• Ölkədə Yeni Dövr:- “Azərbaycanın yeni rəqəmsal arxitekturası”

    Ölkədə Yeni Dövr:- “Azərbaycanın yeni rəqəmsal arxitekturası”

    Prezident İlham Əliyev hər zaman yeniliyi, kreativliyi dəstəkləyir. Dövlət başçısı öz çıxışlarında, verdiyi replikalarda, həm vətəndaşlarla, həm xaricdən gələn rəsmilərlə söhbətində bir fərqlilik ortaya qoyur.Redaksiyamızın siyasət şöbəsi təhlil edib ki, bu fərqlilik həm pozitiv, bəzən də zarafatla deyilən sözləri ilə diqqət çəkir, həm də yerində olan cavabdehlikdən irəli gəlir. Təbii ki, yüksək səviyyəli təhsili, beynəlxalq münasibətlər sistemini bilməsi, siyasi erudiksiyası və təcrübəsi cənab Prezidenti bütün yerli və beynəlxalq platformalarda başqalarından seçdirir.
    Eyni zamanda, dövlət başçısı keçirdiyi müşavirələrdə hökumət qarşısında qoyduğu tapşırıqlarla novatorluğun, yeniləşməyin tərəfdarı olduğunu hər dəfə nümayiş etdirir. Son olaraq dövlət başçısının sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə cənab İlham Əliyevin qaldırdığı məsələlər ölkədə yeni bir mərhələnin başlanğıcının əsasını qoydu.
    Xüsusən də möhtərəm Prezident süni intellektlə bağlı göstərişlər, tövsiyələr verdi. Ölkə rəhbərinin yanaşması ondan ibarətdir ki, müasir çağırışlarla ayaqlaşmaq lazımdır və süni intellektdən istifadə idarəçilikdə mühüm töhfələr verə bilər.
    Hətta beynəlxalq təcrübəni misal gətirərək dövlət başçısı qeyd etdi ki, məmurlar öz fəaliyyətində süni intellektdən yararlanmalıdır. Ona görə ki, bəzən məmurlara daha düzgün qərarlar qəbul etməkdə köməklik göstərir.
    Analitiklərimiz bu xüsusda qeyd edir ki, bəli, Azərbaycanda bir sıra məmurların yanlış addımları, verdiyi səhv qərarlar olur. Ona görə də onların təkrarlanmaması üçün dünya tarixinin texnologiya sahəsində ən böyük inqilablardan biri olan süni intellektdən vəzifəli şəxslərin, dövlət qulluqçularının istifadə etməsi olduqca vacibdir. Heç şübhəsiz ki, bununla bağlı bir layihə olmalıdır, özəlliklə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin üzərinə əsas yük düşür.
    Yeri gəlmişkən, fevralın 11-də keçirilmiş sözügedən müşavirədə dövlət başçısının tapşırığına əsasən hazırlanmış fəaliyyət planı təqdim edilib, həmçinin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu sahədə göstərdiyi davamlı qayğıya görə Prezidentə dərin minnətdarlıq edib.
    Bu baxımdan, cənab nazir, idarəetmə aparatı və onun kollektivi süni intellektin tətbiqi, ümumiyyətlə, rəqəmsal inkişaf və nəqliyyat sahəsində innovativ addımların atılması istiqamətində səylərini artırmalıdır. Bu sahənin ekspertləri də əmindirlər ki, nazirlik konkret olaraq prezidentin tapşırıqlarının icrası ilə bağlı ciddi iş planı ortaya qoyacaq.
    Bəli, cənab prezident müşavirədə xüsusi olaraq vurğulayıb: “Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır”.
    Bundan başqa, dövlət başçısı bildirib: “Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər”.
    Nazir Rəşad Nəbiyev isə çıxışında bildirib ki, ötən il ölkəmizdə nəqliyyat sahəsində artım 5 faiz, İKT sahəsində təxminən 8,5 faiz olub: “Sizin də haqlı olaraq vurğuladığınız kimi, artıq dünyada rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələməkdədir. Süni intellektin yaxın 2030-cu ilə qədər yaradacağı əlavə dəyərin təxminən 16 trilyon ABŞ dolları həcmində olmasını gözləyirik.
    Onun sözlərinə görə, bu fəaliyyət planı dörd sütun üzərində qurulub: “Birincisi, rəqəmsallaşma və rəqəmsal transformasiyanın sürətləndirilməsi. İkincisi, süni intellekt və süni intellekt həllərlə bağlı dövlət müəssisələrində və eyni zamanda, özəl şirkətlərdə bunun geniş tətbiqi. Üçüncü məsələ, innovasiya ekosistemi. Əgər rəqəmsallaşmanı düzgün ediriksə, süni intellekt həllərimiz varsa, biz innovativ ekosistemi elə bir şəraitdə yaratmalıyıq ki, özəl şirkətlər bunun ətrafında əlavə dəyər yarada bilsinlər. Sonda da bütün bunları yaratdıqdan və virtual mühitə keçdikdən sonra bizim əsas çağırışımız kibertəhlükəsizliklə bağlı olacaqdır. Bunlar fəaliyyət planının əsas fokus hissəsini mümkün edəcək 4 amil üzərində qurulmuşdur”.
    Təhlilçilərimiz hesab edir ki, bir sözlə, Azərbaycanda idarəetmədə yeni dövr başlanır. Bu prosesdə nazirlik, dövlət qurumları, vətəndaşlar birgə hərəkət etməlidirlər. Bu da yeni dönəmlə uzlaşmaq, müasir texnologiyanın tələblərinə uyğunlaşmaqdan irəli gəlir. Biz bu inkişafdan geri qala bilmərik. Ona görə də cənab Prezident nazirlik və hər kəs qarşısında ciddi fəaliyyət tələbi qoyub.
    Cənab nazirin də şəxsi baxışından görünür ki, məhz yenilənmə, refreş tərəfdarıdır. Bu da məmurların, köhnə yanaşmada olanların həm də hərəkətə gətirilməsi üçün vacib yanaşmadır.
    Eyni zamanda, nazir müşavirədə bir mühüm faktı da açıqlayıb: “Mygov” platforması artıq yeni fəlsəfə ilə bizim istifadəçilərin xidmətinə təqdim edilmişdir. Yalnız ötən il biz təxminən 1,3 milyon yeni nadir istifadəçini “mygov”a gətirə bilmişik. Ötən ilin sonunda bu rəqəm 2,2 milyon təşkil edirdisə, bu ilin yanvar ayının sonuna bu rəqəm artıq təxminən 2,5 milyondur. İstifadəçi dedikdə biz ən azı ay ərzində bir dəfə “mygov” platformasından istifadə edən vətəndaşlarımızı nəzərdə tuturuq. İlin sonuna qədər bu rəqəmin təxminən beş milyona çatmasını planlaşdırırıq”.
    Beləliklə, Azərbaycanda idarəetmədə yeni səhifə açılır – məmurlar üçün süni intellektdən istifadə dövrü...

    Nicat Mahmudov


    Facebook-da paylaş