• Təcili yardım maşınlarına yol verməyən sürücülər cəzalandırılacaq

    Təcili yardım maşınlarına yol verməyən sürücülər cəzalandırılacaq

    "Bakıda təcili yardım maşınlarına yol verməyən sürücülər cəzalandırıla bilər”.

    Rubrika.az APA-ya istinadən bildirir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin operativ və hospital işləri üzrə müavini Murad Mirzəzadə bu gün keçirilən mətbuat konfransı zamanı bildirib.

    Onun sözlərinə görə, bu halları nəzərə alaraq təcili yardım stansiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq Səhiyyə Nazirliyinə və Bakı şəhər Baş Polis İdarəsinə göndərilib: "Təkliflərdə təcili yardım maşınlarının önünə və salonuna kameranın quraşdırılması əks olunub. Təcili yardım maşınlarının önünə quraşdırılan kameranın onlayn rejimdə işləməsi, zəruri və ehtiyac yarandığı halda təcili yardım maşınına yol verməyən maşının nömrəsini qeydə alaraq Bakı şəhər Baş Polis İdarəsinə göndərilməsi təkliflərdə qeyd olunub. Bundan sonra polis tərəfindən həmin sürücülərə qarşı hansısa tədbirlər görülə bilər. Ancaq hansı cəza və ya xəbərdarlığın olması sonradan müvafiq qurum tərəfindən müəyyənləşəcək".

    Bundan başqa bildirilib ki, təcili yardım maşınlarının salonunda da kameralar quraşdırılacaq: "Bəzən əhali tərəfindən həkimlərə, orta tibb işçilərinə təzyiq edilir. Təcili yardım maşınlarının salonunda quraşdırılacaq kameralar həkimin xəstəyə necə yardım göstərməsi, həkimə qarşı hansı təzyiqlərin edilməsi və digər halları qeydə alacaq. Əgər narazı hallar olarsa, kamera görüntülərinə baxılacaq və bu hallar araşdırılacaq".

    Stansiyanın baş həkiminin müavini İradə Əliyeva bildirib ki, keçən il ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən artıq ümumi müraciət daxil olub və bu da ötən illə müqayisədə 36 min dəfə çoxdur. O əlavə edib ki, ötən il ərzində uşaqlar üçün edilən çağırışların sayının 83 mindən çox olub, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı 13 mindən artıqdır: "Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox, miokard infarktı ilə müraciətlərin sayı 1000, hospitalizasiya 940-a yaxın, insultla müraciətlərin sayı 3300, hospitalizasiya 2950, doğuşla bağlı müraciətlərin sayı 3310, hospitalizasiya 3290, avtoqəza zamanı xəsarət alanların sayı 2420, hospitalizasiya 2125-dən artıq olub. Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Ötən il avtoqəza nəticəsində xəsarət alanların sayı 500 nəfər azalıb".

    İradə Əliyeva qeyd edib ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bir neçə növ sanitar avtomobillərlə - kütləvi hadisələr zamanı 6 nəfəri birdən daşıya bilən, qarlı-buzlu yollarda hərəkət edə bilən, laborator, reanimasion sanitar avtomobillərlə təmin edilib.

    Çağırış yerinə vaxtına çatmamağın əsas səbəblərindən biri də ünvanların düzgün bildirilməməsidir. Bu nəzərə alınaraq təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədilə yeni "Çağırış vərəqi" forması və onların elektron variantı hazırlanıb. "Çağırış vərəqi" forması planşetlərə yüklənərək təcili tibbi yardım həkimlərinin istifadəsinə veriləcək.

    Bundan başqa bildirilib ki, ötən il Bakıda evdə doğuşların sayı 2015-ci illə müqayisədə azalıb. 2015-ci ildə evdə doğuşların sayı 100 olubsa, 2016-cı ildə bu rəqəm 68 nəfər təşkil edib.

    Rubrika.az


    Facebook-da paylaş