    Facebook-da paylaş