• Bir məmurun iziylə - Əhali problemləri dilə gətirir, başçı onları dinləyir,dərhal həllinə tapşırıq verir. Bu qədər sadə...

    Bir məmurun iziylə - Əhali problemləri dilə gətirir, başçı onları dinləyir,dərhal həllinə tapşırıq verir. Bu qədər sadə...

    Dünyanın harasına gedirsən, get, "məmur" sözü xoş təəssürat oyatmır. Çünki məmur varsa, vətəndaşın ağlına o saat problem gəlir. İstər fransız məmur olsun, istər ingilis. Məmur hər yerdə elə məmurdur. Məsələn, "Qatarda" tamaşasında yoldaş Dadaşov obrazını götürək. Kupedə olanlar onu vəzifəli şəxs sayırlar, danışığından çəkinirlər. Sonda məlum olur ki, pinəçidir. Azərbaycanda pinəçi kimi sadə, xalqa bağlı məmurlar da yox deyil. Açığı, onları görəndə sevinirik və hamısının elə olmasını istəyirik. Çünki heç də məmur sarıdan yarımamışıq. Amma qarşımıza çıxan məmurlar arasında elələri var ki, xalqdandır. Özünü çəkməz, yekəxanalıq etməz, əhali ilə işləyər, camaatın dərdini eşidər, probleminə can yandırar. Lap Axundovun "Yusif Sərrac" obrazı kimi. Doğrudur, "Aldanmış kəvakib" əsərində Yusif Sərracın qədri bilinmir. Amma azərbaycanlılar qədirbilən xalqdır axı, bu gün yaxşını pisdən seçə, ayıra bilir. Ona görə dövrümüzdə Yusif Sərrac kimi vəzifəli şəxslər görmək mümkündür.
    Rubrika.Az yazır ki, biri paytaxtın Yasamal rayon icra başçısı Elşad Həsənov. Elşad Həsənov təsadüfi deyil ki, camaatla işləyən məmurdur. Bunun da köklü səbəbləri var. Birincisi, Bakıda müəllim ailəsində dünyaya gəlib. Yəni bir ziyalı evində böyüyüb, şərlə xeyirin fərqi ona izah olunub. Müəllim ailəsinin övladı başqalarından fərqlənir. İkincisi, BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. O deməkdir ki, Elşad Həsənov qanun və qanunsuzluğun nə olduğunu çox gözəl bilir. Beləliklə, həm ziyalı ailəsində mənəvi cəhətdən zəngin tərbiyəsi, həm hüquqi cəhətdən aldığı təhsil ona həyata münasibəti formalaşdırıb, necə bir məmur olmaq lazım gəldiyini öyrənib. Nəhayət, üçüncü səbəb Elşad Həsənovun icra başçısı vəzifəsinə Milli Məclisdən gəlməsidir. Qanunverici orqandan icraedici orqana keçid edib, o zaman da Yasamalın millət vəkili olub, əhali ilə işləməyin vacibliyini çox yaxşı bilib. Bu da millətin məclisindən onun yerli idarəçiliyə keçidində böyük təcrübə qazandırıb. Axı deputat olduğu dövrdə ona Yasamal sakinləri problemlərini yazar, məktublar göndərər, qəbuluna gələrdilər. Elşad Həsənov bu baxımdan, icra başçısı vəzifəsinə təyin olunanda artıq gözəl bilirdi ki, həm iş yükü artır, böyük bir rayona rəhbərlik edəcək, həm də əhali ilə ünsiyyət intensivləşir. Üstəlik, Yasamal kimi böyük, əhalinin sıx məskunlaşdığı, problemləri olan bir rayona başçı təyin olunmuşdu. Amma Elşad Həsənov ailədən universitetə, oradan parlamentə qədər gəldiyi yolda topladığı təcrübə ilə Yasamal İH başçısı kimi işinin öhdəsindən gəlməyi bacardı. O, məmur olmadı, xalqdan birinə çevrildi, həmişə sakinlərin arasında göründü, kabinetdə oturmadı, kreslo adamı olmadı. Bax, bu keyfiyyətləri ona uğur qazandırdı. Yoxsa Elşad Həsənov barəsində saysız-hesabsız şikayətlər, narazılıqlar olacaqdı. Bu da bir nümunədir ki, məmur olmaq üçün nə etmək lazımdır. Digər bir nüans isə Elşad Həsənovun nə deputat, nə icra başçısı kimi varlanıb oliqarxa çevrilməməsidir. Çünki onlarla məmurun varidatı, biznesi, obyektləri, restoranları, villaları, ailə üzvlərinin mal-mülkü, maşın kolleksiyaları üzə çıxıb. Elşad Həsənov isə həqiqətən "kasıb məmur" oldu. Bu da təmiz işləməyin nəticəsidir. Əlbəttə, digər bir yol seçsəydi, indi belə müsbət xarakterizə olunmazdı.
    Təbii ki, bütün bu sadalanan faktlarla yanaşı, icra başçısının Yasamal rayonundakı fəaliyyətinə də toxunmaq lazımdır. Onun gördüyü işlər, abadlıq-quruculuq, səliqə-sahman, qanunsuz tikililərə qarşı mübarizə, yaşayış binalarının təmiri, hər həftə vətəndaşlarla görüşü, sakinlərlə küçə-küçə, məhəllə-məhəllə görüşləri məhz bir icra başçısının görməli olduğu vəzifələrdir. Elşad Həsənov sözün bütün mənalarında prezidentin etimadını doğrulda bilir.Bu baxımdan Yasamal camaatı cənab prezident İlham Əliyevə sonsuz qədər minnətdardır .
    Son olaraq Yasamal rayonunda sakinlər üçün elə oktyabr ayı üzrə növbəti səyyar qəbul keçirilib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 53 nömrəli tam orta məktəbin akt zalında baş tutub.
    Daha sonra Yasamal rayonunun sakinləri istismar müddəti bitmiş evlərin söküntüsünə görə kompensasiya məbləği, yaşayış binalarında nizamsız avtoparkinqlərin tənzimlənməsi, həyətlərin abadlaşdırılması, qazilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sığınacaqla təminat, iş, şəhid ailələrinin mənzil ilə təminatı, səyyar ticarətin tənzimlənməsi və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırıblar.
    İcra başçısı Elşad Həsənov iki saatlıq qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verib. Yəni açıq, şəffaf bir ünsiyyət var. Camaat problemləri dilə gətirir, başçı onları dinləyir və həllinə tapşırıq verir. Bu qədər sadə... Belə də olmalıdır. Ancaq bəzən hansısa məmur ən kiçik problemi həll etmir və xırda məsələyə görə vətəndaş prezidentə məktub yazmalı olur. Axı nəyə görə belə olmalıdır? Prezidentin yerlərdə nümayəndələri elə ona görə var ki, əhalinin müraciətlərinə baxsınlar. Elşad Həsənov bu nöqteyi-nəzərdən bir fərq yarada bilib...
    Ardı var..

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş