Neftçilər prospektindəki qatar relsləri ləğv edilir

Bakının Neftçilər prospektindəki qatar relslərinin ləğvinə başlanılıb.
Rubrika.az-ın APA TV-yə istinadən məlumatına görə, yanvarın 4-də relslərdən biri sökülüb, gecə saatlarında yerinə asfalt vurulub.
"Azəravtoyol" ASC-nin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi Namiq Alıcanov APA TV-yə bildirib ki, relslər şəhərin mərkəzində nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi üçün sökülür. Yaxın vaxtlarda Neftçilər prospektində qatar relsi qalmayacaq. Tıxaclara səbəb olmaması üçün söküntü işləri istirahət günləri aparılır. Növbəti istirahət günlərində qalan relslər də söküləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Neftçilər prospektində qatarın avtomobil yoluna çıxması, avtomobil sürücülərinin isə özlərini təhlükəyə atmasını əks etdirən video sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş, video xarici ölkə KİV-lərinə qədər gedib çıxmışdı. Bu yerdə bir müddət əvvəl yol qəzası da baş vermişdi.
rubrika.az
Facebook-da paylaş














